Məhkəmə qərarları › İş №2(060)-4806/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4806/2023

29.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4806/2023 29.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Cavabdeh İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə verildiyi gündən xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin, həmçinin mediasiya xərci olaraq ödənilmiş 53 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1371/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 170 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi qət edilmişdir. Hazırda məhkəmə qətnaməsi ilə tutulan məbləğ indiki reallıqda uşağın saxlanılması üçün kifayət deyildir. Məhkəmə iclasında cavabdeh izahatında göstərdi ki, iddia tələbini qəbul etmir. Tələb olunan alimenti ödəyə bilməyəcəkdir. Məhkəmə hər ay qətnaməsi ilə müəyyən olunmuş 170 manat alimenti ödəyir. Hal-hazırda yeni ailə qurmuşdur. Yeni nikahından bir övladı vardır. Əgər alimentin məbləği artırılarsa o əziyyət çəkəcəkdir. Aylıq qazancı 350-500 manat aralığında dəyişir. Həmçinin, qeyd etdi ki, anası xəstədir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehin izahatını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir Belə ki, iş materiallarında olan: - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1371/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, tərəflər arasında xx.xx.2018-ci il tarixdə bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2019-cu il təvəllüdlü X2 iddiaçının yanında qalması və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. - İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İddiaçı mediasiyaya dair 50 manat xərci ödəmişdir, - Sumqayıt “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsinin verdiyi nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 arasında xx.xx.2022-ci il tarixdə rəsmi nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 1234 nömrəsi ilə qeydiyyat aparılmışdır. - Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X1 birgə nikahından xx.xx.2022-ci il təvəllüdlü X5 adlı övladları vardır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər xx.xx.2018-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü X4 adlı uşaq doğulmuşdur. xx.xx.2021-ci il tarixli məhkəmə qətnaməsi ilə həmin nikah pozulmuşdur. Həmin qətnamə ilə uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün ilə alimentin məbləği 170 manat müəyyən edilmişdir. Cavabdehin X3 ilə nikahlarından xx.xx.2022-ci il təvəllüdlü X5 adlı övladı vardır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1371/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş aliment miqdarı hazırda uşağın saxlanılması üçün kifayət etmir. Belə ki, uşağın böyüməsi ilə əlaqədar onun maddi tələbatları getdikcə artır, iddiaçı isə, övladını saxlamaqda maddi baxımdan çətinlik çəkir. Bu halda məhkəmə hesab edir ki, iddiaçının marağı əhəmiyyətli dərəcədə pozulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə görə, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə hesab edir ki, iddia təmin olunmalı, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1371/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli, cavabdehdən hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay 220 manat sabit pul məbləğində aliment tutulub uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıya verilməlidir. Belə ki, məhkəmə, qanunun qeyd edilən tələblərini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, yetkinlik yaşına çatmayan uşağın mənafeyini, həmçinin onun əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini eləcə də, tərəflərin diqqətəlayiq maraqlarını nəzərə alır. Məhkəmə, iddianın mediasiya xərci ilə bağlı olan hissəsini araşdıraraq hesab edir ki, iddia təmin edildiyindən tələb bu hissədə də təmin edilməli, cavabdehdən iddiaçı tərəfindən ödənilmiş 53 manat məbləğində mediasiya xərci iddiaçının xeyrinə tutulmalıdır. AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə qeyd edir ki, bir il ərzində alimentin artırılmış hissənin ödənilməli məcmu məbləği 1000 manatdan az olduğu üçün qanunvericiliyin tələbinə əsasən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1371/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin, Cavabdeh hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Cavabdeh ödənilmiş 53 manat mediasiya xərci İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin olunmasın. İddianın verilməsinə görə 30 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar