Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4807/2023 19.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4794/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını dəyişərək, cavabdehdən xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 220 manat sabit pul məbləğində alimentin və mediasiya üçün ödədiyi 50 manat rüsumun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının cavabdehlə rəsmi nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X2 anadan olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 4794/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə ayda 154 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulması qət edilmişdir. Cavabdehin ayda aliment kimi verdiyi 154 manat pulla hal-hazırda uşağı saxlamaqda çətinlik çəkir. Həmin məbləğ uşağın təlabatını ödəmir. Cavabdehin ayda 220 manat məbləğində aliment ödəməyə imkanı vardır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, cavabdeh onlara maddi yardım etmir. Özü hal-hazırda işləmir. Cavabdehin iş yeri, gəlirləri barədə məlumatı yoxdur. Cavabdeh əvvəllər hərbçi olub. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, maddi imkanı yoxdur. O, yenidən ailə həyatı qurub. Nikahı rəsmi deyil. Həmin nikahdan uşağı da var. Bir il hərbçi işləyib və sonra təxris olunub. Hazırda fəhlə işləyir. Qeyd edilənlərə əsasən cavabdeh iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəfindən iş üzrə aşağıdakı sübutlar tədqiq edilmişdir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1995-ci ildə anadan olmuşdur. Cavabdeh isə xx.xx.1989-cu ildə anadan olmuşdur. O, Sumqayıt şəhəri, 41-ci məhəllə, ev 9, mənzil 113. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4794/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2018-ci il tarixdən başlayaraq hər ay 154 manat və xx.xx.2018-ci il təvəllüdlü X1 03 yaşı tamam olanadık hər ay 50 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X2 xx.xx.2018-ci ildə anadan olmuşlar. Uşağın atası Cavabdeh, anası isə İddiaçıdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə (bundan sonra – Ailə Məcəlləsi) əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar (75.1.). Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.4.). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (78.1.). Ailə Məcəlləsində həmçinin nəzərdə tutulmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (112.1.). Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən uşaqlarını saxlamaq valideynlərin vəzifəsidir. Valideynlərdən aliment uşaqların mənafeyi üçün tutulur. Alimentin tutulmasında məqsəd valideynlərin öz vəzifələrini yerinə yetirməsi və uşaqların normal həyat səviyyəsinin təmin edilməsidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində göstərilmişdir ki, “məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat müəyyən edilsə də, bu vəsaitin ödənilməsi öhdəliyinin bunun üçün zəruri vəsaitə malik olub-olmaması aydınlaşdırılmadan yalnız bir tərəfin üzərinə qoymaq olmaz. İddiaçı xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 220 manat sabit pul məbləğində tələb etsə də, cavabdehin həmin məbləğdə aliment ödəməyə malik olması barədə sübut təqdim edə bilməmişdir. Eyni zamanda cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş tibbi arayışdan görünür ki, cavabdehin başqa bir uşağı da vardır. Bu səbəbdən məhkəmə tərəflərin maddi vəziyyətləri, diqqətəlayiq hallar, yetkinlik yaşına çatmayan uşağın mənafeyi nəzərə alınmaqla uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4794/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay 200 manat məbləğində müəyyən edilməlidir. İddiaçı eyni zamanda mediasiya xərcinin ona qaytarılmasını xahiş etmişdir. Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsində nəzərdə tutulmuşdur ki, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göründüyü kimi tərəflər arasında keçirilən mediasiya proseduru zamanı iddiaçı bütün mediasiya xərcini ödəmiş, mediasiya proseduru barışıq sazişi ilə yekunlaşmışdır. Bu səbəbdən iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4794/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə tutulmuş alimentin miqdarı dəyişdirilərək, hər ay 200 (iki yüz) manat sabit pul məbləğində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. Alimentin Cavabdeh İddiaçı xeyrinə artırılmış formada tutulması hazırkı qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-4807/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4807/2023
19.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver