Məhkəmə qərarları › İş №2(060)-4808/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4808/2023

13.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4808/2023 13.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı "alimentin artırılması tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı "alimentin artırılması tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.1996-cı ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan beş övladları var: xx.xx.1997-ci il təvəllüdlü X10, xx.xx.2001-ci il təvəllüdlü X6, xx.xx.2004-cü il təvəllüdlü X9, xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X11. xx.xx.1997-ci il təvəllüdlü X10, xx.xx.2001-ci il təvəllüdlü X6 və xx.xx.2004-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatıblar. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1987/2021-ci il tarixli qətnaməsi ilə aralarında olan rəsmi nikahın pozulması və birgə nikahdan olan uşaqların iddiaçının himayəsinə verilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 5317/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2021-ci il tarixdən etibarən xx.xx.2004cü il təvəllüdlü X9, xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay bir uşaq üçün 100 manat olmaqla, cəmi üç uşağa görə 300 manat sabit pul məbləğində alimentin Cavabdeh tutulub iddiaçıya verilməsi qət edilmişdir. Yuxarıda qeyd edildiyi kimi xx.xx.2004-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatıb. Hazırda iddiaçı iki uşağa görə 200 manat məbləğində aliment alır. Həmin məbləğdə alimentlə uşaqları saxlamaqda çətinlik çəkir. Cavabdeh isə iddiaçıya əlavə olaraq heç bir köməklik etmir. Uşaqların böyüməsi ilə əlaqədar olaraq onların tələbatları da günü-gündən artır. Uşaqların mənafeyi, onların normal, yəni qida rasionlarına uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafı məhkəmə tərəfindən nəzərə alınmalıdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5317/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli və cavabdehdən hər ay bir uşaq üçün 220 manat olmaqla cəmi iki uşağa görə 440 manat sabit pul məbləğində aliment tutulub, birgə nikahdan olan xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxıanılmaları üçün iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5317/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını dəyişərək, Cavabdeh hər ay bir uşaq üçün 220 manat olmaqla, cəmi iki uşağa görə 440 manat sabit pul məbləğində alimentin tutulub, birgə nikahdan olan xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçıya verilməsi, həmçinin mediasiya üçün ödədiyi 50 manat rüsumun da cavabdehə aid edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasında Cavabdeh izahat verərək, bildirmişdir ki, birgə nikahdan olan uşaqlardan ikisi onun himayəsindədir. Uşaqların saxlanılması hər iki valideyinin borcudur. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinə etiraz edərək, bildirmişdir ki, cavabdeh müəyyənləşdirilmiş aliment məbləğini belə çətinliklə ödəyir. İddiaçının fərqli şirkətlərdə işləməsini, cavabdehin qazancının az olmasını nəzərə alaraq, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

7. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 öz ifadəsində göstərmişdir ki, anası İddiaçı nikah pozulmamışdan əvvəl də, hazırda da “Oriflame” şirkətində işləyir. Daha sonra “Herbalife” şirkəti ilə də işləməyə başlamışdır. Kuryerdən malların götürülməsi zamanı şəkil və videoları o çəkmişdir. Səbəbi isə bundan ibarət olmuşdur ki, proses gedişatıdır və işləməsi bu şəkildə sübuta yetirilə bilər. İddiaçı bir ana olaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki o, övladlarını döyərək incitmişdir.

9. İş materiallarında olan Mingəçevir VVAQ şöbəsi tərəfindən xx.xx.1997-ci il tarixdə verilmiş ХİХ- ЖГ № 309939 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 16 may 1997-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, atası Cavabdeh, anası isə X2r.

10. İş materiallarında olan Sumqayıt şəhər VVAQ şöbəsi tərəfindən xx.xx.2002-ci il tarixdə verilmiş AZ-İ № 143811 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 27 dekabr 2001ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası Cavabdeh, anası isə X2r.

11. İş materiallarında olan Sumqayıt şəhər VVAQ şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZ-İ № 571207 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 18 dekabr 2004cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası Cavabdeh, anası isə X2r.

12. İş materiallarında olan Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AZ-İİİ № 281270 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 26 fevral 2014-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası Cavabdeh, anası isə X2r.

13. İş materiallarında olan Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İİİ № 704758 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 27 yanvar 2016-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası Cavabdeh, anası isə X2r.

14. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)- 5317/2021 saylı qətnaməsinə əsasən, iddia qismən təmin edilmiş, 02 iyun 2021-ci il tarixdən etibarən xx.xx.2004-cü il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, 300 manat miqdarında alimentin Cavabdeh tutularaq X4 verilməsi, iddianın verilməsinə görə 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi, qətnamə dərhal icra edilməsi qət edilmişdir.

15. İş materiallarında olan xx.xx.2023-cü il tarixli,MŞS/MT030/2023-01030 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışa əsasən, İddiaçı 50 manat məbləğində mediasiya xərci ödəmişdir.

16. İş materiallarına əlavə edilmiş «Elektron Məhkəmə» sistemindən olan çıxarışa əsasən Cavabdeh yığıcı, saatlar vəzifəsində çalışır və aylıq maaşı isə 250 manatdır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

17. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin nikah münasibətlərindən beş uşaqları anadan olmuş, onlardan üçü yetkinlik yaşlarına çatmış, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-5317/2021 saylı qətnaməsinə əsasən, 02 iyun 2021-ci il tarixdən etibarən xx.xx.2004-cü il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay, hər uşaq üçün 100 manat olmaqla, 300 manat miqdarında alimentin Cavabdeh tutularaq X4 verilməsi qət edilmişdir. Hazırda iddiaçı övladları barəsində Sumqayıt Şəhər Məhkəməsi tərəfindən təyin edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən hər ay, hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat məbləğində alimentin tutulmasını tələb edir. Cavabdeh tərəf isə iddia tələbinə etiraz edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

18. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.

19. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

20. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.

21. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

22. Eyni Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

23. Həmçinin, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

24. Məhkəmə, hazırda uşaqların saxlanılmaları üçün cavabdeh tərəfindən ödənilən alimentin uşaqların saxlanmalarına kifayət etməməsi ilə bağlı iddiaçının izahatını, cavabdehin izahatını, birgə nikahdan olan iki övladlarının cavabdehin yanında olmalarını, tərəflərin iş yerlərini və əmək haqlarını nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay, hər uşaq üçün 160 manat, cəmi 320 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması məqsədəmüvafiqdir.

25. Məhkəmə qeyd edir ki, uşaqlardan ayrı yaşayan valideynlərdən birinin üzərinə aliment öhdəliyinin qoyulması birmənalı olaraq həmin tərəfin uşağın əvvəlki təminat səviyyəsini tam təmin etməsi və yaxud digər tərəfin uşağın saxlanması üçün tələb olunan bütün xərclərdən azad edilməsi anlamına gəlmir. Çünki uşağın ləyaqətli şəraitdə yaşaması və böyüməsi üçün tələb olunan bütün digər zəruri xərclər onun himayəsində qaldığı valideyinin üzərinə düşür. Həmçinin, yetkinlik yaşına çatmayan uşaqların anasının himayəsində olması, gündəlik qayğıları ilə ananın təkbaşına məşğul olması, uşaqların atalarının diqqətindən və qayğısından kənar qalması da nəzərə alınmalıdır.

26. Məhkəmə qeyd edir ki, iddiaçı tərəf hər ay sabit pul məbləğində 440 manat miqdarında alimentin tutulmasını tələb etsə də, cavabdehin həmin məbləğdə aliment ödəməyə maddi imkanının olduğunu, alimentin məhz həmin məbləğdə tutulması üçün zərurətin mövcudluğunu təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.

27. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci hissəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir.

28. Həmin maddənin 2-ci hissəsinə görə kişi və qadının eyni hüquqları və azadlıqları vardır.

29. Həmçinin, Konstitusiyanın 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

30. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1, 29.2-ci maddələrinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir.

31. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.

32. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd olunan qanunun normaların mənasından da göründüyü kimi valideynlər öz uşaqlarının saxlanmasında və uşaqları ilə bağlı bütün digər məsələlərin həll olunmasında (tərbiyə, təhsil və s.) bərabər hüquqlara malik olmaqla yanaşı, eyni həcmdə vəzifələr də daşımalıdırlar. Bu ona dəlalət edir ki, Cavabdeh bir valideyn kimi uşaqlarını maddi cəhətdən təmin etməyə borclu olduğu kimi, İddiaçı da valideyn olaraq öz uşağını saxlamağa borcludur.

33. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır.

34. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər.

35. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

36. Məhkəmə iddia tələbinin “mediasiya xidmətinin göstərilməsi ilə bağlı ödənilmiş 50 manat rüsumun cavabdehdən tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə də təmin edilməməlidir.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

38. Məhkəmə mülki mübahisələr üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq, belə qənaətə gəlir ki, ödənilmiş mediasiya xərci iddiaçıya aid edilməlidir.

39. Beləliklə, məhkəmə tərəflərin ailə və maddi vəziyyətini, bununla yanaşı birgə nikahdan olan uşaqların üstün maraqlarını və minimum maddi təminat almaq hüququnu, məhkəmə qətnaməsinin qəbul edildiyi dövrdən müəyyən müddət keçdiyini və bu müddət ərzində uşaqların böyüməklə tələbatlarının da artdığını nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-5317/2021 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq hər ay, hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

42. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

43. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

44. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

45. Həmçinin, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

46. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

47. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

48. Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.

49. Alimentin artırılması ilə bağlı iddiaların hesablanması zamanı əvvəlki qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı nəzərə alınmalıdır.

50. Göründüyü kimi əvvəlki qətnamə ilə alimentin məbləği sabit məbləğdə ümumilikdə 200 manat müəyyən edilmişdir. Hazırda 440 manat alimentin tutulması tələb edilir. Belə olan halda (440- 200=220 manat. 220 manat x 12 ay = 2640 manat) iddianın qiyməti 1.000 manatdan çox olduğu üçün 46,4 manat dövlət rüsumu ödəniləcəkdir.

51. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həddində dövlət rüsumu ödənilir.

52. Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddianın qiyməti 1000 manatdan çox olduğundan, cavabdehdən 46,4 manat məbləğində dövlət rüsumu tutulmaqla dövlət gəlirlərinə alınmalıdır.

Nəticə hissəsi:

53. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-5317/2021 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, hər ay, hər uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla, ümumilikdə 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 46,4 (qırx altı manat, qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar