Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4812/2021 01.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı və vəkili Vəkil Abhüseyn oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair mülki işə 01 noyabr 2021-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh1 arasında 32 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən bağlanmış 18.09.2019-cu il tarixli, 3M-818 saylı kredit müqaviləsinə əsasən 51000 manat məbləğində pulun, Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən 2125 manat gecikdirilmiş faiz, 31 manat dövlət rüsumunun, əldən çıxmış fayda kimi 2000 manat məbləğində maddi zərərin və vəkil orderi üçün ödədiyi 300 manat pulun cavabdehlərdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, onunla Cavabdeh1 arasında 32 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən 18.09.2019-cu il tarixdə 3M-818 nömrə ilə qeydə alınmış kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən Cavabdeh1 18.09.2020-ci il tarixə kimi borca aldığı 51 000 ( əlli bir min) manat məbləğində pulunu qaytarmalı idi. Lakin o, bu günə kimi ona olan borcunu qaytarmamışdır. Borcun qaytarılıması barədə Cavabdeh1 ev ünvanına və mobil nömrəsinə dəfələrlə bildirişlər göndərsə də Rəşad bu günə kimi borcunu ödəməmişdir. Ona görə də onun barəsində Sumqayıt şəhər məhkəməsinə pul tələbinə dair iddia ərizəsi ilə müraciət etmək məcburiyyətindədir. Çünki Cavabdeh1 51 000 manat məbləğində ona borclu olduğu pulunu mənimsəyərək əsassız varlanaraq qazanc əldə etmişdir. O isə əmlakından (pulundan) məhrum olmaqla ağır maddi duruma düşmüşdür. Onun pulunu qaytarmadığına görə Cavabdeh1 atası Elman ilə şəxsən bir neçə dəfə görüşmüş, atası ona söz verərək zamin durub bildirmişdir ki, oğlunun hər ay adına Kamal adlı şəxsin əlaqə nömrəsi 077 *** ** ** saylı mobil telefon vasitəsi ilə Ukraynaya 5 000 manata yaxın pul göndərilir. O, həmin pulu oğlunun borcunun yerinə ona ödəyəcəkdir. Lakin Rəşadın atası Elman da onu aldatmışdır. Oğlunun ondan borca götürdüyü 51 000 manat pulunu qaytarmaq əvəzinə gəlini Rəfiyeva Mələyi də X1 işdən çıxardaraq əri Rəşadın yanına Ukraynaya göndərmişdir. Bu səbəbdən iddia tələbi bütün cavabdehlərə qarşı təmin edilməlidir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil Abhüseyn oğlu iddia ərizəsinə uyğun izahat verdi və əlavə olara bildirdi ki, iddiaçı və Cavabdeh3 arasında olan və məhkəməyə təqdim edilmiş telefon danışıqlarında Rəşadın atası tərəfindən pulun Şahinə veriləcəyi bildirilir. Lakin o, heç bir halda verdiyi vədə əməl etmir. Rəşadın Şahinə olan borcunu ödəmək üçün göndərdiyi pullarla Cavabdeh3 özünə yeni maşın alır. Bu həmin avtomaşının hərəkəti barədə elektron çıxarışdan da görünür. Beləliklə cavabdehlər Şahinə olan borclarını qaytarmaqda maraqlı deyillər. Sözügedən hadisə birgə nikah dövründə baş verdiyindən hesab edir ki, tələb edilən pul Cavabdeh1lə, onun atası Cavabdeh3lə yanaşı Rəşadın arvadı Sevda Rəfiyevadan da birgə qaydada tutulmalıdır. Eyni zamanda vəkil Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinə uyğun hesablanmış faizlərin tutulması hissəsində qeyd etdi ki, Mərkəzi Bankın rəsmi internet səhifəsində 18.09.2020-ci il tarixdən 18.12.2020-ci il tarixə kimi uçot faiz dərəcəsi 6,25% müəyyən edilmişdir 51.000 manat * 6.25 % uçot faiz dərəcəsi = 3.187,5 manat, 3.187,5 / 12 ay = 265.625 manat * 8 ay gecikdirilmiş ay = 2,125 manat təşkil edir. Qeyd edilənlərə əsasən iddiaçının vəkili iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SS747043250AZ saylı poçt göndərişinin təqdim edilməsi barədə xəbərnaməyə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişlərə əsasən) bildiriş göndərilsə də, cavabdehlər məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materillarına əlavə olunmuş İddiaçı ilə Cavabdeh1 arasında notarial qaydada bağlanmış 18.09.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı 18.09.2020-ci il tarixədək qaytarmaq şərti ilə Cavabdeh1 51.000 (əlli bir min) manat məbləğində borc pul vermişdir. İşdə olan "xxxx" ASC-nin 26.08.2021-ci il tarixli məktubundan görünür ki, X2 "xxxx" ASC-də Z21PAHA41010 AZNFK********** nömrəli hesabı aşkarlanmış və həmin hesab üzrə ümumi bank hesabının qalığı 2.03 AZN təşkil edir. Məktubda sorğulanan digər şəxslərin adlarına isə "xxxx" ASC-də 26.08.2021-ci il tarixinə heç bir bank hesabı mövcud deyildir. İşdə materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Mərkəzi Bankının 10.08.2021-ci il tarixli məktubundan görünür ki, fiziki və ya hüquqi şəxslərin bank hesabları, habelə həmin hesablar üzrə aparılmış əməliyyatlar barədə məlumatlar Mərkəzi Bankda toplanılmır. Sorğu edilən məlumatların Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 967-ci və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddələrinə uyğun olaraq bank sirrini təşkil edir və bu cür məlumatlar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında bilavasitə Kommersiya bankları tərəfindən verildiyi və Azərbaycan Respublikasında fəaliyyət göstərən kommersiya banklarının rekvizitləri barədə ətraflı məlumatların Mərkəzi Bankın rəsmi internet səhifəsindən əldə oluna biləcəyi qeyd olunmuşdur. İşdə olan "xxxx" ASC-nin 22.09.2021-ci il tarixli məktubundan görünür ki, Cavabdeh1 adına 20.09.2021-ci il tarixə qalığı 0,00 olan ******************** nömrəli cari, Cavabdeh3 adına qalığı 20,20 (manat olan 410100C**********125 nömrəli cari, qalığı 20,20 manat olan ******************** (birkart kredit xətti) nömrəli kart, Cavabdeh2 qıznının adına qalığı 0.00 olan ********************5, ********************, ********************, nömrəli kart qalığı 0,00 olan 410100C**********125, ********************, ********************, ******************** nömrəli cari hesabları aşkar edilmişdir. Məhkəmə iddiaçını və vəkilini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh1 arasında 18.09.2019-cu il tarixli kredit müqaviləsi imzalanmış, iddiaçı tərəf müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, Cavabdeh1 müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqavilələri üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməməklə həmin müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 18.09.2019-cu il tarixli müqavilə üzrə yaranmış 51.000 manat məbləğində borcun Cavabdeh1 iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbi əsaslıdır. Lakin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 18.09.2019-cu il tarixli kredit müqaviləsinin tərəfi olmadığından və həmin müqavilə üzərlərinə hər hansı öhdəlik götürmədiyindən məhkəmə hesab edir ki, onlara münasibətdə iddia tələbi təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən 2,125 manat gecikdirilmiş faiz kimi pul vəsaitinin iddiaçının dövriyyəsindən çıxarmaqla özündə saxlaması ilə əlaqədar Azərbaycan Respublikasının Mərkəzi Bankının uçot dərəcəsinə müvafıq olaraq illik beş faizinin, yəni 2125 manat pul vəsaitinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi hissəsində də təmin edilməməlidir. Belə ki, həmin hissədə iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, şərh olunan normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda, gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Məhkəmə hesab edir ki, hazırki iş üzrə İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinə istinad edərək Cavabdeh1 ona borclu olduğu 51000 manat məbləğində pulu ona qaytarmamaqla ondan faydalandığına istinad edərək həmin pulun müəyyən faizi qismində hesablanmış 2125 manat məbləğində pulun tutulmasını xahiş etsə də, o, məhkəməyə Cavabdeh1 sözügedən məbləği qaytarmayaraq ondan istifadə etməklə müəyyən fayda, gəlir, artım, bəhər və s. əldə etdiyini, yəni həmin məbləğdən faydalandığını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Məhkəmə iddia tələbinin cavabdehlərdən əldən çıxmış fayda kimi 2000 manat məbləğində pulun tutulması hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, əldən çıxmış fayda dedikdə, hüququ pozulmasaydı, şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin başa düşülməsini nəzərdə tutur. Bu mənada əldən çıxmış fayda ehtimala əsaslanır. Burada zərər, şəxsin əmlakında zərər vurmadan sonrakı vəziyyət və zərər vurma olmasaydı, baş verməsi ehtimal olunan vəziyyət arasındakı fərqi ifadə edir. Bu baxımdan, zərər vurma olmasaydı, zərər çəkən şəxsin əmlakında bir artımın olacağından əmin olmaq zəruridir. Belə bir artımın olma ehtimalının əsaslılığını sübut etmək vəzifəsi isə iddiaçının üzərinə düşür. Lakin iş materiallarından da göründüyü kimi, iddiaçı ona əldən çıxmış fayda şəklində zərər dəyməsini əsaslandırmamış və bu halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, Mülki Məcəllənin 443.4-cü maddəsinə görə, əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehlərdən əldən çıxmış fayda kimi 2000 manat məbləğində pulun tutulması hissəsində də iddia tələbi təmin edilməməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində çəkilmiş zəruri xərclərlə (vəkilin orderi üçün ödənilmiş) əlaqədar cavabdehlərdən həm də 300 manat məbləğində pulun tutulmasını xahiş etsə də, həmin xərclərə dair ərizəsinə hər hansı sübut əlavə etmədiyindən iddia həmin hissədə də təmin edilməməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. (Azərbaycan Respublikası MPM 81-ci maddə) Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia qismən (təxminən 90 faiz) təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 28 (iyirmi səkkiz) manat məbləğində pul Cavabdeh1 tutularaq iddiaçıya ödənilməli, 3 (üç) manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 18.09.2019-cu il tarixli, 3M-818 saylı kredit müqaviləsinə əsasən 51000 (əlli bir min) manat məbləğində pul və 28 (iyirmi səkkiz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-4812/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4812/2021
01.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver