Məhkəmə qərarları › İş №2(060)-4836/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4836/2022

02.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4836/2022 02.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X21 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı Söhrabnovnanın nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Söhrabnovnanın Cavabdeh qarşı “aliment məbləğinin yenidən hesablanması və həcminin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Söhrabnovnanın Cavabdeh qarşı “aliment məbləğinin yenidən hesablanması və həcminin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 01 avqust 2016-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında olan nikah pozulmuşdur. Həmin qətnamə ilə xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 28 iyun 2016-cı il tarixdən başlayaraq Cavabdeh hər ay 100 (yüz) manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. Lakin, həmin vaxtdan başlayaraq cavabdeh birgə nikahından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X5 xeyrinə yetkinlik yaşına çatana kimi saxlanılması üçün heç bir maddi kömək göstərməmişdir. Belə ki, cavabdeh birgə nikahdan olan övladının Azərbaycandan xaricə çıxarılmasına razılıq verməsi şərti ilə ona mənəvi və psixoloji təzyiq göstərmiş və onu həmin alimenti tələb etməkdən imtina edilməsi barədə ərizə yazmağa vadar etdirmişdir. Nəticədə o, Rusiyada yaşamağı ilə əlaqədar məcbur olub həmin vaxtlar alimenti qəbul etməkdən məcburiyyət qarşısında imtina etmişdir. Hazırda isə dəfələrlə xx.xx.2012-ci il təvəllüdlü X2 üçün aliment ödəməsini tələb etsə də, cavabdeh həmin illərdə olduğu kimi, indiki dövr üçün də alimenti ödəməkdən qərəzli olaraq imtina etmişdir. xx.xx.2021-ci il tarixdə onunla Cavabdeh arasında Sumqayıt Şəhər Mediasiya Şurasında 2021-008442 saylı barışıq sazişi bağlanmışdır. Lakin cavabdeh eyni zamanda saziş üzrə cəmi 130 manat müəyyən edilmiş alimenti də tam ödəməmişdir. Hal-hazırda oğlunun 10 yaşı var. Sumqayıt Şəhər Məhkəməsinin 01 avqust 2016 il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşaq orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu dəyişdirilmiş və 2022-ci ildə hər uşaq üçün 193 manat müəyyən edilmişdir. Eyni zamanda da hazırda onun Rusiyada yaşamağı ilə əlaqədar son aylar baş vermiş iqtisadi böhran və rus pulunun dəyərinin düşməsi onun və övladının xərclərinin artmasına səbəb olmuşdur. Bu səbəbdən də xx.xx.2012-ci il təvəllüdlü X1 son illərdə daha çox maddi çətinliklərlə üzləşir. Uşağın bütün qayğısını, ehtiyacını tamamilə o çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq onun üçün çox çətindir. Hazırda həm əvvəlki dövrlər üçün, həm də indiki dövr üçün aliment hissəsinin və müəyyən olunmuş alimentin miqdarının artırılması hüququnun bərpa olunmasını istəyir. Buna görə də övladı xx.xx.2012-ci il təvəllüdlü X5 xeyrinə Sumqayıt Şəhər Məhkəməsinin 01 avqust 2016-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin həmin dövrlər üçün nəticə etibarı ilə qanunsuz olaraq ödənilməyən hissəsi və xx.xx.2021-ci il tarixdə Sumqayıt Şəhər Mediasiya Şurasında 2021-008442 saziş üzrə müəyyən edilmiş 130 manat məbləğin bu günə qədər ödənilməyən hissəsi yenidən hesablanmaqla ona ödənilməlidir. Bundan əlavə Sumqayıt Şəhər Məhkəməsinin 01 avqust 2016-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş və xx.xx.2021-ci il tarixdə Sumqayıt Şəhər Mediasiya şurasında 2021-008442 saziş üzrə müəyyən edilmiş 130 manat aliment məbləğinin Respublika üzrə 2022-ci il üçün hər uşaq üçün yaşayış minumumu müəyyən olunmuş 193 manat yaşayış minumumu həddində artırılması barədə qətnamə qət edilməlidir. Qeyd olunanlara əsasən məhkəmədən Cavabdeh yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Sumqayıt Şəhər Məhkəməsinin 01 avqust 2016-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş 100 manat alimentin məbləğinin 193 manat məbləğində artırılmaqla hər ay olmaqla mediasiyaya müraciət olunan xx.xx.2022-ci il tarixdən hesablanmaqla onun xeyrinə tutulması, xx.xx.2012-ci il təvəllüdlü X5 xeyrinə Sumqayıt Şəhər Məhkəməsinin 01 avqust 2016-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentdən onun imtinasının qanunsuz iradə ifadəsi kimi etibarsız hesab edilməsi, imtina barədə ərizə verilən gündən bu günə qədər ödənilməyən hissəsisinin yenidən hesablanmaqla xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh onun xeyrinə tutulması, xx.xx.2012-ci i! təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Sumqayıt Şəhər Mediasıya Şurasında 2021-008442 saylı barışıq saziş üzrə müəyyən edilmiş 130 manat məbləğin bu günə qədər ödənilməyən hissəsinin yenidən hesablanmaqla və mediasiya Şurasına ödənilən 50 manatın Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Söhrabnovnanın nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək Cavabdeh əmək haqqının ¼ hissəsində övladı xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Sumqayıt Şəhər Məhkəməsinin 01 avqust 2016-cı il tarixli qətnaməsi ilə müəyyən olunmuş 100 manat aliment məbləğinin 193 manat sabit pul məbləğində deyil, 250 manat həddə qədər artırılmaqla mediasiyaya müraciət olunan gündən hesablanmaqla onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə iddia tələbinə etiraz təqdim edərək etirazının onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 01 avqust 2016-ci il tarixli 2(060)- 1043/2016 saylı qətnaməsi ilə xx.xx.2012-ci il təllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün 28 iyun 2016-cı il tarixdən başlayaraq ondan hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X15 verilməsi qət edilmişdir. Həmin vaxtdan alimenti ödəyir. İddiaçı daimi yaşadığı Rusiyaya gedərkən uşağı da özü ilə aparmamış, oğlu onun himayəsində qalmış və uşağı 8 ay müddətində o saxlamışdır. Həmin müddətdə ondan aliment tutulmasını dayandırmamışdır. O, uşağın öz yanında və humayəsində olması barədə icra məmuruna məlumat verdikdən sonra alimentin tutulması dayandırılmışdır. Dəfələrlə uşağa, ona və atasına mənəvi və maddi zərər vurmuşdur. X4 nəvəsini görmək üçün sovqat götürüb 2 dəfə qış aylarında Rusiyaya getmiş, lakin iddiaçı müxtəlif əsassız bəhanələrlə onu nəvəsi ilə görüşdürməmiş, eyni anda sovqatı qəbul etməmiş, uşağa verməmişdir. 2020-ci ilin dekabrında babası nəvəsinə təzə il münasibətilə 100 ABŞ dolları göndərmiş, lakin tələbkar həmin pulu götürməyərək imtina etmişdir. İddiaçı iddiasında 3 tələb qoymuş, lakin heç birini mötəbər dəlillərlə əsaslandırmamış və müvafiq qanuna istinad edilməmişdir. 3 mart 2017-ci il tarixdə tələbkar İddiaçı onunla qarşılıqlı razılıqla, yəni onun alimenti könüllü ödəyəcəyinə əmin olduqdan sonra alimentdən imtina etmiş və bu barədə yazılı ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinin icra şöbəsinə müraciət etmiş və icra dayanmışdır. Bu müddət ərzində alimenti ödəmişdir. Ona görə də iddiaçının bu barədə heç bir şikayəti olmamışdır. 03 dekabr 2021-ci il tarixdə İddiaçı alimentin miqdarının artırılması barədə ərizə ilə mediasiyaya müraciət etmişdir. Mediasiyada onu X4 nümayəndə kimi təmsil etmiş, İddiaçı isə vəkili və nümayəndəsi Rövşanə Əliyeva təmsil etmişdir. Mediasiyada atası onun maaşının az olmasını, özünün isə pensiyaçı olmasını demiş, ancaq nəvəsinin saxlanmasına maddi kömək edəcəyini bildirmişdir. Atası həmçinin onunla birlikdə ayda maksimum 130 manat aliment ödəyə biləcəklərini demişdir. İddiaçının vəkili və nümayəndədəsi Rövşanə Əliyeva isə əgər Mediasiya rüsumu 50 manat və xidmət haqqı 100 manat, cəmi 150 manatı ödəsəniz uşaq üçün ayda 130 manat aliment ödənilməsinə razı olduqlarını bildirmişdir. Atası da onun adından mediasiyaya 150 manat ödəmişdir. 24 dekabr 2021-ci il tarixdə tərəflər arasında barışıq sazişi bağlanmışdır. 24 dekabr 2021-ci il tarixdə eyni zamanda mediasiya prosesinin tətbiqi və mediasiya xidmətlərinin göstərilməsi barədə tərəflər arasında 2021- 008442 saylı müqavilə də bağlanmışdır. Həmin vaxtdan uşağın saxlanması üçün ayda 130 manat ödəyir və hazırda aliment borcu yoxdur. Bu faktlar əyani sübut edir ki,iddiaçının iddia ərizəsində yazdıqları həqiqəti əks etdirmir. Ona görə də iddiası təmin olunmamalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı Söhrabnovnanın nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirdi ki, tərəflər arasında bağlanmış nikah Sumqayıt Şəhər Məhkəməsinin 01 avqust 2016-ci il tarixli qətnaməsi ilə pozulmuş, xx.xx.2012-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 100 mant sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması qət edilmişdir. İddiaçı ilə cavabdeh arasında 2021-ci ildə barışıq sazişi bağlanmış, alimentin məbləği 130 manat müəyyən edilmişdir. Hazırda iddiaçı cavabdehin gəlirinin ***-**** manat olmasını bildirir. Bu səbəbdən məhkəmədən uşağın əvvəlki yaşayış səviyyəsinin saxlanması üçün 250 manat sabit pul məbləğində alimentin tutulması, həmçinin alimentdən iddiaçının imtinasının əsassız sayılaraq ödənilməyən illər üzrə aliment məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, hazırda ailəlidir, 2 övladı var. Əvvəlki nikahdan olan övladı xx.xx.2012-ci il təvəllüdlü X3 üçün barışıq sazişi bağlandığı vaxtdan müntəzəm olaraq, sonuncu dəfə avqust ayında 131,60 manat ödəniş etmişdir. 2016-cı ildə iddiaçı ilə nikahları pozulmuş, məhkəmə qətnaməsi ilə uşağın iddiaçıda saxlanması qət olunsa da, İddiaçı Rusiyaya getdiyindən uşağa özü baxmışdır. Övladı 8 ay onun yanında qalmışdır. Bu müddətdən sonra İcra İdarəsindən onu çağıraraq 800 manat aliment borcu olduğunu bildirmişlər. O, uşağın onun yanında olduğunu bildirmiş, Mənzil Komunal Sahəsi tərəfindən verilmiş arayışı və qonşuların izahatını İcra İdarəsinə təqdim etdikdən sonra aliment borcu silinmişdir. Ümumiyyətlə iddiaçı ilə münasibətləri pis olmamışdır. İddiaçı uşağı aparanda etiraz etməmişdir. Daimi işi olmadığına görə aliment borcunu vaxtlı-vaxtında ödəyə bilməyəcəyi və buna görə həbs oluna biləcəyini düşünərək iddiaçıya müraciət etmiş, o da alimentdən imtinaya dair ərizə yazmışdır. Bu müddət ərzində hər ay olmasa da, mütəmadi olaraq 100-200 dollar ödəniş etmiş, oğlu ilə danışmış, görüşmüşdür. Lakin bir müddət sonra 2018-ci ildə münasibətləri kəsilmişdir. İddiaçının da alimentdən imtinası olduğuna görə ondan aliment tələb olunmamışdır. 2021-ci ildə aralarında barışıq sazişi imzalanmış, alimentin məbləği 130 manat müəyyən edilmişdir. İşlədiyi və ödəniş edə biləcəyi üçün heç bir etirazı olmamışdır. Hazırda da alimenti vaxtlı-vaxtında ödəyir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirdi ki, cavabdeh aliment borcunu vaxtında ödəmiş, iddiaçı imtinaya dair ərizə yazandan sonra belə Cavabdeh tərəfindən ödəniş edilmişdir. Əgər belə olmasa idi, qeyd olunan müddət ərzində iddiaçı müvafiq orqanlara müraciət edərdi. Bu səbəbdən iddiaçının indiki halda əvvəlki dövr üçün aliment məbləğini tələb etməsi əsassızdır. Cavabdehin himayəsində iki azyaşlı övladı var. Bunun da nəzərə alınaraq məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, ilkin mediasiya sessiyasında İddiaçı Söhrabnovnanın etibarnamə üzrə nümayəndəsi Vəkil2 iştirak etmişdir. Cavabdeh həmin ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 10 gün əvvəlcədən poçt vasitəsi ilə məlumatlandırılsa da, sessiyada iştirak etməmişdir. İddiaçı Söhrabnovnanın etibarnamə üzrə nümayəndəsi Vəkil2 tərəfindən 50 manat məbləğində mediasiya xərci ödənilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(060)-10743/2016 saylı qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilərək, Cavabdeh ilə X20 arasında Sumqayıt şəhər qeydiyyat şöbəsində 2011-ci ilin iyul ayının 28-ci günündə akt qeydləri kitabında 1252 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikahın pozulmasından sonra xx.xx.2012-ci il təvəllüdlü X8 anası X14 yanında qalması, xx.xx.2012-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanması üçün 28 iyun 2016-cı il tarixindən başlayaraq Cavabdeh hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X15 verilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt şəhəri üzrə İcra İdarəsinə ünvanlanmış xx.xx.2017-ci il tarixli ərizədən görünür ki, Cavabdeh iddiaçı ilə razılığa gəldiklərini, 10 gün müddətində oğlu xx.xx.2012-ci il təvəllüdlü X12 anasının himayəsinə verəcəyi, razılaşmaya əsasən İddiaçı aliment tələbindən imtina edəcəkdir. İş materiallarında olan 989275 və 989276 №li qəbzlərdən görünür ki, Cavabdeh ilkin mediasiya üçün 50 manat və tam mediasiya üçün 100 manat məbləğində ödəniş etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 2021-008442 №-li barışıq sazişindən görünür ki, tərəflər İddiaçı (Birinci tərəf) və Cavabdeh (İkinci tərəf) arasındakı mübahisə birlikdə ismin müvafiq hallarında “Tərəflər" adlanacaq) aralarındakı fikir ayrılığı və mübahisəni qarşılıqlı razılıqla həll etmək üçün, həmçinin adı aşağıda qeyd edilən, mediasiya reyestrində M-00071 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X13 (bundan sonra "Mediator") iştirakı ilə aşağıdakı şərtlər barədə bu Sazişi (bundan sonra "Saziş") imzaladılar. Maddə 1. Mübahisənin qısa təsviri 1.1. Birinci tərəfin tələbi-18 iyun 2012-cİ il təvəllüdlü X10 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay birinci tərəfin xeyrinə sabit pul məbləğində alimentin ödənilməsi barədə Maddə 2. Barışığın şərtləri 2.1. Mediasiya prosesində hər iki tərəf, 18 iyun 2012-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay sabit pul məbləğində alimentin Cavabdeh tərəfindən İddiaçı xeyrinə ödənilməsinə razılaşdılar. 2.2. Mediasiya prosesində hər iki tərəf, 18 iyun 2012-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh tərəfindən hər ay ödəniləcək sabit pul məbləğində alimentin miqdarını 130 manat müəyyən etdilər. 2.3. Mediasiya prosesində hər iki tərəf 18 iyun 2012-ci il təvəllüdlü X10 yetkinlik yaşına kimi saxlanması üçün 130 manat sabit pul məbləğində alimentin Cavabdeh tərəfindən 01 yanvar 2022-ci il tarixdən başlayaraq hər ay Bank VTB tərəfindən verilmiş **********8613 saylı mastercard-a ödənilməsinə dair qarşılıqlı razılıq əldə etdilər. 2.4. Tərəflərin bir-birinə qarşı heç bir əmlak tələbi yoxdur. 2.5. Tərəflər arasında 18 iyun 2012-ci il təvəllüdlü X10 yaşayış yeri, təhsili, oxuduğu məktəb və dini etiqadı ilə bağlı hər hansı mübahisə və ya fikir ayrılığı yoxdur. 2.6. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq tərəflər üçün yalnız sazişin şərtləri etibarlı olur. 2.7. Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini və nümayəndələrini bu sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər. 2.8. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə tərəflərdən biri sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. 2.9. məhkəmə tərəfindən təsdiq edilmişdirsə, sazişin məcburi icrası məhkəmənin qərarına əsasən bilər. 2.10. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı münasibətə yol verməyəcəkdir. Maddə 3. Digər şərtlər Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan sazişə dəyişiklik, düzəliş və ya əlavələr sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, digər müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 3.2. Tərəflər bununla təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla məsləhətləşmək hüququ vardır və onlar sazişin şərt və ya müddəaları ilə əlaqədar öz vəkilləri ilə məsləhətləşiblər və ya sazişi imzalamaqla bu hüquqlarından imtina edirlər. Tərəflər həmçinin təsdiq edirlər ki, onlar sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. 3.3. Tərəflər razılaşırlar ki, hazırkı sazişdəki heç bir müddəa hər hansı tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz. Tərəflər mediasiya zamanı əldə edilmiş hansı bir məlumatı və ya sənədləri məxfi saxlamaq və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, bunu heç kimə açıqlamamaq vəzifələrini bir daha təsdiqləyirlər. 3.4. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 3.4.1. bu məlumatı bilmələri vacib olan vəzifəli şəxslərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; 3.4.2. bu məlumatların açıqlanması qanunvericiliklə tələb edildikdə, vergi işçilərinə, digər dövlət qurumlarına, bankara və publik hüquqi şəxslərə; 3.4.3. mediasiya və ya hazırkı sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; 3.4.4. qarşı tərəfin yazılı icazəsi ilə; 3.4.5. yaxın qohumlara; 3.4.6 sazişin təsdiqlənməsi və ya qüvvəyə minməsi üçün məhkəmələrə və notariuslara. 3.4.7.sazişin məzmununun sazişin 3.4.1. və 3.4.5. bəndlərində sadalanan şəxslər tərəfindən açıqlanmasına görə həmin şəxslərə müvafiq məlumatı açıqlayan tərəf məsuliyyət daşıyır. 3.6. Tərəflər arasında digər razılaşma yoxdursa, "iş tərəflərin qarşılıqlı razılığı ilə həll edildi" və ya oxşar bir şərh və ya ictimaiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcək. 3.7. saziş tərəflər arasında vahid razılaşma təşkil edir və bu mövzuda yazılı və ya şifahi başqa müqavilə və ya razılaşma yoxdur. Bu saziş bütün tərəflər və ya onların nümayəndələri və mediator tərəfindən imzalanana qədər tərəf üçün məcburi olmayacaqdır. Bu Saziş son imzanın atıldığı gündən qüvvəyə minir. AR Mediasiya da Qanunun 34.1-ci maddəsinə əsasən saziş 10 gün müddətində könüllü icra edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Eyni zamanda, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli qərarı ilə müəyyən edilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Konstitusiya Məhkəməsi yuxarıda qeyd olunan qərarına əsasən müəyyən edilmişdir ki, ailə vəziyyətinin araşdırılması zamanı, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və sair məsələlərə diqqət yetirilməlidir. Həmin qərarla diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və sair) olub-olmamasını və sair məsələlərin nəzərə alması zərurəti göstərilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. “X18” Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasındakı nikah Sumqayıt Şəhər Məhkəməsinin 01 avqust 2016-ci il tarixli qətnaməsi ilə pozulmuş, nikah pozulduqdan sonra xx.xx.2012-ci il təvəllüdlü X19 İddiaçı himayənə verilmiş və Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşma çatana kimi saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması qət edilmişdir. İddiaçı uşağın Rusiyaya aparılmasına cavabdehin razılıq verməsi şərti ilə alimentdən imtina etmişdir. Mediasiya prosesi zamanı tərəflər arasında yetkinlik yaşına çatmayaq uşağın saxlanması üçün hər ay 130 manat aliment ödəməklə bağlı razılıq əldə olunmuşdur. İddiaçı cavabdehin həmin aliment məbləğini ödəmədiyinə və uşağın saxlanması üçün maddi çətinlik çəkdiyinə görə alimentin artırılması tələbi ilə hazırda məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin əsasını təşkil edən sübutları məhkəməyə təqdim edə bilməmiş, iddia tələbinin artırılması ilə bərabər imtinanın etibarsız hesab edilərək illər üzrə ödənişlərin hesablanması və alimentin artırılmasına üçün əsasların olduğunu məhkəmədə sübut edə bilməmişdir. Belə ki, imtina məhkəmə iclasında tədqiq olunan sübutlara əsasən qarşılıqlı razılıq əsasında olaraq həmin vaxtdan sonra mübahisəndirilməmişdir. İddiaçı Söhrabnovnanın Cavabdeh əmək haqqının ¼ hissəsində övladı xx.xx.2012ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Sumqayıt Şəhər Məhkəməsinin 01 avqust 2016-cı il tarixli qətnaməsi ilə müəyyən olunmuş 100 manat aliment məbləğinin 193 manat sabit pul məbləğində deyil, 250 manat həddə qədər artırılmaqla mediasiyaya müraciət olunan gündən hesablanmaqla onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsinə dair dəqiqləşmə verərək xahişini verilmiş iddia tələbinin mahiyyətinə uyğun olmayan iddia ilə müraciət etdiyi üçün əssasız hesab edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan hallar imtinanın etibarsızlığına deyil, daha çox indekssasiya formasında müraciət üçün əsaslara aiddir. Tərəflər arasında razılığa gəlinərək 130 manat məbləğində alimentin artırılması ilə bağlı məhkəmə hesab edir ki, həmin vaxtdan sonra Cavabdeh alimenti vaxtlı-vaxtında ödəməsinə dair məhkəmə iclasında qəbzlər təqdim edərək iddia tələbinin həmin hisssədə təqzib etmişdir. 2021-ci il tarixindən sonra cavabdehin maddi vəziyyətində dəyişiklik olması, alimentin artırılması ilə bağlı maddi vəziyyətində yaxşılığa doğru heç bir hal məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Onun yenidən nikaha daxil olması, yetkinlik yaşına çatmayan övladlarının olması məhkəmə iclasında tədqiq olunan hallara əsasən təsdiq olunmuşdur. Məhkəmə, qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Söhrabnovnanın Cavabdeh qarşı “aliment məbləğinin yenidən hesablanması və həcminin artırılması” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumundan azad edildiyindən və iddia tələbi rədd olunduğundan ödənilmiş mediasiya xərci iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Söhrabnovnanın Cavabdeh qarşı “aliment məbləğinin yenidən hesablanması və həcminin artırılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar