Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-4843/2024 08.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Behbudova Aynur Mirzalı qızı, İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə NE T D İ : İddiaçı Cavabdeh qarşı iddia ərizəsiilə məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikahlarından 09 iyul 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıdakı əsaslara görə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. İddiaçıya aid Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş çıxarışdan görünür ki, iddiaçı özü Laçın rayonu, Cicimli ərazi dairəsi, Qazıdərə kəndində qeydiyyatdadır. Cavabdehə aid Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş çıxarışdan müəyyən olunmuşdur ki, Cavabdeh ünvanı Bakı şəhəri, Yeni Günəşli qəsəbə dairəsi, Y/S, 12, 23 göstərilmişdir. Göründüyü kimi iddiaçı iddia ərizəsini Sumqayıt Şəhər Məhkəməsinə təqdim etmişdir.Hazırda iddiaçının cavabdehə qarşı iddia ərizəsində irəli sürdüyü iddia tələbi nikahın pozulması və aliment tələbidir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Bu Məcəllənin 36.3.-cü maddəsinə əsasən alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Eyni Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə hesab edir ki, mülki iş icraata götürülməmişdən əvvəl onun ərazi adiyyətinin müəyyən edilməsi, cavabdeh şəxsin məhkəmə iclasına çağrılması və sənədlərin surətlərinin göndərilməsi üçün əvvəlcədən rəsmi qeydiyyatı, Azərbaycan Respublikasında yaşayış yeri və axırıncı yaşayış yeri, cavabdehin əmlakının olduğu yer barədə məlumat olmalıdır. Bundan əlavə Mülki Prosesual Məcəllənin 149.1.-ci tələbinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2-ci maddəsinə əsasən ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); Məhkəmə hesab edir ki, hazırda məhkəməyə təqdim edilmiş iddia ərizəsindən və ərizəyə əlavə edilmiş sənədlərdən iddiaçının və ya cavabdehin rəsmi olaraq Sumqayıt Şəhərinin ərazisində qeydiyyatda olmasına (yerləşməsinə) dair heç bir hal müəyyən edilməmiş, iddiaçının yaşayış yerinin Sumqayıt şəhər olmasını təsdiq edən arayış ərizəyə əlavə edilməmişdir. Məhkəmə həmçinin onu da qeyd edir ki, iddia ərizəsi iddiaçı tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.3-cü maddəsinə əsasən iddia ərizəsinə iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla) əlavə edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa məhkəmə həmçinin qeyd edir ki, iş materiallarına əlavə edilmiş tərəflər arasında nikahın pozulması, himayə və aliment mübahisəsi ilə bağlı məhkəmə qətnaməsi mövcuddur. Tərəf alimentin artırılması və yaxud azaldılması tələbi ilə məhkəməyə müraciət etməli, iddia ərizəsi düzgün formada tərtib edilməli və iddia ərizəsinin xahiş etdi hissəsi də ona uyğun tərtib olunmalıdır. Odur ki, iddia ərizəsi MPM-nin yuxarıda göstərilən tələblərini pozmaqla məhkəməyə təqdim edildiyi üçün geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizədə olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə cavabdehə qarşı iddia ərizəsində göstərdiyi tələblə ərazi aidiyyati üzrə müvafiq rayon (şəhər) məhkəməsinə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-4843/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-4843/2024
08.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver