Məhkəmə qərarları › İş №2(060)-4850/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4850/2021

09.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4850/2021 09.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Həsənova Həvva Seymur qızının katibliyi, Cavabdeh X2 vərəsəsi Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X2 vərəsəsi Cavabdeh1 və Cavabdeh2 qarşı “ölmüş şəxsin kredit borcunun miras qəbul etmiş vərəsələrdən və zamindən tutulması tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər X2 vərəsəsi Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər X2 vərəsəsi Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə müştərək qaydada 488.48 manat əsas borc, 30 manat ödənilmiş dövlət rüsumunun və 0.40 manat xidmət haqqının tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin Xətai filialı ilə X5 arasında bağlanmış 31.10.2016-cı il tarixli, 389-31.10.2016-SM0026 №-li kredit müqaviləsinə əsasən Bank tərəfindən X4 36 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə hesablanmaqla, 1600 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin təminatı kimi Bankla Cavabdeh2 arasında 31.10.2016-cı il tarixli zaminlik müqaviləsi imzalanmışdır. Tərəflər arasında bağlanmış Kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Zaminlik müqaviləsinin 2.1-ci maddəsinə əsasən sözügedən kredit müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə görə Zamin Kreditor qarşısında cavabdehlik daşımağı və bu borcun özünün malik olduğu pul vəsaitləri, daşınar və daşınmaz əmlakı, banklardakı vəsaitləriqiymətli kağızları və s. hesabına ödənilməsini öhdəsinə götürmüşdür. Zaminlik müqaviləsinin 2.2- bəndinə əsasən isə borclu qeyd olunan kredit' müqaviləsi üzrə öhdəliyi tamamilə və ya hissəhissə icra etmədikdə zamin kreditor qarşısında kredit məbləğinin, hesablanacaq faizləri, dəbbə pulunun, icranın gecikdirilməsi və vurulmuş zərərin ödənilməsi üçün məsuliyyət daşıyır. Lakin, əldə olunmuş məlumata görə X1 25.01.2019-cu il tarixdə vəfat etmişdir. Sumqayıt regional "ASAN XİDMƏT” mərkəzində notariat ofisinin məktubu ilə müəyyən edilmişdir ki, mərhum X3 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi olan ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1982-ci il təvəllüdlü Cavabdeh1 miras payı qəbul etmiş və Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Maliyyə arayışına əsasən, X3 Banka ödənilməmiş qalan 488.48 manat əsas borcu qalmışdır. Cavabdehlər - Cavabdeh1 qalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Göstərilənlərə əsasən o, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərdi ki, cavabdeh onun atasıdır, o isə vərəsədir. O, bankdan kredit götürməmişdir. Sözü gedən krediti Aqil Hüseynov adlı şəxs götürüb və ödəyəcək. Hesab edir ki, o, vərəsə olsa da, onun bank qarşısında heç bir öhdəliyi yoxdur. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Digər Cavabdeh2 qeydiyyatda olduğu ünvanı üzrə məhkəmə bildirişi göndərilmiş, lakin onun faktiki olduğu yer məlum olmadığından məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, cavabdehi dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan kredit müqaviləsindən görünür ki, X5 "xxxx" ASCnin Xətai filialı ilə bağladığı 31.10.2016-cı il tarixli, 389-31.10.2016-SM0026 №-li kredit müqaviləsinə əsasən müvafiq olaraq, 1600 manat məbləğdə pul vəsaiti götürmüşdür. İş materiallarında olan zaminlik müqaviləsinin surətindən görünür ki, kredit müqaviləsinin təminatı kimi bankla Cavabdeh2 arasında 31.10.2016-cı il, 389- 31.10.2016-SM0026 saylı zaminlik müqavilələri imzalanmışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 25.01.2019-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan 08.02.2021-ci il tarixli, 078 saylı arayışdan görünür ki, X3 banka 488.48 manat əsas borcu vardır. İş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 25.01.2019-cu il tarixdə ölmüş X2 vərəsəsi Cavabdeh1 ünvan 2 ünvanında yerləşən miras əmlakından tam hissədə pay almalıdır. İş materiallarında olan bildiriş məktubundan görünür ki, X2 vərəsəsi Cavabdeh1 kredit borcunu ödəməsi üçün bank tərəfindən lazımi qaydada xəbərdar edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər Bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Bundan başqa, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödəmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməli və ondan alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, X2 vərəsəsi Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 488.48 manat əsas borc, 30 manat ödənilmiş dövlət rüsumu və 0.40 manat xidmət haqqı iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh X2 vərəsəsi Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 488.48 manat əsas borc, 30 manat ödənilmiş dövlət rüsumu və 0.40 manat xidmət haqqı iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar