Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4875/2021 18.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 480 manat məbləğində pulun Cavabdeh tərəfindən iddiaçının bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən Şabran rayonu, Qazbabalı kəndi ərazisində 26.09.2020-ci il tarixdə qanunsuz olaraq köküstəyaş halda olan 4 ədəd müxtəlif diametrli palıd ağacını kəsərək məhv etməsi faktı idarə əməkdaşları tərəfindən aşkar edilərək qanunamüvafiq sənədləşmə işləri aparılmışdır. Cavabdeh tərəfindən təbiətə 480 manat məbləğində ziyan dəymişdir. Təbiətə dəymiş ziyanı könüllü şəkildə ödəməsi üçün barəsində qaldırılmış iddia tələbi və təbiətə dəymiş ziyanın hesabatı cavabdehə 30.11.2020-ci il tarixli, 1839 saylı məktubla göndərilsə də, o, iddia məbləğini ödəməkdən imtina etmişdir. Ona görə də iddiaçı hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etmədiyini, iddianı əsassız hesab etdiyini bildirərək, iddiaçı tərəfindən ona böhtan atıldığını, ağacları onun kəsmədiyini lakin bu halı təsdiq edən hər-hansı sənədin onda olmadığını bildirdi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: - İddiaçı tərəfindən tərtib edilmiş 26.09.2020-ci il tarixli, 63089 №-li aktdan görünür ki, Bələdiyyəyə məxsus yaşıllıq ərazidə 1 ədəd 12 sm diametrində, 1ədəd 10 sm diametrdə, 1 kökdən çıxan 2 ədəd hər biri 10 sm diametrdə bioloji inkişafda olan palıd ağaclarının yaş kök üstə Cavabdeh tərəfindən qanunsuz olaraq kəsildiyi müəyyən edilmişdir. - 26.09.2020-ci il tarixli, 63089 №-li akta əlavə təbiətə dəymiş ziyanın hesablama cədvəlindən görünür ki, 3 ədəd hər birinin qiyməti 120 manat olan diametri 10 sm olan palıd ağacları və 1 ədəd qiyməti 120 manat olan diametri 12 sm olan ağac olmaqla, təbiətə dəymiş ümumi ziyan məbləği 480 manat təşkil edir. - Xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh 26.09.2020-ci il tarixli, 63089 №-li akta əsasən hesablanmış 480 manat məbləğində ziyanın ödənilməsi barədə iddiaçı tərəfindən bildiriş göndərilərək xəbərdar olunmuşdur. - Şabran RPŞ-nin TQ-nun təhqiqatçısı, polis mayoru Şirin Lələyev tərəfindən çıxarılmış 11.10.2020-ci il tarixli cinayət təqibinin başlanmasının rədd olunması haqqında Qərardan görünür ki, Cavabdeh barəsində AR İXM-nin 253.2-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. - Həmin qərarda müəyyən edilmişdir ki, Cavabdeh qanunsuz olaraq ağac kəsməsinə və təbiətə 480 manat maddi ziyan vurduğuna görə onun əməlində AR İXM-nin 253.2-ci maddəsinin tərkib hissəsinin olması toplanmış materialda tam sübuta yetirilmişdir. - 10.11.2020-ci il tarixli, MN seriyalı ******* №-li İnzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh tərəfindən meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt Şabran Rayon Polis Şöbəsinin 11.10.2020-ci il tarixli Qərarı ilə təsdiq edilir. - 19.11.2020-ci il tarixli, MN seriyalı ******* №-li inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şabran rayonu, Əmirxanlı bələdiyyəsinin Qazbabalı kəndinin yaşıllıq ərazisində 24.09.2020-ci il tarixdə 4 (dörd) ədəd palıd cinsinə mənsub bioloji inkişafda olan ağaclar yaş kök üstə Cavabdeh tərəfindən qanunsuz olaraq kəsilmişdir. O, meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.2cı maddəsi ilə 2000 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh tərəfindən Şabran rayonu, Əmirxanlı bələdiyyəsinin Qazbabalı kəndinin yaşıllıq ərazisində 24.09.2020-ci il tarixdə 4 (dörd) ədəd palıd cinsinə mənsub bioloji inkişafda olan ağaclar kəsilmişdir və nəticədə təbiətə ümumilikdə 480 manat məbləğində zərər dəymişdir. Cavabdeh meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə 2000 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən təbiətə maddi ziyan vurulması və Cavabdeh buna gətirib çıxaran əməldə təqsiri habelə dəymiş zərərin məbləğinin 480 manat həddində olması iş materialları ilə təsdiq olunur. Odur ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumundan azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan az olduqda 20 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən ödənilməli olan 20 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 480 manat məbləğində dəymiş ziyan iddiaçı 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: İddia təmin edilsin. Cavabdeh 480 manat məbləğində pul tutularaq iddiaçı 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin (VÖEN: **********, İBAH kodu: AZ78 CTRE********************, Büdcə səviyyəsinin kodu: 3, Büdcə təsnifatı kodu: 142582) bank hesabına ödənilsin. İddianın verilməsinə görə 20 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-4875/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4875/2021
18.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver