Məhkəmə qərarları › İş №2(060)-4878/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4878/2021

14.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4878/2021 14.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdülhüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əsas və faiz borcunun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əsas və faiz borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 2362,19 manat əsas borc, 571,05 manat faiz borcu, cəmi 2933,24 manat kredit borcunun, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “xxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış «Tələb hüququnun güzəşt edilməsinə dair» 11.08.2015-ci il tarixli Müqaviləyə görə «xxxx» ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC -nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5 maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X2 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən “xxxx” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh1 dair sənədlər SFK-1305 saylı, 28.02.2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. “xxxx” ASC ilə Cavabdeh1 arasında 06.08.2014-cü il tarixdə, 61-06.08.2014-SM14 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 22 % tətbiq edilməklə 24 ay müddətinə 7900 manat kredit verilmişdir. Kredit vəsaitinin təminatı olaraq zamin Cavabdeh2 ilə 06.08.2014-cü il tarixli, 61-06.08.2014-SM14 saylı zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı “Borcalan”ın ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixindən sonrakı gün başlanır. (4.3. bəndi) “Borcalan”a verilən vəsaitindən istifadə müddəti 24 aydır. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda olan əsas borc üzrə 2362,19 manat, faiz borcu üzrə 571,05 manat olmaqla ümumilikdə 2933,24 manat məbləği təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək eyni məzmunda izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, mübahisə predmeti olan kredit öhdəliyi Azərbaycan Respublikası Prezidentin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın təsir altına düşməmişdir. Belə ki, cavabdehin kredit borcu 360 gündən çox gecikdirilən əsas və faiz borclarına aid olmadığından bu hal ona Fərmanın təmin etdiyi güzəştlərdən yararlanma imkanını aradan qaldırır. Hesabdan çıxarışdan görünür ki, borclu tərəfindən sonuncu ödəniş 2018-ci ilin yanvar ayında edilmişdir. Müqavilənin müddəti isə 06.08.2016-cı il tarixdə bitmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında göstərdi ki, kredit götürdüyünü etiraf edir. Maddi vəziyyəti ilə əlaqədar kredit öhdəliyini vaxtında yerinə yetirməmişdir. Eləcə də göstərdi ki, o, cərrahi əməliyyat olunduğu üçün səhhəti ilə bağlı iddiaçı təşkilata müraciət edə bilməmiş, lakin bu hal kreditin qeyd edilən Fərmanın təsiri altına düşməsini istisna etmir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən işə digər Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki iş materiallarında olan: «xxxx» ASC ilə Cavabdeh1 arasında bağlanılmış 06 avqust 2014-cü il tarixli, 61- 06.08.2014-SM14 saylı Kredit müqaviləsinə əsasən kreditverən kreditalana 24 ay müddətinə, illik 22 % ödəmək şərti ilə 7900 manat məbləğində kredit verməyi, kreditalan həmin krediti qəbul edib təyinatı üzrə istifadə etməyi, ödəniş qrafiki üzrə kredit və hesablanmaş faizləri qaytarmağı öhdəsinə götürmüşdür. «xxxx» ASC ilə İddiaçı QSC arasında bağlanmış problemli aktivlər üzrə tələb hüququnun güzəşt edilməsinə dair 11 avqust 2015-ci il tarixli müqavilədən görünür ki, «xxxx» ASC tərəfindən borcalana qarşı bütün hüquqlar İddiaçı QSC-yə ötürülmüşdür. 06 may 2021-ci il tarixli 1591 saylı arayışdan görünür ki, Cavabdeh1 2362,19 manat əsas borc, 571,05 manat faiz borcu vardır. Borclu tərəfindən sonuncu ödəniş 10.01.2019cu il tarixdə 135 manat məbləğində olmuşdur. Xəbərdarlıq məktublarından görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Beləliklə, məhkəmədə işin faktiki halları ilə müəyyən olundu ki, «xxxx» ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmaqla öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmişdir, borcluya qarşı tələb hüququ iddiaçıya ötürülmüş, cavabdeh kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənilməli olduğu halda vaxtında ödəniş etməmiş, bununlada müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 421, 442, 445, 448.1, 739.1, 739.2-ci maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. «xxxx» ASC ilə Cavabdeh2 arasında bağlanmış 06 avqsut 2014-cü il tarixli Zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 borclu Cavabdeh1 eyni tarixli Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası ilə bağlı üzərlərinə birgə məsuliyyət götürmüşdür. Məhkəmə hesab edir ki, Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən araşdıralan mübahisə üzrə zaminliyə artıq xitam verilmişdir, bu səbəbdən də zamin Cavabdeh2 qarşı yönəlmiş tələb əsassızdır və təmin edilə bilməz. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia borcun tutulması hissədə təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 2362,19 manat əsas kredit borcu, 571,05 manat faiz borcu olmaqla cəmi 2933,24 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 2362,19 manat əsas kredit borcu, 571,05 manat faiz borcu olmaqla, cəmi 2933,24 (iki min doqquz yüz otuz üç manat, iyirmi dörd qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat manat İddiaçı QSC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar