Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4889/2022 14.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, onların geyim mağazaları var. Təxminən 3 il əvvəl cavabdehlərdən Cavabdeh1 onun həyat yoldaşı kimi tanınan digər cavabdeh yəni, Cavabdeh2 razılığı ilə mağazalarından 2005 manat dəyərində nisyə paltar almış və Fuadın pulu ödəyəcəyini demişdir. Lakin, Fuad pulu ödəməyi öhdəsinə götürsə də, cəmi 400 manat ödəmiş, pulun qalan hissəsini isə müxtəlif bəhanələr gətirərək ödəməmişdir. xx.xx.2021-ci il tarixdə saat 14:30 radələrində həyat yoldaşı X3 ilə birlikdə pulu almaq məqsədi ilə Fuadın işlədiyi Sumqayıt şəhəri, 4mikrorayon ərazisində yerləşən "Kompüter təmiri və satışı" mağazasına gedərək pulu nə vaxt verəcəyini soruşduqda Fuad Yeganənin həyat yoldaşı olmadığını, pulu verməyəcəyini, verdiyi pulların da geri alacağını bildirmişdir. Həyat yoldaşı X3 onun bu cür davranışına əsəbləşərək əlini arakəsməyə vurmuşdur. Əli təsadüfən Fuadın kompüterinin monitorunun arxa küncünə toxunmuşdur. Bundan sonra yaranmış mübahisə Sumqayıt şəhər 3-cü Polis Bölməsinə şikayət etmələri ilə nəticələnmişdir. Aparılmış araşdırma zamanı cinayət işinin başlanması rədd edilmiş, lakin Cavabdeh2 götürülmüş 2005 manatın 400 manatını qaytardığını etiraf etsə də, qalan pulu qaytarmağa imkanı olmadığını bildirmişdir. Dəfələrlə müvafiq inzibati orqanlara müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Cavabdehlər faktiki olaraq etibarıından sui-istifadə edərək onun pulunu ələ keçirmişlər. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən məhkəmədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1605 manat məbləğində əsas borcun, dəymiş zərərin əvəzi olaraq 1000 manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə bildirişi göndərilmiş, lakin bildiriş cavabdehin köçməsi səbəbindən geri qaytarılmışdır. Həmçinin cavabdeh Y.A. Abbasovaya SMS bildiriş göndərilmiş, lakin çatdırılmamışdır. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar olmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş üzrə İddiaçı izahatını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X1 ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Həmin qərarın məzmunundan görünür ki, Cavabdeh2 izahatında bildirmişdir ki, iki il əvvəl Şahin Babaxanovun həyat yoldaşı Aygün işlədiyi mağazaya gələrək Yeganənin əri olub-olmadığını soruşub Yeganənin ondan 2000 manat dəyərində nisyə mal aldığını, xəstə uşaqları olduğunu bildirib pulu almaqda kömək etməsini istəmişdir. O, da Yeganə ilə ayrıldıqlarını, ancaq uşaqlarına görə kömək edəcəyini bildirmiş, bundan sonra Aygünə hissə-hissə olmaqla 400 manat pul versə də, sonradan maddi imkanı yaxşı olmadığı üçün pul verə bilməmişdir. İş materiallarında olan AR DİN Sumqayıt şəhər Polis İdarəsinin 01 iyul 2022-ci il tarixli, 126-7475/3 saylı məktubundan görünür ki, müraciətdə göstərilən xüsusatlarla əlaqədar X2 Sumayıt Şəhər Məhkəməsinə və ya Sumqayıt Şəhər Prokurorluğuna müraciət edilməsi tövsiyə edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş alınmış malların siyahısı və ümumi məbləğin 2000 manat olması iş materiallarında olan satılan paltarların dəyəri və cavabdehlərin ödəməli olduğu məbləğ müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh1 iddiaçının mağazasından 2000 manat dəyərində nisyə paltar almış və digər cavabdeh Fuadın həmin pulu ödəyəcəyini bildirmişdir. Fuad pulu ödəməyi öhdəsinə götürsə də, cəmi 400 manat ödəmiş, pulun qalan hissəsini isə müxtəlif bəhanələr gətirərək ödəməmişdir. xx.xx.2021-ci il tarixdə həyat yoldaşı X3 ilə birlikdə pulu almaq məqsədi ilə Fuadın işlədiyi mağazaya getmiş, aralarında mübahisə yaranmışdır. Həmin mübahisə Sumqayıt şəhər 3-cü Polis Bölməsinə şikayət etmələri ilə nəticələnmişdir. Cavabdeh2 izahatında götürülmüş 2000 manatın 400 manatını qaytardığını etiraf etsə də, qalan pulu qaytarmağa imkanı olmadığını bildirmişdir. Məhkəmə işin araşdırılan hallarını qiymətləndirərək bu qənaətə gəlir ki, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda təsbit olunmuş Cavabdeh1 iddiaçıdan 2000 manat məbləğində nisyə mal almasının Cavabdeh2 etirafı ilə təsdiq olunması işin mübahisə yaratmayan halıdır. Məhkəmə 1000 manat məbləğində vurulmuş mənəvi zərərin ödənilməsi ilə bağlı iddia tələbini iş materiallarında olan sübutlar əsasında qiymətləndirərək hesab edir ki, İddiaçı tələbində cavabehlərin hərəkətləri nəticəsində ona mənəvi zərər vurulduğunu qeyd etsə də, bununla bağlı əsaslı sübutlarını məhkəməyə təqdim etməmişdir. Həmçinin mənəvi zərər tələb edərkən, onun əsasının hansı hüquqlarının pozulması nəticəsində onda mənəvi sarsıntı keçirməsi və bununla bağlı dəlilləri məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iş materialları ilə sübuta yetirilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Cavabdehlər iddiaya qarşı etirazının məhkəmə təqdim etmək imkanın olmasına baxmayaraq, bundan istifadə etməmişdir.Ona görə də iddiaçı tərəfindən təqdim olunmuş sübutlar təqzib olunmayaraq, əsaslı hesab edilməlidir. Məhkəmə hesab edir ki, məhkəməyə iddiaçı tərəfindən təqdim olunmuş sübutların iddianın əsasını sübuta yetirmək məqsədi daşıdığından, məhkəmə bu qənaətə gəlir ki, onların təqzibi ilə bağlı heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1.-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. (740.1.) Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. (740.2.) «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 №-li qərarında Plenum izah edir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Lakin Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqazidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqazidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqazidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, məhkəmə işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1600 manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, iddia qismən təmin olunduğuna görə məhkəmə hesab edir ki, 36 manat dövlət rüsumu cavabdehlərdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1600 (min altı yüz) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 36 (otuz altı) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-4889/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4889/2022
14.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver