Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4931/2022 30.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X7 oğlunun katibliyi, iddiaçının nümayəndəsi, Vəkil, Cavabdeh və onun nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-13522/2017 saylı qətnaməsinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X1 saxlanması üçün tutulan 260 manat sabit pul məbləğində alimentin miqdarının dəyişdirilərək onların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa ayrılıqda 190 manat olmaqla, cəmi 380 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması və ilkin mediasiya üçün ödənilmiş 50 manat rüsumun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə xx.xx.2006-cı ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Rəsmi nikahdan xx.xx.2008-ci ildə Darya adlı qızları doğulmuşdur. Nikahları Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(060)-3271 saylı qətnaməsi ilə pozulmuşdur. Nikahları pozulduqdan sonra onlar yenidən barışmış, faktiki nikahlarından xx.xx.2014-cü ildə Ariana adlı qızları doğulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-13522/2017 saylı qətnaməsinə əsasən cavabdeh iki uşağın saxlanması üçün hər uşağa 130 manat olmaqla, ayda cəmi 260 manat sabit pul məbləğində aliment ödəyir. Cavabdeh işləyir. Gəliri yüksəkdir. Darya bu ildən 9-cu sinfə keçir. O, repititor yanına getməlidir. Ona görə də uşaqların xərcləri, tələbatları artmışdır. Ayda uşaqlara aliment kimi verdiyi 260 manat pulla hazırki gündə uşaqları saxlamaqda çətinlik çəkir. Həmin məbləğ uşaqların tələbatını ödəmir. Cavabdehin isə daha artıq aliment ödəməyə imkanı vardır. İddiaçının nümayəndəsi, Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, iddiaçı şirkətdə mühasib kimi çalışır. Aldığı əmək haqqı barədə dəqiq məlumat yoxdur. Əmək haqqı təxminən 500 manat təşkil edir. O, ipoteka ilə ev götürüb. Onun aldığı əmək haqqı demək olar ki, ipotekaya sərf edilir. Cavabdeh rəsmi olaraq 600 manat məbləğində maaş alsa da, aylıq gəliri 1000 manatadək olur. İddiaçının nümayəndəsi qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbi ilə razı olmadığını bildirdi və iddianın rədd edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında izahat verərək bildirdi ki, cavabdehin qardaşıdır. İddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilən şəkildəki avtomobil ona məxsusdur. Bəzən qardaşı da o avtomobili sürür. Cavabdeh 600 manat məbləğində maaş alır. O, aliment ödənişlərini vaxtında yerinə yetirir. Qeyd edilənlərə əsasən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1987-ci ildə, ünvan 1 ünvanında qeydiyyatdadır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-13522/2017 saylı qətnaməsi ilə Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3271/2011 saylı iş üzrə qəbul etdiyi xx.xx.2011-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 130 manat və xx.xx.2014-cüil təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 130 manat olmaqla, cəmi 260 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərinə əsasən X5 xx.xx.2008-ci ildə, X3 isə xx.xx.2014-cü ildə anadan olmuşdur. Uşaqların atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarına əlavə edilmiş Azərbayan Respublikası İctimai Televiziya və Radio Yayımları Şirkətinin xx.xx.2022-ci il tarixli arayışına əsaən cavabdeh xx.xx.2006-cı il tarixində İctimai Televiziya və Radio Yayımları Şirkətinə işə qəbul edilib. Hal-hazırda, o, montaj şöbəsinin montaj rejissoru vəzifəsində işləyir. Onun aylıq əmək haqqı 640 manat (vergidən əvvəl) təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə (bundan sonra – Ailə Məcəlləsi) əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar (75.1.). Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.4.). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (78.1.). Ailə Məcəlləsində həmçinin nəzərdə tutulmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (112.1.). “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən uşaqlarını saxlamaq valideynlərin vəzifəsidir. Valideynlərdən aliment uşaqların mənafeyi üçün tutulur. Alimentin tutulmasında məqsəd valideynlərin öz vəzifələrini yerinə yetirməsi və uşaqların normal həyat səviyyəsinin təmin edilməsidir. Məhkəmə iddiaçının qazancını, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-13522/2017 saylı qətnaməsinin qəbulundan 5 il müddət keçdiyi və ötən bu müddət ərzində insanların maddi tələbatlarında və yaşayış minimumunda dəyişikliklər baş verdiyi üçün həmin qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalıdır. Məhkəmə hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-13522/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 160 manat olmaqla, ümumilikdə 320 manat məbləğində müəyyən edilməlidir. İddiaçı eyni zamanda mediasiya xərcinin ona qaytarılmasını xahiş etmişdir. Lakin mediasiya xərci mülki prosessual qanunvericilikdə məhkəmə xərclərinə aid edilmədiyindən iddia mediasiya xərcinin iddiaçıya qaytarılması hissəsində təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-13522/2017 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 160 manat olmaqla, hər ay cəmi 320 (üç yüz iyirmi) manat məbləğində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-4931/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4931/2022
30.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver