Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-495/2024 26.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-265/2020 saylı, 17 iyun 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cavabdeh üzərinə İddiaçınə məlumat vermədən saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvanı tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq vəzifəsi qoyulmuşdur. Hökmün icrası barədə göstəriş icra olunması üçün xx.xx.2020-ci il tarixdə İddiaçı icraatına daxil olmuş və məhkum müvafiq qaydada qeydiyyata götürülərək onun barəsində şəxsi iş açılmışdır. Məhkum Cavabdeh xx.xx.2021-ci il tarixdə elektron nəzarət vasitəsi tətbiq edilmiş, ona bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbağ və enerji adapteri təhvil verilmişdir. Eyni zamanda, ona məhkəmə hökmünün tələbləri, cəzanın çəkilmə qaydalarının pozulmasının hüquqi nəticələri, həmçinin elektron nəzarət vasitəsini daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitənin zədəlikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Cavabdeh mobil qurğunu və enerji adapterini təhvil vermiş, lakin elektron qolbağı açıb hara qoyduğunu isə xatırlamır. O, üzərində olan elektron qolbağı təhvil verməmiş və hal-hazırda harada olduğunu bilmir.Belə olan halda hesab edilir ki, cavabdeh məsuliyyətli olmadığından elektron qolbağ sındırılmış, yararsız hala salınmış və maddi ziyan vurulmuşdur. Avadanlığın dəyəri 2277.40 manat təşkil edir. İddiaçı göstərilənləri nəzərə alaraq, Cavabdeh elektron nəzarət vasitəsinə məxsus elektron qolbağın dəyəri, yəni 2277.40 manat məbləğində pulun nəzarət subyektindən alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi İddiaçı böyük icra məmuru X2 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, elektron nəzarət vasitəsi onun tərəfindən tətbiq olunmuş və protokol ilə təhvil verilmişdir. İzah olunmuşdur ki, elektron nəzarət vasitəsini itirdikdə və yaxud hər hansısa bir şəkildə yararsız hala saldıqda onun maddi dəyəri cavabdehdən tutulacaqdır. Cavabdeh isə protokola imza edərək, elektron nəzarət vasitəsini təhvil almışdır. Cavabdeh yenidən cinayət törətdiyi üçün onun barəsində həbs qətimkan tədbiri seçmiş və tutmuşdurlar. Elektron nəzarət vasitəsin təhvil almağa getdikdə isə, mobil tətbiq qurğusu yəni telefona bənzər aparat və enerji adapteri evdə olduğu halda elektron qolbağın harada olduğu onun tərəfindən müəyyən edilə bilməmişdir. Onların tətbiq etdikləri elektron nəzarət vasitəsinin üç hissəsindən hər hansı biri əgər yoxdursa, o zaman həmin elektron nəzarət vasitəsi istifadəyə yararsız kimi qəbul olunur. Elektron nəzarət vasitəsinin iki hissəsi vardır. Onları isə protokol ilə dərhal xidmətə qaytarmışdır. Rəy verilməsinə ehtiyac yoxdur. Bu onların xidməti tapşırıqlarının bir hissəsidir. İsrael markalı elektron nəzarət vasitələrinin hər hansı bir hissəsi olmadıqda onlar utilizasiyaya getməlidir. Çünki, artıq yararsız hesab olunurlar. Ümumillikdə isə bir qiymət 2247 manat 40 qəpik vardır. Həmin vasitənin elektron qolbağ hissəsi yoxdur. Valideynlərindən soruşduqda isə onlar da bilmir. 3 saylı təcridxana ilə əlaqə saxlamış, onlar da bildirmişdir ki, onlarda da elə birşey yoxdur. Cavabdeh yaşayış yerinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilmiş və iddia ərizəsinin surəti 3 saylı İstintaq Təcridxanasında cəza çəkən Cavabdeh təqdim edilmişdir. Lakin cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz və mülahizələri daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 265/2020 saylı, 17 iyun 2020-ci il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş, hökmün icrası İddiaçınə həvalə edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, məhkum Cavabdeh tətbiq olunmuş mobil qurğu və onun enerji adapteri Cavabdeh təhvil alınmışdır. Elektron qolbağın harada olduğunu isə xatırlamır. Bu barədə müvafiq akt tərtib olunmuş və aktın doğruluğunu öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan Elektron nəzarət dəstinin vəziyyəti haqqında texniki rəyin surətindən görünür ki, nəzarət subyekti Cavabdeh təhkim olunmuş Attenti V6 mobil qurğunun komplektasiyası pozulmuşdur. Belə ki, yoxlama nəticəsində komplektə daxil olan TX 700 qolbağı aşkarlanmamışdır. Bunları nəzərə alaraq bu cihazın komplekti təkrar istifadəyə yararsızdır. İş materiallarında olan Probasiya Xidmətinin rəisinə ünvanlanmış məktubun surətindən görünür ki, mobil nəzarət qurğularının (elektrik adapteri və proqram lisenziyası ilə) qiyməti 2277.40 manat göstərilmişdir. İş materiallarında olan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə protokoldan görünür ki, məhkuma məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və ona yaddaş kitabçası verilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 265/2020 saylı, 17 iyun 2020-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməklə üzərinə bir sıra vəzifələr qoyulmuşdur. Cavabdeh elektron nəzarət qurğusunun harada olmasını xatırlamır. Avadanlığın dəyəri 2277.40 manat təşkil edir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Bu Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulması və Cavabdeh buna gətirib çıxaran əməldə təqsiri, habelə dəymiş zərərin məbləğinin 2277.40 manat həddində olması iş materialları ilə təsdiq olunur. Odur ki, iddia əsaslıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 2277.40 manat pul tutularaq İddiaçı hesabına köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Bu Qanunun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumundan azad edilir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən iddia təmin olunduğundan, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən 42.78 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 2277.40 manat pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına (Dövlət Xəzinədarlıq agentliyi, M/H: AZ41NABZ********************, VÖEN: **********, Kod: 210005, SWİFT: CTREAZ22, Bakı Şəhər Maliyyə İdarəsi, H/H: AZ66CTRE********************, VÖEN: **********, Büdcə səviyyəsinin kodu: 1, Büdcə təsnifatının kodu: 142330) köçürülsün. İddianın verilməsinə görə 42.78 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363cümaddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-495/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-495/2024
26.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver