Məhkəmə qərarları › İş №2(060)-4976/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4976/2024

28.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4976/2024 28.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə İddiaçının nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında qeydiyyatda olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2700 manat məbləğində pulun və ödənilmiş 47 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1 qardaşı X1 əsgər yoldaşı kimi onlara, Tovuz rayonunun Bayramlı kəndinə qonaq gələrkən tanımışdır. Cavabdeh1la daha sonra dost kimi telefon danışıqları olmuş, bir neçə dəfə görüşüb çay içmişlər. Sonrakı vaxtlarda Cavabdeh1 arvadı digər Cavabdeh2 da, Eminin vasitəsi ilə tanımışdır. 2023-cü ilin yanvar ayında Emin və Pərvanə maddi imkanlarının yaxşı olmadığını, müvəqqəti pul problemlərinin olduğunu, rəsmi iş yerlərinin olmadığı üçün heç bir bankdan kredit götürə bilmədiklərini, onun İİ qrup əlil olduğu üçün ona bankların kredit verə biləcəyini, ona görə də, onun adına kredit götürüb onlara verməyini, onların isə həmin krediti ayba ay ödəyəcəklərini bildirərək kredit götürməyini xahiş etdilər. Bildirmək istəyir ki, Emin və Pərvanənin yalan vədlərinə inanıb 30 yanvar 2023-cü il tarixdə “X3” ASC-yə məxsus “Ucard” kartı götürərək cavabdehlərə vermişdir. 31 yanvar 2023-cü il tarixdə bank kartının balansına 2700 manat məbləğində vəsait köçmüşdür. Cavabdehlər dəfələrlə “Ucard”dan pul vəsaiti çıxararaq istifadə etmiş, hərdən isə karta vəsait əlavə etmişlər. Bir müddətdən sonra cavabdehlər kartda olan bütün pulları çıxarmış və ümumiyyətlə ödəniş etməmişlər. Ödəniş etmədikləri üçün bankın əməkdaşları ona telefon vasitəsilə zəng edərək pulu ödəməyini tələb etdikdə ona məlum olmuşdur ki, cavabdehlər onu aldadıblar. Belə ki, Eminə zəng edib niyə pulu ödəmədiklərini soruşduqda maddi vəziyyətlərinin olmadığı üçün pulu ödəməyəcəklərini bildirmişdir. Kartdan əlavə pul çəkilməməsi üçün kartı bloka saldırmışdır. Bundan başqa, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onu aldatdıqlarına görə 01 may 2024-cü il tarixdə DİN-nin 102 xidmətinə şikayət etmişdir. Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsi tərəfindən göndərilmiş 59-1/2-5629 saylı, 04 may 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixli DİNnin 102 xidmətinə etdiyi müraciətlə bağlı araşdırma aparılmışdır. Müraciətdə göstərilən xüsusatlar mülki xarakterli olduğundan məhkəməyə müraciət etmək məqsədəmüvafiqdir. İddiaçı məhkəmədə iştirak edən zaman eyni məzmunlu izahat verərək iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini xahiş etmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdehlər övladları xəstə olduğuna görə iddiaçıdan borc pul istəmişdir. O, bankdan kart vasitəsi ilə pul götürüb cavabdehlərə vermişdir. Həmçinin əldə etdiyi kartıda ödəniş etmələri üçün onlara vermişdir. 8 ay sonra bankdan ona məlumat verilmişdir ki, ödənilən pullar təkrar çıxarılır və bunun nəticəsindədə faiz hesablanır. Bununla bağlı iddiaçı banka müraciət edərək kartı bloklatmışdır. Bundan sonra cavabdehlər ödəniş etməyi dayandırmışdır. Hazırda kart üzrə yaranmış faiz borcların və əsas borcun cavabdehlərdən tutulmasını xahiş edir. Məhkəmədə Cavabdeh1 iddia tələbini qismən qəbul edərək bildirdi ki, onlar həqiqətən xx.xx.2023-cü il tarixdə 2500 manat pulu video çəkilişlə almışlar. İddiaçı ilə 3100 manat qaytaracaqlarına dair razılaşmışlar. Hər ay 162 manat ödəməli idi. Lakin hər ay müxtəlif məbləğlərin ödənilməsi tələb olunurdu. Onların iddiaçıya təxminən 1300 manat borcu qalmışdır. Qətnamə çıxarılarkən göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh2 iddia tələbini qismən qəbul edərək bildirdi ki, qızı xəstə olduğuna görə onlarda iddiaçıdan borc almışlar. İddiaçının onlara atdığı linklərə əsasən ödəniş etmişlər. Hər dəfə onlar müxtəlif məbləğlər ödəmişlər. İddiaçı öz telefonunda olan proqramla onların karta vurduqları pulları çıxarmışdır. Buna görədə onlar ödənişləri dayandırmışlar. Onlar həmin məbləği 2 ilə ödəməli idilər. Onlar ümumi olaraq 13 ay ödəniş etmişlər. Onlar qrafik əsasında qalıq borclarını ödəməyə razıdırlar. Məhkəmə tərəflərin izahatlarını dinləyib, hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, müraciətində göstərilən xüsusatlar mülki xarakterli olduğundan məhkəməyə müraciət etmək məqsədəmüvafiq olduğu bildirilmişdir. İşdə+ olan "xxxx" KB ASC-nin İddiaçı ünvanladığı bildirişdən görünür ki, "xxxx" KB ASC ilə aralarında xx.xx.2023-cü il tarixdə bağlanmış UCARD kredit xətti müqaviləsinə əsasən öz üzərinə götürdüyü öhdəlikləri icra etməməsi və bu günə olan banka 588 manat məbləğində gecikdirilmiş borcun olduğu bildirilmişdir. “İnsan Hüquqları və X2 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Adı çəkilən Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1 və 135.2-ci maddəsinin tələblərinə görə pul da əmlak hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan qanunveriçilik normalardan çıxış edərək məhkəmə belə nəticəyə gəlir ki, hazırki mübahisə üzrə cavabdehlər varlanmış şəxs, iddiaçı isə məhrum olandır. Cavabdehlərin varlanmasına haqqı qazandıran əsas və ya müqavilə olmadığı üçün o, əldə etdiyini iddiaçıya qaytarmalıdır. Belə ki, cavabdehlər hazırda iddiaçıya 1300 manat borclu olduqlarını qeyd etsələrdə bu barədə heç bir sübut məhkəməyə təqdim etməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərçləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2700 (iki min yeddi yüz) manat borc məbləğinin, dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 47 (qırx yeddi) manat, cəmi 2747 (iki min yeddi yüz qırx yeddi) manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar