Məhkəmə qərarları › İş №2(060)-4980/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4980/2024

18.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4980/2024 18.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 900 manat məbləğində borc pulun və 30 manat ödənilmiş dövlət rüsumunun cəmi 930 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 650 manat məbləği və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, onun cavabdehi təxminən 3-4 ay olar ki, tanımışdır. Cavabdehlə yaxın münasibətləri olmuşdur. Onlar tez-tez görüşüb ünsiyyətdə olmuşlar. Zamanlar münasibətləri dosluq müstəvisinə keçmişdir. Cavabdeh aralarında yaranan səmimi münasibətlərdən istifadə edərək ondan 900 manat məbləğində maddi ziyan vurmuşdur. Belə ki, 2024-cü ilin may ayının əvvəllərində ondan 200 manat borca pul istəmişdir. O da ona inandığı üçün 200 (iki yüz) manat pul vermişdir. Daha sonra o, 2024cü ilin təxminən may ayının ortalarında ona zəng vuraraq Abşeron Rayon Məhkəməsində və Abşeron Rayon İcra və Probasiya İdarəsində ciddi problemlərinin olduğunu bildirərək borc pul lazım olduğunu bildirmişdir. Pulun ona nə məqsədlə lazım olduğunu soruşduqda hansısa mülki işlə bağlı məhkəmədə işinin olduğunu bildirmişdir. Cavabdeh 21 may 2024cü il tarixdə ona öz vatsap nömrəsindən sms göndərərək 23 may 2024-cü il tarixdə saat 12:20-dək pul ödənilməsə onu inzibati qaydada həbs edəcəklərini demişdir. O, həqiqətən də probleminin olduğunu düşünmüşdür. Ona inandığı üçün 200 (iki yüz) manat pul vermişdir. Bundan bir neçə gün sonra güya vəkillə müqavilə bağlamaq üçün 500 manat əlavə pula ehtiyacının olduğunu bildirmişdir. 500 manat da əlavə borc istəmişdir. O, əlavə olaraq 500 manat da vermişdir ki, işlərini qaydasına qoya bilsin. Bundan sonra onlar yenə görüşürmüşlər. Münasibətləri də əvvəlki kimi qaydasında olmuşdur. Söhbət əsnasında məsələlərin nə yerdə olduğunu soruşmuşdur. O da ona işlərinin qaydasına düşdüyünü 500 manat da əlavə ödəniş edəcəyi təqdirdə bütün problemlər həll olunacağını bildirmişdir. Əlavə 500 manat verməyini və bütün borcunu 2024-cü ilin iyun ayının 1-nə kimi qaytaracağını bildirmişdir. O, cəmi 450 manat məbləğində pul verə biləcəyini bildirmiş və 450 manat vermişdir. O da ona bütün borcunu 2024-cü ilin iyun ayının 1-i qaytaracağını bildirmişdir. Belə ki, ayın 1-i ona Türkiyədən yaxın qohumunun pul göndərəcəyini və onun pulunu qaytaracağına onu inandırmışdır. Bundan bir-iki gün sonra o, onunla görüşmək istədiyini bildirmişdir. O, işlərinin olduğunu, görüşə bilməyəcəyini bildirmişdir. Daha sonra onun zənglərinə cavab verməmişdir. May ayının təxminən sonlarına yaxın o, ona dəfələrlə zəng etsə də telefonuna cavab verməmişdir. SMS bildirişlərə isə gah cavab yazmış, gah da yazmamışdır. Ona göndərdiyi elektron bildirişi yaxın vəkil dostuna göstərən zaman məlum olmuşdur ki, elektron bildiriş saxtadır. Ümumiyyətlə məhkəmələrin elektron bildirişlərində işin nömrəsi, tarixi, vaxtı, yeri və işə baxan hakimin adı göstərilməlidir. Bundan sonra o, cavabdeh tərəfindən aldadıldığını başa düşmüş və polisə müraciət etmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin rəisi Anar Rüstəmovun 08 iyul 2024-cü il tarixli, 2-4829 məktubu ilə aidiyyatı üzrə məhkəməyə müraciət etməsi bildirilmişdir. Cavabdeh onun etibarından sui-istifadə edərək pulunu mənimsəmiş ona ödəməli olduğu borc məbləğini bu günə qədər geri qaytarmamışdır. Belə olan halda o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə etdiyini bildirərək, onun təmin olunmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, faktiki borc 650 manat təşkil edir. İlkin borc 1150 manat olmuşdur. İş polisdə olarkən 250 manat, məhkəmə başladıqdan sonra isə 250 manat ödəmiş, yerdə 650 manat borc qalmışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Leobank tərəfindən verilmiş mədaxil qəbzlərindən görünür ki, İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə 360 manat, xx.xx.2024-cü il tarixdə 200 manat, xx.xx.2024-cü il tarixdə 500 manat və xx.xx.2024-cü il tarixdə 90 manat məbləğlərində vəsait Firəngiz.H-ya ödənilmişdir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Nərimanov Rayon Polis İdarəsi 16-cı Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-13-50-1/2-2- 4829 nömrəli müraciətə cavabdan görünür ki, vətəndaş Cavabdeh ilə aralarında olan məsələnin həlli mülki məsələ olduğu müəyyən edilmişdir. Qaldırılan məsələnin həlli daxili işlər orqanlarının səlahiyyətinə aid olmadığı üçün “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.10-cu maddəsinə əsasən müraciətlə bağlı mülki qaydada rayon məhkəməsinə müraciət etməyinin məqsədə müvafiq olması bildirilmişdir. - Dövlət rüsumunun qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün Sumqayıt Şəhər Məhkəməsinin hesabına 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. - İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Leobank tərəfindən verilmiş mədaxil qəbzlərindən görünür ki, Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə 50 manat, xx.xx.2024-cü il tarixdə 50 manat, xx.xx.2024-cü il tarixdə 50 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 50 manat, xx.xx.2024-cü il tarixdə 100 manat məbləğlərində ödənişlər edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdeh iddiaçıdan qaytarmaq şərtilə borc olaraq 1150 manat pul məbləği almış, iddiaçının məhkəmə iclasında bildirdiklərinə və işin araşdırılan hallarına əsasən cavabdeh polisdə olarkən 250 manat, məhkəmə başladıqdan sonra isə 250 manat ödəmiş, yerdə 650 manat borc qalmışdır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Avropa Məhkəməsi “Hakansson və Sturesson İsveçə qarşı” iş üzrə 1990-cı il 21 fevral tarixli Qərarında qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun X1 şikayəti üzrə 2017-ci il 26 may tarixli Qərarında mütənasiblik prinsipinə kifayət qədər aydınlıq gətirilmiş, məhdudiyyətlər tətbiq edilərkən nəzərə alınmalı olan qanunvericilik normaları açıqlanmış və belə məhdudiyyətlərin tətbiq edilməsi zamanı mütənasiblik, qanuni məqsədə uyğunluq prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanmışdır. Qərarda göstərilmişdir ki, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Konstitusiya məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Mülki Prosessual Məcəllənin 76, 77, 88 və 89-cu maddələrinə uyğun olaraq, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında göstərilmişdir ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, tərəflər arasında olan münasibətdən istifadə edərək cavabdeh pulu ödəməyi barədə öhdəlik götürmüş, lakin həmin öhdəlik onun tərəfindən lazımınca icra edilməmiş, nəticədə 650 manat borcu yaranmışdır. Ona görə də iddia əsaslı olduğundan təmin edilməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməli, iddianın qiyməti 1000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat olmalıdır. (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsi). Hazırda iddia tələbinin təmin edilən hissəsi 650 manat olduğundan iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 650 manat məbləğində pul və 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar