Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-499/2023 17.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 23600 manat məbləğində pulun və məhkəməyə iddia qaldırılması üçün ödənilmiş 162 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 3000 manat məbləğində borc pul vermişdir. Həmçinin xx.xx.2021-ci il tarixində Kapital Bankdan öz adına götürdüyü 10600 manat krediti və 10000 manat nağd şəkildə pulu Cavabdeh vermişdir. Cavabdeh hazırki borcu 2022-ci ilin fevral ayına kimi qaytarmalı idi. Lakin cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirməklə borcu qaytarmaqdan yayınır. Ona görə də cavabdehin ona borclu olduğu 23600 manat borcun geri alınması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətindədir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, məhkəmənin icraatında İddiaçı ona qarşı pul tələbinə dair iddia tələbi var. Həmin iş üzrə iddiaçı ondan 23600 manat məbləğində pulun və məhkəməyə iddia qaldırılması üçün ödənilmiş 162 manat dövlət rüsumunun tutulmasını tələb edir. Bildirir ki, o, iddia tələbini qəbul etmir. Belə ki, xx.xx.2018ci il tarixdə Sumqayıt şəhər 1 saylı notariat kontorunun xüsusi notariusunda kredit müqaviləsi bağlayaraq 3000 manat məbləğində pul götürmüşdür. Aralarında olan razılaşmaya əsasən o, “Kapitalbanka” məxsus iş kartını iddiaçıya təhvil vermişdir ki, hər ay kartından pul çıxarıb borcundan götürsün, iddiaçı həmin məbləği 2021-ci ilin oktyabr ayına qədər onun maaş kartından artıqlaması ilə götürüb, yəni 6000 manat məbləğində maaş kartından pul götürmüşdür. 2021-ci ildə o, cavabdehə bildirmişdir ki, ona olan borcunu artıqlaması ilə maaş kartından götürmüsən, onun maaş kartının vaxtı bitib, kartı yenisi ilə yenilənib, artıq köhnə kartı işləmir, kartın özünə geri qaytarsın. O, bundan sonra onu və ailə üzvlərini tez-tez qapıya gələrək narahat edərək, nalayiq söyüşlərlə təhqir edərək guya onun cavabdehə 3000 manatın üzərinə faizlər gələrək 10000 manat borcu var. Tamara ona bildirmişdir ki, bu əlyazma aralarında olan razılaşmadır, o, isə məcbur olub səs-küy yaratmamasından ötrü həmin əlyazmanı yazmağa razılıq vermişdir. Halbuki, onun cavabdehə heç bir borcu yox idi, çünki, Tamara onun maaş kartından 3000 manat olan borcuna görə 6000 manat pul götürmüşdür. Bir müddət keçdikdən sonra ona hədə-qorxu gələrək qonşular qohumlar içərisində biabır etmişdir ki, o, cavabdehi evinə buraxıb, ondan yenidən əlavə pul tələb etsin. O, elə bu səbəbdən məcbur olub onu Sumqayıt şəhər Polis İdarəsinə yazılı ərizə ilə şikayət etmişdir. Hal-hazırda həmin iş üzrə araşdırma aparılır. Halbuki, onun Tamaraya heç bir borcu yoxdur, iddia tələbi tamamilə qanunsuz və əsassızdır. Onun təqdim etdiyi sənədlər sübut kimi hesab edilə bilməz. Ona görə də hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd olunmalıdır. Əlavə olaraq bildirir ki, onlar Tamara ilə illərdir yaxından tanışdırlar, 2015-ci ildə ona təcili 1500 manat pul lazım olduğu üçün Tamaradan borca pul götürmüşdür, həmin məbləğdən müəyyən hissəsini Tamaraya qaytarmış, 2017-ci ildə Tamara onu məhkəməyə vermiş, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2080/2017 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Fikrət Əliyev) ondan 1981 manat məbləğində pulun tutulub İddiaçı verilməsi qət edilmişdir. Həmin borc ödənilib, Sumqayıt İcra Şöbəsində borc qaytarılması ilə bağlı işə xitam verilmişdir. Qeyd olunanlara əsaslanaraq, Azərbaycan Respublikası MPM-nin 154-cü maddəsini rəhbər tutaraq məhkəmədən, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, cavabdeh onun bacısı ilə Tibb Kollecində oxuyub, daha sonra ailə dostu olmuşdurlar, bir-birilərinə gedişgəlişləri var. Cavabdeh qızıl alveri ilə məşğul olmuşdur. Cavabdehin borcu var idi və buna görə də evində olan bütün əşyaları demək olar ki, satmışdı. Onun da cavabdehə yazığı gəldiyinə görə ona kömək etmişdir. Bildirir ki, onun özünün də evi yoxdur, mənzil almaq üçün 20 il idi ki, pul yığırdı. Cavabdehə kömək etmək məqsədi ilə topladığı həmin puldan 10000 manat götürərək əlbəəl ona vermişdir. Daha sonra Bankdan 10600 kredit götürmüş və elə həmin gün götürdüyü krediti aparıb cavabdehə vermişdir. Cavabdeh hər ay ödəniş edəcəyini demişdir. Lakin cavabdeh ödəniş etməmiş, onun maaş kartından tutulmalar olmuşdur. Cavabdehə 3000 manat məbləğində pulu isə 2018-ci ildə notariusda vermişdir. Lakin cavabdeh borcunu qaytarmamış və ona bağını satıb borcunu qaytaracağını demişdir. Məsələ ilə əlaqədar 3-cü Polis Bölməsinə şikayət etmişdir. Lakin mübahisənin mülki xarakterli olduğunu bildirmişdirlər. Onu polis bölməsinə aparsalar da, cavabdeh polis bölməsinə gəlməmişdir. Qeyd edir ki, cavabdehə yazığı gəldiyi üçün həmin pulları inanıb ona vermişdir. Hətta pula dair qəbz də yazmışdılar, cavabdehin həyat yoldaşı və oğlu da şahid kimi qəbzi imzalamışdır. Əlavə olaraq onu da bildirir ki, o, bankdan birkart götürmüşdür, cavabdeh həmin kartı onun çantasından oğurlayıb, daha sonra kartı götürdüyünü ona etiraf etmişdir. Cavabdeh həmçinin həmin kart üzrə də hər ay ödəniş edəcəyini bildirmişdi. Həmin kart üzrə cavabdehin 428 manat məbləğində borc var idi, o, cavabdehin yerinə 430 manat ödəniş etmişdir. Cavabdeh ona cəmi 650 manat məbləğində pul qaytarıb. Cavabdeh 6 dəfə 10 manat, 2 dəfə 20 manat olmaqla ödənişlər edib. Bir dəfə də cavabdehin qonşusu yaşlı qadın ona 400 manat pulu eyvandan ataraq “Seyfəddinin ödənişi bu il bitir, onun maaşına yönəldilə bilər” demişdi. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş digər qəbzlə bağlı bildirir ki, cavabdeh həmin təqdim edilən vərəqi onun əlindən alaraq cırmışdı, ona görə də o, cavabdehə yenidən qəbz yazmağı yazmağı təklif etmişdi. Bir daha məhkəmənin nəzərinə çatdırır ki, cavabdehlə onun münasibətləri çox yaxşı olmuşdur. Hətta o, xəstə yatanda cavabdeh dəfələrlə onun yanına gələrək ona qulluq etmişdir. Bu baxımdan onda cavabdehə qarşı inam yaranmışdır. Aralarında olan yaxın münasibətə görə o, cavabdehə 3000 manat notarial qaydada, 1500 manat da Birbank vasitəsilə, 10600 manat bankdan götürdüyü krediti və əlbəəl 10000 manat pul vermişdir. Hazırda cavabdehin ona 24500 manat məbləğində borcu var. Onu da qeyd edir ki, cavabdehə 3000 manat pulu notarial qaydada verdiyi üçün otuz manat dövlət rüsumu öənilmişdir. Digər pulları notarial qaydada verməməsinin səbəbi notariat xərcinin çox olması ilə bağlı olmuşdur. Nəticədə pulu adi qaydada vermişdir. İddiaçı qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq (məhkəmə bildirişinə imza etməklə) iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli məhkəmə iclaslarında iştirak Cavabdeh iddia tələbinə dair izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Yoldaşı müharibə veteranıdır, oğlu müharibədə iştirak edir. İddiaçı faizə pul verən insandır. Onların arasında hələ 2018-ci ildə məhkəmə mübahisəsi olmuşdur. Həmin qətnaməyə əsasən ondan iddiaçının xeyrinə təxminən 1500 manat pul tutulmuşdur. O borcunu tam şəkildə ona qaytarmışdır. İddiaçı bu məsələ ilə əlaqədar onun ətrafında olan hər kəsi narahat edir. Halbuki o, borcunu son qəpiyinə kimi ödəmişdir. İddiaçı borc kimi verdiyi pulun məbləğini şişirdir. Belə ki, iddiaçı verdiyi 3000 manat pulu 6000 manat, 6000 manat pulu isə 9000 manat məbləğində ödənilməsini tələb edir. Hazırda iddiaçının ondan 10000 manat tələb etməsinin heç bir əsası yoxdur. İddiaçıdan aldığı pulları artıqlaması ilə qaytarıb. Onu da bildirir ki, hətta 2019-cu ildən 2021-ci ilə kimi onun kartı iddiaçıda olub. Məhkəmənin nəzərinə çatdırır ki, iddiaçı köhnə borcundan 600 manat qaldığı halda ona qarşı 1500 manat pul tələbi ilə məhkəməyə müraciət etmiş və həmin məhkəmədə iddia tələbi təmin edilmiş və iddiaçı qalib gəlmişdir. İddiaçı ona qaytarılan pulları etiraf etmişdir. Məhkəməyə təqdim edilmiş səs yazısı ilə bağlı bildirir ki, həmin yazılar keçən ilin yay ayına aiddir. Onun məhkəməyə təqdim etdiyi əlyazmanın bir tərəfini o, digər tərəfini isə iddiaçı yazıb. İşdə olan əlyazma ilə bağlı bildirir ki, iddiaçı dəfələrlə ona belə yazılar yazdırıb. Hər dəfə əvvəlki kağızı cıraraq borcun məbləğinin artdığını demiş, ona yeni kağız yazdırmışdır. Məhkəməyə təqdim etdiyi əlyazmanı da iddiaçı cırmış, yeni əlyazma tərtib etmiş və əlavə faizilər hesablayaraq qeydlər aparmışdır. Bir daha məhkəmənin nəzərinə çatdırır ki, onun cavabdehə bir qəpik belə borcu qalmayıb. İddiaçı borc məbləği tam ödənildikdən sonra da əlavə faizlər hesablayaraq əlavə pul ödənilməsini tələb edir və beləliklə də, onu və digər insanları narahat edir. Hər dəfə yaşadığı yerə gələrək səs-küy salmış, onu təhqir etmişdir, o da iddiaçı ondan əl çəksin deyə belə yazılar yazmışdır. Onu da qeyd edir ki, o borc məsələsi ilə bağlı ümumiyyətlə polis bölməsində olmamışdır. Bir dəfə iddiaçı yenə onun evinə gəlmiş, oğluna qarğış etmiş, o da əsəbləşərək onu itələmişdir. Həmin inzibati xəta ilə bağlı keçirilən məhkəmə iclasında da iddiaçı dəfələrlə borc məsələsinə toxunmuş, lakin məhkəmə iclasına sədrlik edən hakim borc məsələsinin bu işə aid olmadığını, mülki qaydada mübahisələndirməsini iddiaçıya bildirmişdir. İddiaçı həmin iclasda hətta onunla barışmaq da istəmiş, lakin o, barışmayacağını bildirmişdir. Həmin iclasda borc məsələsi ilə bağlı o heç bir söz deməmişdir. Hətta bununla bağlı həmin iclasın videogörüntüsünü istəmiş, məhkəmə tərəfindən videogörüntünün ona təqdim edilməsinin mümkün olmadığı bildirilmişdir. Cavabdeh qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarına əlavə olunmuş İddiaçı ilə Cavabdeh arasında notarial qaydada bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixədək qaytarmaq şərti ilə Cavabdeh 3.000 (üç min) manat məbləğində borc pul vermişdir. İşdə olan ödəniş qrafikindən görünür ki, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli GTKR3896265A125 saylı Kredit müqaviləsinə əsasən İddiaçı Bank tərəfindən 35ay müddətinə, illik 24.71% olmaqla 10600 manat məbləğində kredit verilmişdir. İşdə olan əlyazma ilə yazılmış xx.xx.2021-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh İddiaçı Kapital bankdan müqavilə GTKR3896265A 125 kodu ******* – 35 aylıq 2021-ci ildən əsasən öz adına götürdüyü nağd krediti (ayda 428 manat olmaqla) ona təqdim edib. Bundan əlavə Yaşmada bağını özəlləşdirməkdən ötrü pul lazım olduğundan 10000 manat məbləğində nağd pul götürmüşdür. Bu pulu iyul 2021-ci ildə götürmüşdür. İpotekanı 2022-ci ilin fevral ayında alınan kimi borcu qaytaracaqdır. İltizam Cavabdeh tərəfindən imzalanmışdır. İltizama sonradan “10600 manat” və “1500 manat Birkart” sözləri əlavə edilmişdir. İşdə olan “Cinayət təqibinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, NK-1/1681 saylı, 2308.2022-ci il tarixli material üzrə cinayət təqibinin başlanması rədd edilmiş, qərarın surəti Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən inzibati tənbeh tədbiri görülməsi üçün Sumqayıt ŞPİ-nin 3-cü PB-nə göndərilmişdir. İşdə olan Sumqayıt şəhər Məhkəməsinin 3(060)-2550/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin qərarla Cavabdeh Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təsirli bilinmiş və ona 300 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İşdə olan İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli RGTK7013320A125 saylı Kredit müqaviləsindən görünür ki, İddiaçı Bank tərəfindən 59 ay müddətinə, illik 20% olmaqla 10261.21 manat məbləğində kredit verilmişdir. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(105)- 1436/2018 saylı qətnaməsindən görünür ki, Cavabdeh apellyasiya şikayəti təmin olunmamış, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-2080/2017 saylı qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamənin məzmunundan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-2080/2017 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 1500 manat məbləğində borcun, 481.67 manat məbləğində maddi ziyanın, dövlət rüsumu kimi ödənilmiş 30 manat və xidmət haqqı kimi ödənilmiş 1 manat pulun tutularaq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı Bankdan götürdüyü 10600 manat məbləğində pulu və əlavə olaraq 10000 manat pulu iddiaçıya verməsi ilə bağlı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 12 aprel 2021-ci il tarixli Qərarında göstərmişdir: «Qeyd edilməlidir ki, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr məcburetmə və s. bu kimi əsaslardan dolayı əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar) Məhkəmə qeyd edir ki, əqddə iştirak edən tərəfin müqaviləni şəxsən, həm də könüllü olaraq imzalaması həmin əqdin etibarlı olması üçün yetərli və yeganə əsas deyildir. Əqdin etibarlı olması üçün həm də və mütləq qaydada tərəflərin onun nəticələrinə yönələn həqiqi iradəsinin mövcud olması vacibdir. Məhkəmə isə hesab edir ki, hazırda məhkəməyə təqdim edilən iltizam tərəflərin həqiqi iradəsini əks etdirmir, hər hansısa hüquqi nəticə əldə etməyə yönəlməmişdir və yalnız görünüş üçün bağlanmışdır. Belə ki, məhkəmə tərəflər arasında hələ 2017-ci ildən borc məsələsi ilə bağlı məhkəmə mübahisəsinin olduğunu, tələb olunan məbləğdən (20600 manat) dəfələrlə az məbləğdə pulun (3000 manat) notarial qaydada təsdiqlənmiş kredit müqaviləsi əsasında verildiyini nəzərə alaraq, iddiaçının 20600 manat məbləğində pulu cavabdehə verməsini inandırıcı, ağlabatan və məntiqli hesab etmir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə hesab edir ki, iddia tələbi yalnız xx.xx.2018-ci il tarixli kredit müqaviləsi əsasında 3000 manat məbləğində pulun verilməsi hissəsində əsaslı şübhədənkənar mötəbər sübutla təsdiq olunur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən iddia tələbi tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə üzrə 3000 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində əsaslıdır. Məhkəmə onu da qeyd edir ki, cavabdeh sözügedən kredit müqaviləsi üzrə iddiaçıya olan borcunu tam məbləğdə ödədiyini bildirsə də, məhkəməyə bununla bağlı sübut təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 3000 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi qismən (təxminən 13 faiz hissədə) təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 162 manatın 21 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməli, 141 manatı isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 3000 (üç min) manat məbləğində pul və 21 (iyirmi bir) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-499/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-499/2023
17.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver