Məhkəmə qərarları › İş №2(060)-5/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5/2021

03.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5/2021 03.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi ilə, İddiaçı «xxxx» KB ASC-nin Cavabdeh qarşı “pul tələbinə” dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(060)-13747/2015 saylı məhkəmə əmrinə əsasən xx.xx.1964-cü ildə Sumqayıt şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan borclu Cavabdeh kreditor «xxxx» Kommersiya Bankı ASC-nin xeyrinə 2622,90 ABŞ dolları əsas, 150,68 ABŞ dolları faiz, 61,52 ABŞ dolları cərimə, cəmi 2835,10 ABŞ dolları borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulması əmr edilmişdir. Borclu Cavabdeh qeyd olunan məhkəmə əmrindən etiraz ərizəsi vermiş və Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(060)-13747/2015 saylı məhkəmə əmri ləğv edilərək iddia icraatına keçilmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı «xxxx» KB ASC ilə cavabdeh X1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 18 ay müddətinə, illik 26% ödəmək şərtilə 4000 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxanda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Nəticədə borclunun x xxxxxx 2015-ci il tarixinə kredit müqaviləsi üzrə «xxxx» KB ASC-yə 2622.90 ABŞ dolları əsas borc, 150.68 ABŞ dolları faiz borcu və 61.52 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 2835.10 ABŞ dolları borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi göstərmişdir ki, cavabdehə problemli kreditlər üzrə kompensasiya ayrılmış, lakin ayrılmış kompensasiyadan 2356.52 manat cavabdehin “xxxx” ASC-yə olan borcuna, 2704.07 manat isə “xxxx” ASC-də olan borcundan silinmişdir. Yəni ayrılmış kompensasiya cavabdehin “xxxx” KB ASC-yə olan borcuna yönəlməmişdir. Bundan başqa bu müddət ərzində cavabdeh tərəfindən ödənişlər edilmiş və hal-hazırda cavabdehin borcu 2397.75 manat təşkil edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan kredit müqaviləsindən görünür ki, iddiaçı «xxxx» KB ASC ilə cavabdeh X1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 18 ay müddətinə, illik 26% ödəmək şərtilə 4000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan UB-BANK/PİKMD/384063 nömrəli, xx.xx.2015-ci il tarixli arayışdan görünür ki, Cavabdeh banka 2622.90 ABŞ dolları əsas borc, 150.68 ABŞ dolları faiz borcu və 61.52 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 2835.10 ABŞ dolları kredit borcu vardır. İş materiallarına əlavə edilmiş UB-BANK/PİKMD/936555 nömrəli, xx.xx.2021ci il tarixli arayışdan görünür ki, Cavabdeh banka 2397.75 ABŞ dolları əsas borcu vardır. İş materiallarında olan bildiriş məktubundan görünür ki, Cavabdeh iddiaçı «xxxx» Kommersiya Bankı ASC-yə olan borcunu ödəməsi üçün lazımi qaydada xəbərdar edilmişdir. İşin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Cavabdeh banka olan borcunun bir hissəsini ödəmiş və hal-hazırda onun banka 2397.75 ABŞ dolları əsas borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1. və 739.2. maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3. maddəsinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 428.4. və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.1. maddəsinin tələbinə əsasən iddianın qiyməti 500 manatdan çox olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eyni zamanda, iş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmə əmrinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət edildiyi zaman işin əmr icraatı qaydasında baxılması ilə əlaqədar 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2. maddəsindən görünür ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu, həmçinin dövlət büdcəsinə ödənilməmiş qalan 10 manat dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq müvafiq olaraq iddiaçının xeyrinə və dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 2397.75 ABŞ dolları borc və iddia ərizəsi üçün ödənilmiş 20 manat məbləğində dövlət rüsumu iddiaçı «xxxx» Kommersiya Bankı ASC-nin xeyrinə tutulmalı, həmçinin cavabdehdən 10 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2397.75 ABŞ dolları borc ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu iddiaçı «xxxx» Kommersiya Bankı ASC-nin xeyrinə tutulsun. Cavabdeh 10 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar