Məhkəmə qərarları › İş №2(060)-50/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-50/2021

04.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-50/2021 04.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbinə» dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul tələbinə» dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh əsassız varlanma nəticəsində əldə edilmiş 8500 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək göstərdi ki, 2018-ci ilin yanvar ayında iddiaçı özünə məxsus Niva markalı, **-AJ-*** dövlət nömrə nişanlı avtomaşını satmaq üçün onun şəklini və məlumatları “Turbo.az” saytına yerləşdirmişdir. 06.02.2018-ci il tarixdə, ***-***-**-** mobil nömrəsindən cavabdeh iddiaçıya zəng edərək maşının üzərində pul ödəməklə özünə məxsus “Wolfsvagen Passat” markalı maşın ilə barter etməyi təklif etmişdir. İddiaçı bir gün sonra yəni 07.02.2018-ci il tarixdə dayısı oğlu Səxavət Piriyevlə birlikdə Sumqayıt şəhərində avtovağzalın yaxınlığında yerləşən “KARS 039” avtosalonuna getmişdir. Orada **-BF-*** dövlət qeydiyyat nişanlı “Wolfsvagen Passat” markalı maşını bəyənmiş, onlar iddiaçıya “Niva” maşının qarşılığında barterdən sonra 4200 manat pul vermişlər. Maşını barter edən zaman avtosalonun işçisi olan Rafael iddiaçıya baş etibarnaməni Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən Notariat kontorunda vermişdir. Təxminən bir həftə sonra iddiaçıya poçtla maşının mülkiyyətçisi Yusif adlı şəxsin etibarnaməni ləğv etdirməsi barədə məktub gəlmişdir. Bir neçə gün sonra Rafaelin dostu ilə birlikdə Bərdə rayonuna gedib Yusiflə görüşmüşdür. Görüş zamanı Yusif iddiaçıya maşının ikinci sahibi İlqar adlı şəxsin borclu olduğunu və bu səbəbdən etibarnaməni ləğv etdirdiyini bildirmişdir. Baş vermiş hadisə ilə bağlı iddiaçı Sumqayıt Şəhər Polis idarəsinə şikayət etmişdir. Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılan zaman Cavabdeh öz izahatında “Kars 039” adlı avtomobil salonunda işlədiyini, iddiaçıya məxsus Niva maşınını 12500 manat dəyərində qiymətləndirdiyini “Wolfsvagen Passat” maşınını iddiaçıya alqı-satqı ilə deyil baş etibarnamə ilə verdiyini bidirmişdir. İddiaçıya verilən baş etibarnamə 11 ay müddətinə verilmiş və bu müddət ərzində qeyd edilən avtomobili iddiaçı adına rəsmiləşdirmək imkanı olmuşdur. Ancaq 11 gündən sonra etibarnamə ləğv edilmişdir. Cavabdeh Yusiflə bağlı problemi əvvəlcədən bilmiş, maşını alqı-satqı yolu ilə iddiaçıya satmayaraq əsassız varlanmışdır. Odur ki, iddiaçının ödədiyi 8500 manat pul geri verilməlidir. Bu baxımdan iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərdi ki, o, avtomobil satışı ilə məşğuldur. İddiaçı onların satışa qoyduğu “Wolfsvagen Passat” markalı avtomobili bəyənib almışdır. O, avtomobili satan zaman iddiaçıya etibarnamə vermiş və bildirmişdir ki, avtomobili gedib adına rəsmiləşdirsin. Bir müddət sonra iddiaçı ona bildirmişdir ki, həmin avtomobilin üzərinə həbs qoyulmuşdur. O, sonradan xərc çəkib, vaxt sərf edərək iddiaçı ilə birlikdə gedib “Wolfsvagen Passat” markalı avtomobilin sahibini tapmışdır. “Wolfsvagen Passat” markalı avtomobilin sahibi onlara bildirmişdir ki, avtomobilin satılmasından 2500 manat pul ödənilməmişdir. Hesab edir ki, avtomobilin alqısatqısı zamanı onun heç bir günahı olmamışdır. Ona görə də iddia tələbi əsassızdır və rədd edilməlidir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin mübahisələndirilməyən faktiki hallarından görünür ki, tərəflər “Niva” markalı və “Wolfsvagen Passat” markalı avtomobillərin alqı-satqısı və dəyişdirilməsi barədə razılığa gəlmiş, həmin razılığa əsasən iddiaçıya məxsus “Niva” markalı avtomobil 12500 manat, cavabdehin işlətdiyi “Avto Salonda” satdığı “Wolfsvagen Passat” markalı avtomobil isə 8500 manat qiymətləndirilmiş, cavabdeh iddiaçıya bu razılığa əsasən 4000 manat ödəmişdir. Bundan sonra “Niva” markalı avtomobil cavabdehdə qalsa da, iddiaçı avtomobilin mülkiyyətçisi tərəfindən etibarnəmə ləğv edildiyinə görə avtomobili öz adına rəsmiləşdirə bilməmiş və məhkəmə qətnaməsi ilə “Wolfsvagen Passat” markalı avtomobilin iddiaçıdan alınaraq, avtomobilin mülkiyyətçisi olan X1 verilməsi qət edilmişdir. Bununla da, cavabdeh hüquqi əsas olmadan iddiaçının hesabına əmlak əldə etmiş və əsassız varlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Bundan başqa, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 8500 manat və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 8530 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 241-244, 252 və 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 8500 manat və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 8530 manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar