Məhkəmə qərarları › İş №2(060)-5038/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5038/2023

12.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5038/2023 12.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "alimentin tutulma qaydasının dəyişdirilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı "alimentin tutulma qaydasının dəyişdirilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 13 dekabr 2009-cu ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahdan iki övladları var: xx.xx.2012-cı il təvəllüdlü X3 və xx.xx.2020-cı il təvəllüdlü X4. xx.xx.2022-ci il tarixli, 2(060)-5914/2022 saylı Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə aralarında olan rəsmi nikahın pozulması, birgə nikahdan olan uşaqların iddiaçının yanında qalmasının müəyyən olunması və həmin uşaqların saxlanması üçün hər ay cavabdehin qazancının 1/3 hissəsi miqdarında alimentin tutulub iddiaçıya verilməsi qət edilmişdir. İddiaçı məhkəmə qətnaməsinə əsasən hazırda 272 manat aliment alır. Aldığı 272 manat məbləğində alimentlə övladını saxlamaqda çətinlik çəkir. Cavabdeh isə iddiaçıya əlavə olaraq heç bir köməklik etmir. Uşağın böyüməsi ilə əlaqədar olaraq iddiaçının təlabatları da günü-gündən artır. İddiaçı uşağın mənafeyi, onun normal, yəni qida rasionlarına uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafı nəzərə alınmalıdır. Göstərilənlərə əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-5914/2022 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişərək, Cavabdeh hər ay 440 manat sabit pul məbləğində alimentin tutulub, birgə nikahdan olan xx.xx.2012-cı il təvəllüdlü X3 və xx.xx.2020-cı il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdeh X5 məhkəməyə teleqram göndərərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmiş, iddia tələbinə etiraz etdiyini, onun aylıq gəlirində qətnamə çıxandan dəyişiklik olmadığını, sərhəd xidmətində çalışdığını bildirmişdir.

5. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZ-İİ № 902583 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 07 fevral 2012-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçıdır.

8. İş materiallarında olan Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İV № 417334 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 28 yanvar 2020-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçıdır.

9. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5914/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, iddia tələbi təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında Sumqayıt nikah evində xx.xx.2009-cu il tarixdə bağlanmış, 992 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər anası İddiaçı yanında qalması, xx.xx.2022-ci il tarixdən etibarən xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında alimentin tutularaq İddiaçı verilməsi, məhkəmə qətnaməsinin alimentin tutulması hissədə dərhal icra olunması qət edilmişdir.

10. İş materiallarında olan 2 saylı Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 23 yanvar 2023-cü il tarixində verilmiş nikahın pozulması şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahları pozulmuş və nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 03 nömrə ilə qeyd edilmişdir.

11. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MŞS/MT030/2023-01323 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı 50 manat məbləğində mediasiya xərci ödəmişdir.

12. İş materiallarında olan «Elektron Məhkəmə» sistemindən olan çıxarışa əsasən İddiaçı X7 Təhsil İdarəsində müəllim vəzifəsində çalışır, aylıq maaşı isə 359,44 manatdır.

13. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti N №-li hərbi hissə tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 62 nömrəli arayışdan məlum olur ki, Cavabdeh Dövlət Sərhəd Xidmətində xidmət edir, aylıq maaşı isə 827,03 manatdır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

14. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin birgə nikahlarından iki övladları anadan olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 5914/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasında Sumqayıt nikah evində xx.xx.2009-cu il tarixdə bağlanmış, 992 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2020ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər anası İddiaçı yanında qalması, xx.xx.2022ci il tarixdən etibarən xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmənin sözügedən qətnaməsi ilə təyin edilmiş alimentin məbləği hazırda uşaqların saxlanılmaları üçün kifayət etmədiyindən iddiaçı alimentin sabit məbləğdə müəyyən olunması, yəni cavabdehdən hər ay, hər uşağa 220 manat sabit pul məbləğində aliment tutulması ilə bağlı məhkəməyə müraciət etmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

15. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

16. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1, 29.2-ci maddələrinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir.

17. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.

18. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

19. Həmçinin, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır.

20. Həmin Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

21. «Uşaq hüquqları haqqında» Konvensiyanın müddəalarına əsasən, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsi təmin edilməlidir.

22. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər.

23. Həmçinin, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericilikdə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir.

24. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdehin hal-hazırda rəsmi iş yeri vardır. Bu səbəbdən cavabdehdən hər ay qazancının (digər gəlirlərinin) üçdə bir hissəsi həcmində (təxminən 272 manat) aliment tutulur. Hazırda iddiaçı həmin məbləğin uşaqların saxlanılması üçün kifayət etmədiyini, uşaqlar üçün yaşayış minimumunu əsas götürərək, alimentin sabit pul məbləğində tutulmasını tələb edir.

25. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə aliment 2 formada tutula bilər: 1) qazancın (gəlirin) müəyyən hissəsi kimi; 2) sabit pul məbləğində.

26. Bundan əvvəlki qətnamə ilə qət edilmişdir ki, aliment qazancın (gəlirin) müəyyən hissəsi kimi tutulsun. Ailə Məcəlləsinin 112.1-ci maddəsində qeyd olunub ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. O cümlədən, Mülki Prosessual Məcəllənin 233.4-cü maddəsində qeyd olunub ki, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır.

27. Göründüyü kimi, bu maddələr alimentin miqdarını dəyişmək səlahiyyəti verir. Həmin maddələrin tələbi baxımından alimentin tutulması formasının da dəyişdirilməsi mümkündür, çünki formanın dəyişdirilməsi nəticə etibarilə miqdarın dəyişməsinə səbəb olur.

28. Alimentin tutulması formasının dəyişdirilməsi (qazancın müəyyən hissəsi əvəzinə sabit pul məbləğində tutulması) Ailə Məcəlləsinin 78.1-ci maddəsində müəyyən edilmiş əsaslar mövcud olduğu halda mümkündür. Həmin maddədən görünür ki, bu əsasların sırasına “alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulmasının tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozması” da aiddir. Alimentin qazancın müəyyən hissəsi kimi tutulması iddiaçının marağını əhəmiyyətli dərəcədə pozur. Belə ki, cavabdehin əmək haqqının müəyyən hissəsi kimi tutulma təxminən 272 (iki yüz yetmiş iki) manat təşkil edir. Bu məbləğ də «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən qeyd olunmuş məbləğə uyğun deyildir. Bu hal iddiaçının marağının əhəmiyyətli dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Odur ki, alimentin tutulma forması dəyişdirilməli, aliment sabit pul məbləği kimi tutulmalıdır.

29. Məhkəmə iddiaçının tələb etdiyi alimentin miqdarını nəzərə alaraq, hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməli, sabit pul məbləğində tutulan alimentin miqdarının hər ay, hər uşaq üçün 200 manat miqdarında müəyyən edilməlidir.

30. Məhkəmə qeyd edir ki, iddiaçı tərəf hər ay sabit pul məbləğində 440 manat miqdarında alimentin tutulmasını tələb etsə də, cavabdehin həmin məbləğdə aliment ödəməyə maddi imkanının olduğunu, alimentin məhz həmin məbləğdə tutulması üçün zərurətin mövcudluğunu təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.

31. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci hissəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir.

32. Həmin maddənin 2-ci hissəsinə görə kişi və qadının eyni hüquqları və azadlıqları vardır.

33. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd olunan qanunun normaların mənasından da göründüyü kimi valideynlər öz uşaqlarının saxlanmasında və uşaqları ilə bağlı bütün digər məsələlərin həll olunmasında (tərbiyə, təhsil və s.) bərabər hüquqlara malik olmaqla yanaşı, eyni həcmdə vəzifələr də daşımalıdırlar. Bu ona dəlalət edir ki, cavabdeh bir valideyn kimi uşaqlarını maddi cəhətdən təmin etməyə borclu olduğu kimi iddiaçı da valideyn olaraq öz uşağını saxlamağa borcludur.

34. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.

35. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

36. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə isə bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

37. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

38. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələblərinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

39. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

40. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, tərəflərin birgə nikahından olan övladları xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5914/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh aylıq əmək haqqının 1/3 hissəsi miqdarında tutulmuş aliment dəyişdirilərək, hər ay, hər uşağa 200 (iki yüz) manat, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

43. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

44. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

46. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

47. Həmçinin, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

48. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

49. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

50. Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.

51. Alimentin artırılması ilə bağlı iddiaların hesablanması zamanı əvvəlki qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı nəzərə alınmalıdır.

52. Göründüyü kimi əvvəlki qətnamə ilə alimentin məbləği hissə şəklində, təxminən 272 manat müəyyən edilmişdir. Hazırda 440 manat alimentin tutulması tələb edilir. Belə olan halda «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulduğu üçün (440-272=168 manat. 168 manat x 12 ay = 2016 manat; 1016 x 1% = 10,16 manat. 30+10,16= 40,16 manat) 40,16 manat dövlət rüsumu ödəniləcəkdir.

53. Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddianın qiyməti 1000 manatdan çox olduğundan, cavabdehdən 40,16 manat məbləğində dövlət rüsumu tutulmaqla dövlət gəlirlərinə alınmalıdır.

Nəticə hissəsi:

54. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Tərəflərin birgə nikahından olan övladları xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5914/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh aylıq əmək haqqının 1/3 hissəsi miqdarında tutulmuş aliment dəyişdirilərək, Cavabdeh hər ay, hər uşağa 200 (iki yüz) manat, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 40,16 (qırx manat, on altı qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar