Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5049/2021 29.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Qənbərli Əsəd Eldar oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-164/2020 saylı, 19.03.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, Cavabdeh hər ay 175 manat sabit pul məbləğində aliment tutulub, birgə nikahlarından olan 16.08.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, o, Cavabdeh ilə 29.08.2015-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından 16.08.2017-ci il təvəllüdlü X6 adlı bir övladları var. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-164/2020 saylı 19 mart 2020-ci il tarixli qətnaməsi ilə aralarında olan rəsmi nikahın pozulması, birgə nikahlarından olan 16.08.2017-ci il təvəllüdlü X2 onun yanında qalmasının müəyyən olunması və həmin uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün ondan hər ay qazancının 1/4 hissəsi miqdarında və əlavə olaraq 16.08.2017-ci il təvəllüdlü X2 üç yaşınadək 40 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Birgə nikahlarından olan 16.08.2017-ci il təvəllüdlü X2 üç yaşı tamam olub və məhkəmə qətnaməsi ilə müəyyən olunmuş 40 manat məbləğində pulun ödənilməsinə xitam verilib. Cavabdeh N saylı hərbi hissədə xidmət edir və aylıq əmək haqqı 486,16 manat təşkil edir. Belə olan halda hər ay üçün alimentin məbləği 121,54 manat edir. Həmin məbləğlə isə bir ay ərzində uşağı saxlamaq çətindir. Cavabdeh isə ona əlavə olaraq heç bir köməklik etmir. Uşağın böyüməsi ilə əlaqədar olaraq onun tələbatları da günü-gündən artır. Hesab edir ki, uşağın mənafeyi, onun normal, yəni qida rasionlarına uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafı, həmçinin 2021-ci il respublikamızda uşaqlar üçün yaşayış minimumunun 175 manat olması məhkəmə tərəfindən nəzərə alınmalıdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 164/2020 saylı 19 mart 2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli və cavabdehdən hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutulub, birgə nikahlarından olan 16.08.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün ona verilməlidir. İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, iddiaçı ilə birgə nikahlarından 16.08.2017-ci il təvəllüdlü X6 adlı bir övladları var. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-164/2020 saylı 19 mart 2020-ci il tarixli qətnaməsi ilə aralarında olan rəsmi nikahın pozulması, birgə nikahlarından olan 16.08.2017-ci il təvəllüdlü X2 onun yanında qalmasının müəyyən olunması və həmin uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabehdən hər ay qazancının ¼ hissəsi miqdarında və əlavə olaraq 16.08.2017-ci il təvəllüdlü X2 üç yaşınadək 40 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı narazı qalaraq apellyasiya şikayət vermişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5214 /2020 saylı, 28.09.2020-ci il tarixli qətnaməsi ilə iddiaçının şikayəti təmin edilməmiş və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-164/2020 saylı 19 mart 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnaməyə əsasən hər ay onun əmək haqqından tutulmalar olur. Hər ay öz əli ilə iddiaçıya 125 manat aliment ödəyir. Alimenti ödəməkdə heç bir problemi yoxdur. Lakin alimentin miqdarının hazırkı vəziyyətdə artırılmasına etiraz edir. Belə ki, o, hərbi qulluqçudur, ərazilərin minalardan təmizlənməsi ilə məşğuldur və onun hazırda əmək haqqı 486 manatdır. Onun aylıq əmək haqqında heç bir artım olmayıb. Həçinin atasının banka kredit borcu var və o həmin borcun ödənilməsində atasına maddi dəstək olur. Yenidən nikaha daxil olmasa da, ailə qurmaq niyyətindədir. Ona görə də alimnetin miqdarının dəyişdirilərək ondan hər ay 175 manat sabit pul məbləğində aliment tutulmasına etiraz edir. Cavabdeh qeyd etdiklərinə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. İş materiallarında olan AR DİN-in BPQMİ-nin MAPS Şöbəsinin 11.02.2021-ci il tarixli arayışına əsasən Cavabdeh xx.xx.1991-cı il tarixdə Bakı şəhərində doğulmuş və Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsi, Zabitlər Hərbi şəhərciyi, ev 3, mənzil 15-də qeydiyyatdadır. Tərəflərin birgə nikahından 16.08.2017-ci il təvəllüdlü X6 adlı bir övladları var. (iş materiallarına əlavə edilmiş AZ-İV 018644 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən) İş materiallarında olan 12.02.2012-ci il tarixli, AZ-İ, 375607 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X7 arasında olan nikah Qaradağ Rayon Məhkəməsinin 2(002)-164/2020 saylı 19 mart 2020-ci il tarixli qətnaməsi ilə pozulmuş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 07.05.2020-ci il tarixdə 90 nömrə ilə qeyd olunmuşdur. İşdə olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-164/2020 saylı 19 mart 2020-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə ilkin iddia qismən təmin edilmiş, X7 ilə Cavabdeh arasında 29.08.2015-ci il tarixdə bağlanmış 468 nömrəli nikahın pozulması, birgə nikahdan olan 16.08.2017-ci il təvəllüdlü X2 X3 yanında qalmasının müəyyən olunması və həmin uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabeh Cavabdeh hər ay qazancının ¼ hissəsi miqdarında və əlavə olaraq 16.08.2017-ci il təvəllüdlü X2 üç yaşınadək 40 manat sabit pul məbləğində alimentin tutularaq X4 verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5214/2020 saylı, 28.09.2020-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə ilkin iddia üzrə iddiaçı, qarşılqlı iddia üzrə cavabdeh X5 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-164/2020 saylı 19 mart 2020-ci il tarixli qətnaməsi ilkin iddia üzrə iddiaçı, qarşılqlı iddia üzrə cavabdeh X5 apellyasiya şikayətinə münasibətdə, mübahisələndirildiyi hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir (“Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarı). “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, 2021-ci il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, hazırda yaşayış minimumu haqqında qanunvericiliyin tələbləri dəyişmiş və uşaqların saxlanılması üçün tələb olunan məbləğ artmışdır. Bu səbəbdən məhkəmə 2021-ci il üçün yaşayış minumumunun miqdarını və uşağın mənafeyini nəzərə alaraq hesab edir ki, 16.08.2017-ci il təvəllüdlü X1 üçün müəyyən edilmiş alimentin məbləği dəyişdirilməlidir. Lakin məhkəmə uşaqları saxlamaq vəzifəsinin hər iki valideynin üzərinə düşdüyünü, iddiaçının əmək qabiliyyətli şəxs olduğunu, cavabdehin əmək haqqının məbləğini və hərbi qulluqçu olmasından irəli gələrək başqa qazanc yerinin olmadığını nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-164/2020 saylı 19 mart 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, 140 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında həmçinin göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki iş üzrə alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə görə aliment alınması barədə iddialarda, iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (maddə 119.1). İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır (maddə 119.2). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-164/2020 saylı 19 mart 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 16.08.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-5049/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5049/2021
29.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver