Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-506/2021 01.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “müqavilə üzrə borcun tutulması tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “müqavilə üzrə borcun tutulması tələbinə” dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə 4676.51 manat əsas borcun, 30 manat ödənilmiş dövlət rüsumunun və 0.40 manat xidmət haqqının tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, İddiaçı ASC-nin Sumqayıt filialı ilə X8 arasında bağlanmış 22.09.2014-cü il tarixli, 110-22.09.2014-SM14 saylı kredit müqaviləsinə əsasən X5 36 ay müddətinə illik 22 % dərəcəsi ilə hesablanmaqla, 9000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi bankla Cavabdeh1 və Cavabdeh2 arasında 22.09.2014-cü il tarixli, 110-22.09.2014-SM14 saylı zaminlik müqavilələri imzalanmışdır. X8 04.07.2015-ci il tarixdə vəfat etmiş və ölüm faktı Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmışdır. Ədliyyə Nazirliyinin elektron xidmətlər portalında vərəsəlik işlərinin açılıb- açılmaması barədə məlumatların verilməsi bölməsində X3 vəfatı ilə əlaqədar vərəsəlik işinin açılması barədə hər hansı məlumat aşkar edilməmişdir. Kredit müqaviləsinin şərtərinə əsasən borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləği və ona hesablanan faizləri ödəməlidir. Zaminlik müqaviləsinin 2.1-ci bəndinə əsasən kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə görə zamin kreditor qarşısında cavabdehlik daşımağı və bu borcun özünün malik olduğu pul vəsaitləri, daşınar və daşınmaz əmlakı, banklardakı vəsaitləri, qiymətli kağızları və s. hesabına ödənilməsini öhdəsinə götürmüşdür. Zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən borclu kredit müqaviləsi üzrə öhdəliyi tamamilə və ya hissə-hissə icra etmədikdə zamin kreditor qarşısında kredit məbləğinin, hesablanacaq faizlərin, dəbbə pulunun, icranın gecikdirilməsi və vurulmuş zərərin ödənilməsi üçün məsuliyyət daşıyır. Bundan başqa məhkəmə gedişində müəyyən olunmuşdur ki, mərhum X2 həyat yoldaşı Cavabdeh3 mülki işə faktiki vərəsə olaraq cavabdeh kimi cəlb edilməlidir. Belə ki, borcalan mərhum X4 həyat yoldaşı Cavabdeh3 ailə vəziyyətinin pis olması və yoldaşının dəfn xərclərini qarşılaya bilməsi üçün borcalanın əmək haqqı kartının (avqust ayının ödənişi tutulduqdan sonra) blokdan açılmağını xahiş etmiş, borcalanın həyat yoldaşı Cavabdeh3 krediti hər ayın 22-dən gec olmayaraq (sonuncu ödəniş tarixi 22 sentyabr 2017 ci il) ödəyəcəyinə söz vermişdir. Göstərilənlərə əsasən o, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh1 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, əsas borclu mərhum X8 onun atasıdır. Atası 04.07.2015ci il tarixdə ağ ciyər ödemi səbəbi ilə vəfat etmişdir. Atası vəfat etdikdən sonra analığı olan Cavabdeh3 05.08.2015-ci ildə banka müraciət edərək, ailə vəziyyətinin pis olması və yoldaşının dəfn xərclərini qarşılaya bilməsi üçün borcalanın əmək haqqı kartının blokdan açılmağını xahiş etmişdir. Analığı Cavabdeh3 krediti hər ayın 22dən gec olmayaraq ödəyəcəyinə söz vermişdir. Hesab edir ki, mərhum atasının götürdüyü krediti də, Cavabdeh3 ödəməlidir. Belə ki, atasından qalmış bütün miras Cavabdeh3 tərəfindən faktiki qəbul edilmişdir. Buna baxmayaraq bu müddət ərzində bank tərəfindən Cavabdeh3 qarşı iddia sürülməmiş, atasının ölümündən 5 il keçdikdən sonra, bank zaminlərə qarşı iddia sürmüşdür. Halbuki, Cavabdeh3 05.08.2015-ci ildə əmək haqqı kartının açılması barədə banka müraciət edərək, krediti hər ay hissə-hissə ödəyəcəyinə dair bank qarşısında öhdəlik götürmüşdür. Ona görə də, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh3 qeydiyyatda olduğu ünvanı üzrə məhkəmə bildirişi göndərilmiş, lakin onun faktiki olduğu yer məlum olmadığından məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının nümayəndəsini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan kredit müqaviləsindən görünür ki, İddiaçı ASCnin Sumqayıt filialı ilə X8 arasında bağlanmış 22.09.2014-cü il tarixli, 110- 22.09.2014-SM14 saylı kredit müqaviləsinə əsasən X5 36 ay müddətinə illik 22 % dərəcəsi ilə hesablanmaqla, 9000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan zaminlik müqaviləsinin surətindən görünür ki, kredit müqaviləsinin təminatı kimi bankla Cavabdeh1 və Cavabdeh2 arasında 22.09.2014cü il tarixli, 110-22.09.2014-SM14 saylı zaminlik müqavilələri imzalanmışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 04.07.2015-ci il tarixdə ağ ciyər ödemi səbəbi ilə vəfat etmişdir. İş materiallarında olan 21.08.2020-ci il tarixli, 20/844 saylı arayışdan görünür ki, X3 banka 4676.51 manat əsas borcu vardır. Məhkəmə ilk öncə iddia tələbinin zaminlər Cavabdeh1 və Cavabdeh2 qarşı olan hissəsinə qiymət verməyi zəruri hesab edir. Məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 və Cavabdeh2 aid hissədə rədd edilməlidir. Belə ki, iş materiallarında olan zaminlik müqaviləsinin 13.2-ci bəndində göstərilmişdir ki, borclu kreditor ilə bağladığı 22.09.2014-cü il tarixli, 110-22.09.2014 nömrəli kredit müqaviləsinə əsasən üzərinə götürdüyü borcun əsas məbləğini, faizləri, ödənişlərin gecikdirilməsi nəticəsində vurulmuş zərərin əvəzini, dəbbə pulunu və həmçinin borclunun öz vəzifələrini vaxtında və düzgün yerinə yetirilməməsi səbəblərindən yaranan sair ziyanlar kreditora ödənilənədək qüvvədə olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, öhdəlik hüququnda isə müqavilənin standart şərtlərinə dair normalarda şəffaflıq prinsipinin tərkib hissəsi kimi müəyyənlik prinsipi (tələbi) mövcuddur. Həmin prinsipə əsasən müqavilənin standart şərtlərində dispozisiya şərtləri və hüquqi nəticələr elə dəqiqliklə təsvir olunmalıdır ki, bu zaman bir tərəfdən müqavilənin standart şərtlərinin istifadəçisi üçün əsaslandırılmamış heç bir qiymətləndirmə azadlığı imkanları yaranmasın, digər tərəfdən isə müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquqlarını müəyyənləşdirə bilməsi (onun bu hüquqları həyata keçirməsinin qarşısının alınmaması üçün) mümkün olsun. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir (MM-in 419.1, 419.2 və 420.1.2-ci maddələri). Göstərilən normaların məzmunundan görünür ki, müqavilənin bağlanması üçün onun standart şərtlərinin tam razılaşdırılması, onun mühüm şərtlərinin tərəflər arasında müəyyənləşdirilməsi qanunverici tərəfindən zəruri hal kimi göstərilmişdir. Əks halda müqavilənin hüquqi qüvvəsi və əhəmiyyəti mövcud olmayacaqdır. Məhkəmə qeyd edir ki, sadalananlar zaminik müqaviləsinə də aiddir. Belə ki, zaminin müqavilə əsasında borclunun kreditor qarşısında yarana biləcək öhdəliklərinə borclu ilə birlikdə (müştərək) və ya subsidiar qaydada məsuliyyət daşıması forması müəyyən edilərkən, onunla kreditor arasında bağlanmış müqavilənin mühüm şərtlərinin dəqiq müəyyən edilməsi vacibdir. Başqa sözlə zamin hansı müqavilə üzrə, hansı müddətə, hansı məbləğə və bu məbləğ üçün hesablanacaq hansı faiz dərəcəsinə zamin dayanması barədə müqavilədə iradə ifadələri açıq şəkildə öz əksini tapmalı, müqavilənin bu mühüm şərtləri ona aydın olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İş materiallarından isə görünür ki, əsas borclu X8 04.07.2015-ci il tarixdə vəfat etməsinə və kredit müqaviləsinin müddəti 22.09.2017-ci il tarixdə bitməsinə baxmayaraq, iddiaçı qeyd olunan normaların tələblərini pozaraq, 01.09.2020-ci il tarixdə zaminlərə qarşı məhkəməyə müraciət etmişdir. Məhkəmə, iddia tələbinin Cavabdeh3 aid hissəsinə gəldikdə isə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh3 arasında imzalanmış 05.08.2015-ci il tarixli görüş protokolunun surətindən görünür ki, borcalan X9 04 iyul 2015-cil tarixdə rəhmətə getmişdir. Bununla əlaqədar olaraq borcalanın həyat yoldaşı Cavabdeh3 ailə vəziyyətinin pis olması və yoldaşının dəfn xərclərini qarşılaya bilməsi üçün borcalanın əmək haqqı kartının (avqust ayının ödənişi tutulduqdan sonra) blokdan açılmağını xahiş etmiş, borcalanın həyat yoldaşı Cavabdeh3 krediti hər ayın 22- sindən gec olmayaraq (sonuncu ödəniş tarixi 22 sentyabr 2017 ci il) ödəyəcəyinə söz vermişdir. Ödəniş olunmayacaq halda isə bank Sumqayıt şəhər Məhkəməsinə borcun zaminlərin əmlakına yönəldilməsi üçün iddia ərizəsi ilə müraciət edəcəkdir. İş materiallarına əlavə edilmiş İddiaçı ASC tərəfindən verilmiş 21/590 nömrəli, 01.06.2021-ci il tarixli arayışdan görünür ki, borcalan X4 vəfat tarixindən sonra əmək haqqı kartı üzrə məxaric əməliyyatları üzrə ümumi məbləğ 1539 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər Nikah evi tərəfindən verilmiş nikah haqqında akt qeydinin surətindən görünür ki, X6 ilə X7 arasında 08.11.2001-ci il tarixdə 898 nömrəli nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada “Məmmədova” soyadı verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16.10.2020-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab etmişdir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. İsdən göründüyü kimi X9 vəfat etdikdən sonra onun əmək haqqı kartından Cavabdeh3 tərəfindən 1539 manat məbləğində pul çıxarılmışdır. Ona görə də, məhkəmə hesab edir ki, Cavabdeh3 1539 manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bundan başqa, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödəmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu Cavabdeh3 aid edilməli və ondan alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh3 1539 manat əsas borc, 30 manat ödənilmiş dövlət rüsumu və 0.40 manat xidmət haqqı İddiaçı ASC-nin xeyrinə tutulmalı və iddia tələbi qalan hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh3 1539 manat əsas borc, 30 manat ödənilmiş dövlət rüsumu və 0.40 manat xidmət haqqı İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-506/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-506/2021
01.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver