Məhkəmə qərarları › İş №2(060)-506/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-506/2023

31.01.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-506/2023 31.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən çıxarılma və mənzilin boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 yerləşən 54 nömrəli mənzilindən çıxarılması, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" İKB ASC-dən (hazırkı İddiaçı ASC) ilə X6 arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq ipoteka qoyulmuş, X5 məxsus, ünvan 1 yerləşən 54 nömrəli mənzilinə Sumqayıt Şəhər Məhkəməsinin 31 avqust 2018-ci il tarixli, 2(060)-6814/2018 saylı qətnaməsinə əsasən tutma yönəldilmişdir. Əmlaka dair İddiaçı ASC-nin mülkiyyət hüquqları 22 iyul 2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə DƏDRX-da qeydə alınmış və bankın adına çıxarış alınmışdır. İddia ərizəsinə əlavə edilmiş “Elektron notariat” X1 vasitəsilə Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair çıxarışdan göründüyü kimi, Cavabdeh1 və Cavabdeh2 ünvan 1 yerləşən 54 nömrəli mənzildə qeydiyyatda olmaqla yaşayır. Əmlakın İddiaçı ASC-nin mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdehlər mənzildən çıxmaqdan imtina edirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X7 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, tələbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirdi ki, qalmağa başqa yerləri yoxdur. Digər Cavabdeh1 xəstədir, əməliyyat olunduqdan sonra danışığında qüsurlar yaranmışdır. Bununla əlaqədar pensiya alması üçün aidiyyatı orqanlara müraciət etmişlər. Pensiya alacağı halda həmin pensiya məbləği ilə borcun ödənilməsini təmin edə bilər. İddia tələbinin rədd edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6814/2018 saylı, 31 avqust 2018-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilərək, cavabdeh X2 "xxxx" İKB ASC-nin xeyrinə 2014-cü il 17 dekabr tarixli kredit müqaviləsi üzrə 18217,22 ABŞ dolları əsas, 11856 ABŞ dolları faiz, 8,01 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 30081,23 ABŞ dolları (qətnamənin icra olunduğu gönə olan manat məzənnəsi ilə) məbləğində borc, 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı tutulması, borcun ipoteka predmetinə yönəldilməsi, tutmanın X5 məxsus olan Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən, 2 otaqlı, 51.51 kv.m ümumi, 32.93 kv.m yaşayış sahədən ibarət 47 nömrəli evin 54 nömrəli mənzilinə yönəldilməsi, ipoteka predmeti olan X5 məxsus olan Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən, 2 otaqlı, 51.51 kv.m ümumi, 32.93 kv.m yaşayış sahədən ibarət 47 nömrəli evin 54 nömrəli mənzilin ilkin satış qiyməti 50 000 (əlli min) manat məbləğində müəyyən olunmaqla açıq hərrac vasitəsilə satılması və borcun satışdan əldə olunan vəsait hesabına iddiaçı "xxxx" İKB-nin xeyrinə ödənilməsi qət edilmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-44/2021 saylı, 24 noyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək Sumqayıt Şəhər Məhkəməsinin 31 avqust 2018-ci il tarixli qətnaməsi qismən faiz və mənzilin likvid dəyərinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş, xx.xx.2014-cü il tarixli 21-G-1-0660-14 saylı kredit müqaviləsi üzrə 8742 (səkkiz min yeddi yüz qırx iki) ABŞ dolları 05 (beş) sent məbləğində faiz borcu (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) cavaboeh T.Novruzovanın hüquqi varisləri Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, ipoteka predmeti olan Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən, 2 otaqlı, 51.51 kv.m ümumi, 32.93 kv.m yaşayış sahədən ibarət 47 nömrəli evin 54 nömrəli mənzilin likvid dəyərinin 52000 (əlli iki min) manat məbləğində müəyyən edilməsi, Cavabdeh1 iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 200 (iki yüz) manatın alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməsi qət edilmişdir. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri tərəfinfən verilmiş çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən, 2 otaqlı, 51.51 kv.m ümumi, 32.93 kv.m yaşayış sahədən ibarət 47 nömrəli evin 54 nömrəli mənzili xüsusi mülkiyyət hüququ ilə İddiaçı ASC-nə məxsusdur. - “Elektron notariat” X1 vasitəsilə Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair çıxarışdan görünür ki, Cavabdeh1 və Cavabdeh2 ünvan 1 yerləşən 54 nömrəli mənzildə qeydiyyatda olmaqla yaşayır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən, 2 otaqlı, 51.51 kv.m ümumi, 32.93 kv.m yaşayış sahədən ibarət 47 nömrəli evin 54 nömrəli mənzil İddiaçı ASC-nə məxsusdur. Həmin əmlak açıq hərracda İddiaçı ASC tərəfindən əldə edilmişdir. Cavabdehlərin mübahisəli əmlaka dair hazırda heç bir hüquqları yoxdur, onun həmin mənzilin istismarını dayandırmaması və əmlakın boşaldılaraq mülkiyyətçiyə təhvil verməməsi mülkiyyətçinin maraqlarına ziddir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur.Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: (59.3.1.) yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya (59.3.2.) ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarı ilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Göründüyü kimi, iddiaçının hazırkı tələbindən müəyyən olunur ki, cavabdehlərin xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən, 2 otaqlı, 51.51 kv.m ümumi, 32.93 kv.m yaşayış sahədən ibarət 47 nömrəli evin 54 nömrəli mənzilin istismarını dayandırmaması və əmlakın boşaldılmaması mülkiyyətçi kimi onun iradəsinə ziddir. Məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli əmlakda qalması iddiaçıya öz mülkiyyətindən dinc istifadə hüququnu həyata keçirməyə mane olur. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 yerləşən 54 nömrəli mənzildən çıxarılmalı, həmin mənzil boşaldılmalı və Banka təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 54 nömrəli mənzildən çıxarılsınlar, həmin mənzil boşaldılaraq İddiaçı ASC-nə təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar