Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5070/2020 18.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İlkin iddia üzə iddiaçılar İddiaçı1, İddiaçı2 qızının, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 Elman oğlunun, İlkin iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İlkin iddia üzə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair qarşılıqlı iddiaları üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İlkin iddia üzə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onların və yetkinlik yaşına çatmayan övladları xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2013cü il təvəllüdlü X3 Sumqayıt şəhəri, Samur-ünvan 1 ünvanına istifadə hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Samur-ünvan 1 xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsudur. Cavabdeh onun (İddiaçı1) doğma anası, onun isə (İddiaçı2) qayınanasıdır. Onların mübahisəli mənzildən əvvəl Sumqayıt şəhəri, 10-cu mikrorayonda evləri (ünvan 2) olmuş, həmin ev atası X10 mülkiyyətində olmuşdur. İddiaçı1 1990-cı ildən 2014-cü ilin avqust ayına kimi həmin mənzildə qeydiyyatda olmuş və həmin mənzildə yaşamış, 2011-ci ilin fevral ayında hazırkı iş üzrə İddiaçı2 ilə faktiki nikah münasibətlərinə daxil olmaqla ailə həyatı qurmuş və nikahlarını xx.xx.2011-ci il tarixdə rəsmiləşdirmişlər. Nikaha daxil olduqdan sonra onlar ünvan 2 ünvanında yaşamışlar. Birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X8 adlı iki övladları anadan olmuşdur. 2014-cü ilin avqust ayında atası X14 öz mülkiyyətində olan həmin mənzili satmış və həmin mənzilin vəsaiti hesabına atası ayrı-ayrılıqda biri 3 sot, digəri 6 sotdan ibarət olan torpaq sahəsi almışdır. Həmin torpaq sahələrində atası iki ev tikmişdir. 3 sot torpaq sahəsində tikilən ev bacısı üçün tikilib. Hazırda 3 sot torpaq sahəsində tikilən evdə yaşayış yoxdur. 6 sot torpaq sahəsində isə hazırda onların ailəsi və cavabdeh yaşayır. Mənzil iki mərtəbəlidir. Həm birinci mərtəbədə, həm də ikinci mərtəbədə 3 otaq, hamam, tualet və mətbəx var. Həm birinci, həm də ikinci mərtəbənin giriş-çıxışı ayrıdır. Onlar mübahisəli mənzildə 2014-cü ilin oktyabr ayından daimi olaraq yaşayırlar. Onlar 1-ci mərtəbədə, cavabdeh isə 2-ci mərtəbədə yaşayır. Atası xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Atasının vəfatından sonra mübahisəli evi cavabdeh öz adına sənədləşdirmişdir (xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır). Hazırda cavabdeh onları evdən çıxarmaq və evi satmaq istəyir. Hesab edirlər ki, onların mübahisəli mənzildə istifadə hüquqları var. Ona görə də məhkəməyə müraciət ediblər. Bundan sonra qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı1 10.000 manat kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi və evdən çıxarılması, digər cavabdeh İddiaçı2 isə evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Samur-Abşeron kanalının şimalı, Yeni yaşayış massivi, 7-ci məhəllədə yerləşən 190 saylı ev xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2019-cu il tarixdə iddiaçının adına qeydiyyata alınmışdır. Cavabdehlər İddiaçı1 və İddiaçı2 qeyd olunan evdə yaşayırlar. İddiaçı1 iddiaçının oğlu, İddiaçı2 isə onun gəlinidir. Qanunvericiliyin tələbindən göründüyü kimi yaşayış sahəsindən mülkiyyətçinin onunla birgə yaşayan ailə üzvlərinin istifadə etmək hüququ var. Cavabdehlərdən İddiaçı1 iddiaçının oğludur və hazırda da iddiaçı ilə birlikdə yaşayır. Bu səbəbdən hesab edir ki, Elnurun hazırkı mənzilə istifadə hüququ vardır. Lakin, İddiaçı2 iddiaçının gəlnidir və gəlin qanunla mülkiyyətçinin ailə üzvü hesab edilmir. Bu səbəbdən Babayeva Aynur Möhübbət qızının qeyd olunan mənzildən istifadə etmək hüququ yoxdur. Buna görə də hesab edir ki, qarşılıqlı iddia tələbi əsaslıdır. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 iddia tələbini müdafiə edərək iddia ərizəsinin şərh olunan məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Eləcə də, göstərdi ki, qarşılıqlı iddia tələbi əsassızdır. Təklif olunan 10.000 manat kompensasiya məbləği ilə razı deyildir, belə ki, evin tikintisinə 80.000 manat pul xərcləmişdir. Həmin ev atasının adına olub, atası vəfat etdikdən sonra onun məlumatı və razılığı olmadan cavabdehin, yəni ilkin iddia üzrə anasının adına keçmişdir. Hazırda mübahisə predmeti olan fərdi yaşayış evinin bazar dəyəri 120.000 manatdır. Odur ki, təklif olunan kompensasiya evin bazar dəyərinə uyğun deyildir. Qarşılıqlı iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 birinci iddiaçının göstərdiklərini müdafiə edərək ilkin iddianın təmin olunmasını və qarşılıqlı iddianın rədd olunmasını xahiş etdi. Cavabdeh İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 oğlunun ilkin iddia tələbini müdafiə edərək təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının vəkili və nümayəndəsi Vəkil2 izahatında göstərdi ki, ilkin iddianı qismən qəbul edirlər. Belə ki, İddiaçı1 Cavabdeh oğludur, ailə üzvü kimi həmin evdə yaşayaraq birgə təsərrüfat aparıblar. Odur ki, cavabdeh İddiaçı1 mübahisəli mənzilə istifadə hüququ olduğunu qəbul edir. Lakin, digər İddiaçı2 cavabdehin gəlinidir, qanunvericiliyə əsasən onun bu mənzildə istifadə hüququ yoxdur, bu səbəbdən iddianı həmin hissədə qəbul etmirlər. Bununla yanaşı qarşılıqlı iddia üzrə iddiaçı cavabdehlərlə artıq birgə təsərrüfatın aparılmasını mümkünsüz hesab edir. Odur ki, qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh İddiaçı1 həmin mənzildə istifadə hüququ olduğu üçün ona göstərilən məbləğdə kompensasiya verilməklə istifadə hüququna xitam verilməsini, digər cavabdeh İddiaçı2 isə həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Hesab edir ki, təklif olunan kompensasiya məbləği ədalətli olmaqla əmlakın bazar qiymətinə uyğundur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatınlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin və qarşılıqlı iddialar qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda şərh olunanlarla əsaslandırır. Mülki iş materiallarında olan: Azərbaycan Respublikası Sumqayıt X9 massivinin 7-ci məhəlləsi üzrə 1 saylı Məhəllə Komitəsinin xx.xx.2020-ci il tarixli, №242 saylı arayışından görünür ki, İddiaçı1, yoldaşı İddiaçı2 və uşaqları X4, X1 şəhəri, Samur-Abşeron kanalının şimalı, Yeni yaşayış massivi, 7-ci məhəllədə yerləşən 190 saylı evdə yaşayırlar. AZ-İ seriyalı, 668921 saylı nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı1 ilə Nəzərova Aytən Möhübbət qızı arasında xx.xx.2011-ci il tarixdə №739 saylı nikah qeydi ilə Sumqayıt şəhər Qeydiyyat şöbəsində nikah bağlanmış, qadına Babayeva soyadı verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X7 xx xxxx 2020-ci il tarixli №**********90 saylı məktubundan görünür ki, Cavabdeh (Sumqayıt şəhəri, Xızı və Siyəzən rayonları ərazisində) Sumqayıt şəhəri, Samur-ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi üzərində tam mülkiyyət hüququ xx xxxxxxxx 2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşin hallarından göründüyü kimi ilkin iddia üzrə cavabdeh tərəf İddiaçı1 münasibətdə iddianı etiraf etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iddianı həmin hissədə etirafın qanunun tələblərinə zidd olmamasını, etirafın üçüncü şəxslərin mənafeyinə toxunmamasını nəzərə alaraq hesab edir ki, cavabdehin iddianı qismən etirafı məhkəmə tərəfindən qəbul edilməlidir. Digər cavabdehə nisbətdə məhkəmə qeyd edir ki, cavabdehin mübahisəli mənzildə istifadə hüququ yaranmadığından bu hissədə ilkin iddia tələbi əsaslı deyildir. Belə ki, göründüyü kimi mübahisə predmeti olan ev ilkin iddia üzrə cavabdehin mülkiyyətindədir. İddiaçı2 digər iddiaçı ilə ailə quraraq həmin evə gəlin köçmüş və orada yaşamışdır. İddiaçı2 həmin vaxtdan evdə daimi olaraq yaşamasını əsas gətirərək istifadə hüququnun tanınmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, ilk növbədə hazırkı məsələnin düzgün həlli üçün İddiaçı2 mübahisəli mənzilə istifadə hüququnun yaranması əsaslarının mövcud olub-olmaması məsələsi araşdırılmalı, yalnız bu huququnun mövcud olduğu müəyyən edildiyi halda onun tanınması məsələsinə qiymət verilməlidir. İşin hallarından göründüyü kimi İddiaçı2 mübahisəli mənzilə xx xxxxxxx 2009-cu il tarixdən etibarən qüvvədə olan Mənzil Məcəlləsinin və xx xxxxxxxx 2000-ci il tarixdən qüvvədə olan Mülki Məcəllənin qüvvədə olduğu vaxtda (2014-cü ildə) köçmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxxxx 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Göründüyü kimi, tərəflər arasında hüquq münasibətləri 2009-cu ilin oktyabr ayının 1dən sonra yarandığından məhkəmə hesab edir ki, cavabdehin mübahisəli mənzilə istifadə hüququ ilə bağlı məsələləri hazırda qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına uyğun qaydada həll olunmalıdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2 və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Konstitusiya Məhkəməsi qeyd olunan qərarında qeyd etmişdir ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Məhkəmə şərh olunan hüquq normalarına əsasən işin faktiki hallarına qiymət verib hesab edir ki, ilkin iddia üzrə İddiaçı2 mübahisə predmeti olan evin mülkiyyətçisi - Cavabdeh gəlini olmaqla, qayınanadan (Cavabdeh) ailə qanunvericiliyinə əsasən özünün saxlanılmasını tələb etmək hüququna malik olmadığından ailə üzvü hesab edilə bilməz. Məhkəmə həmçinin hesab edir ki, cavabdehin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də yaranmır. Yəni, İddiaçı2 həmin mənzilə istifadə hüququ yaranmamışdır. Bu baxımdan məhkəmə hesab edir ki, mənzilə istifadə hüququ tanınması tələbinə dair iddia İddiaçı2 münasibətdə əsassızdır. Məhkəmə iddia tələbini Mülki Məcəllənin 228-ci maddəsinin tələbləri baxımından da araşdırmışdır. Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-cü il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Yaşayış binasının tərkib hissəsindən digər şəxslərin istifadə hüququna xitam verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə uyğun olaraq həll edilməlidir. Məhkəmə bu qənaətə gəlir ki, iddiaçının mülkiyyətçiyə (Cavabdeh) məxsus əmlakdan istifadə etmək imkanını təmin edən notariat qaydada təsdiq edilmiş və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış müqavilə olmadığından, İddiaçı2 həmin əmlakdan istifadə edə bilməsi üçün hüquqi əsas yaranmamışdır. Məhkəmə şərh olunan Mülki Məcəllənin 228 və Mənzil Məcəlləsinin 30-cu maddəsində ifadə olunan hüquq normalarına əsasən bu qənaətə gəlir ki, tərəflər arasında mənzilə istifadə hüququn yaranması ilə bağlı hüquq münasibəti əmələ gəlməmişdir. Odur ki, ilkin iddia İddiaçı2 münasibətdə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə ilkin iddianı azyaşlı uşaqların, yəni İddiaçı1 iki övladının mənzilə istifadə hüququnun tanınması hissəsində Mülki Məcəllənin 228.5-ci maddəsinin tələbi baxımından əsaslı hesab edir. Məhkəmə qarşılıqlı iddia tələbini qismən əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Şərh olunan maddənin məzmunundan görünür ki, mülkiyyətçi ilə birlikdə yaşayan ailə üzvlərinin istifadə hüququna xitam verilməsi müvafiq kompensasiya verilməsi ilə şərtləndirilir, kompensasiya məbləğinin ağlabatanlığı isə mübahisə predmeti olan yaşayış sahəsinin bazar qiymətindən asılı edilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı birinci növbədə təklif etdiyi kompensasiya məbləğinin müəyyən edilmə əsasları, həmin məbləğin istifadə hüququna xitam verilməsi ilə ekvivalent təşkil edib-etməməsi, eləcə də mənzilin bazar qiymətinin kompensasiyaya uyğunluğu barədə sübutları məhkəməyə təqdim etməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəfindən kompensasiyanın məbləği müəyyən edilərkən yalnız mübahisəli mənzilin yerləşdiyi ərazidə mövcud olan evlərin kirayə haqqı əsas götürülməməli, bu zaman evdən istifadə etmək hüququ olan şəxslərin sayı, onların mülkiyyətçi və kompensasiya ödənilən şəxslə münasibətləri, kompensasiya ödənilən şəxsin istifadə hüququna xitam verildikdə onun evdən tək və ya başqaları ilə birlikdə çıxması, kompensasiya ödənilən şəxsin mülkiyyətçi ilə qohumluq münasibəti, istifadə hüququnun yaranma müddəti, kompensasiya ödənilən şəxsin həmin hüquqdan hansı müddət ərzində istifadə etməsi, kompensasiya təklif olunan şəxsin kompensasiya təklif olunan vaxt hər-hansı yaşayış sahəsinə və ya başqa yerdə yaşamaq üçün hüquqa malik olub-olmaması, kompensasiya ödənilən şəxsin mübahisəli evdə faktiki yaşadığı müddət, evin kommunal şəraiti, yaşayış sahəsinin yerləşdiyi ərazi, kompensasiya təklif olunan və təklif edən şəxsin maddi imkanları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, qeyd olunanlar müəyyənləşdirildikdən sonra həmin meyarların kompensasiyanın məbləğinə təsiri nəzərə alınmaqla kompensasiya təklif edənin təklif etdiyi məbləğin istifadə hüququnun itirilməsi üçün yetərli olub-olmaması həll edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, kompensasiya məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki halda təklif edilən kompensasiya məbləği iddianın təmin edilməsinə əsas vermir. X11 Məhkəməsinin bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərarı, Piersack Belçikaya qarşı iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərarı, X12rşı iş üzrə xx xxxxxxx 1984-cü il tarixli qərarı) qeyd olunmuşdur ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə iddianın qeyd olunan hissədə rədd edilməsi ilə bağlı nəticəyə gələrkən eləcə də mübahisəli mənzildə cavabdehlə birlikdə yaşayan azyaşlı uşaqalarının mənafeyini, cavabdehin 2014-cü il tarixdən etibarən həmin evdə davamlı olaraq yaşadığını, həmin evin inşa edilməsində iştirakını, başqa yaşayış yerinin olmaması kimi hallara da qiymət vermişdir. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, İddiaçı1a münasibətdə istifadə hüququna xitam verilməsi və evdən çıxarılması hissədə qarşılıqdi iddia əsassız olduğundan təmin edilməməlidir. Qarşılıqlı iddia üzrə digər cavabdeh İddiaçı2 münasibətdə isə məhkəmə qeyd edir ki, bu hissədə tələbin təmin edilib-edilməməsi ilkin iddia tələbi üzrə İddiaçı2 istifadə hüququnun tanınmasından aslı olduğu üçün və məhkəmə araşdırması zamanı onun mübahisəli mənzildən istifadə hüququnun yaranmadığı müəyyən edilyindən, həmçinin Mülki Məcəllənin 157-ci maddəsinin göstərişlərini nəzərə alaraq məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi bu hissədə əsaslıdır və cavabdeh İddiaçı2 həmin mənzildən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, ilkin iddia üzə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair ilkin iddiası qismən təmin edilməli, ilkin iddia üzrə İddiaçı1, övladları xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 Sumqayıt şəhəri, Samur-ünvan 3 ünvanına istifadə hüquqları tanınmalı, ilkin iddia qalan hissədə təmin edilməməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilməli, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 Sumqayıt şəhəri, Samur-ünvan 3 ünvanından çıxarılmalı, qarşılıqlı iddia qalan hisssədə təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. MPM-nin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia üzə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair ilkin iddiası qismən təmin edilsin. İlkin iddia üzrə İddiaçı1, övladları xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 Sumqayıt şəhəri, Samur-ünvan 3 ünvanına istifadə hüquqları tanınsın. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 Sumqayıt şəhəri, Samur-ünvan 3 ünvanından çıxarılsın. Qarşılıqlı iddia qalan hisssədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumları iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-5070/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5070/2020
18.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver