Məhkəmə qərarları › İş №2(060)-5070/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5070/2024

15.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5070/2024 15.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-6102/2021 saylı qətnaməsinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün tutulan 150 manat, cəmi 300 manat sabit pul məbləğində alimentin miqdarının dəyişdirilərək, Cavabdeh xx.xx.2011ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay 235 manat, cəmi 470 manat sabit pul məbləğində alimentin və mediasiya təşkilatına ödənilmiş 50 manat pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə rəsmi nikahlarından xx.xx.2011-ci il təvəllüdlü Nuray, xx.xx.2015-ci il təvəllüdlü Nihat adlı uşaqları doğulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən hər uşağa ayda 150 manat, cəmi 300 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmin məbləğ uşaqların tələbatını ödəmir. Cavabdeh işləyir və gəliri vardır. Hazırda Respublikada uşaqlar üçün minimum yaşayış həddi 235 manat müəyyən edilmişdir. Cavabdehin uşaqlar üçün ayda həmin məbləğdə aliment ödəməyə tam imkanı vardır. Məhkəmə iclasında İddiaçı izahatında iddia tələbini müdafiə edərək bildirdi ki, özü salonda usta köməkçisidir. Cavabdeh ailə həyatı qurmamışdır. Cavabdeh Azərsunda işləyir və əlavə gəlirləri də olur. Cavabdehin alimenti ödəməyə imkanı vardır. 1/3 hissədə aliment tutulmasına razı deyildir. Çünki cavabdeh maaşın bir qismini əlbəəl alır. Əlavə işlərdə də işləyir. Oğlu idmana gedir, qızının isə məşğələləri vardır. Gündəlik məktəb xərcləri də vardır. Ödənilən aliment məbləği isə kifayət etmir. Özü də çalışır ki, müəyyən işləri görsün. Özü anası yanında qalır. Anası da təqaüdçüdür. Ona görə də özü çatdıra bilmir. Məhkəmə iclasında Cavabdeh izahatında iddia tələbini müdafiə edərək bildirdi ki, Azərsunda işləyir. Əmək haqqı 1067 manat təşkil edir. Qarşı tərəf iddia edir ki, usta köməkçisidir. Lakin usta işləyir. Özü də ailə həyatı qurmuşdur. İndiyə kimi alimentə borcu olmamışdır. 1/3 hissədə aliment tutulmasını xahiş etdi. 150 manat alimenti vaxtlı-vaxtında ödəyir. Toy əvvəlcədən olmuş, lakin nikaha xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Birgə nikahdan uşaq yoxdur. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞS/MT030/2024-01313 saylı arayışdan görünür ki, xx.xx.2024-cü il tarixində, saat 11:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında hər iki tərəfə bildiriş göndərilmiş, ilkin mediasiya sessiyasının keçiriləcəyi tarix və yer barədə ətraflı məlumat verilmiş, İddiaçı və Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmiş və İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat + 10 manat məbləğində mediasiya xərci ödəmişdir. Cavabdeh mediasiya prosessini davam etdirməyə razılıq verməmişdir. - Doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, X6 xx.xx.2011-ci il və X7 isə xx.xx.2015-ci il tarixdə anadan olmuşdur. Ataları Cavabdeh, anaları isə X2r. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6102/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbinin qismən təmin edilməsi, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(105)-765/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılması və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər uşaq üçün hər ay 150 (yüz əlli) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh 30 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. - Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Cavabdeh “Azərbaycan Kağız və X3” MMC-də elektrik vəzifəsində işləməklə 1067.04 manat əmək haqqı alır. - Azərbaycan Kağız və X3 tərəfindən verilmiş 26 avqust 2024-cü il tarixli, 036/A nömrəli arayışdan görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixindən hal-hazırki tarixədək cəmiyyətin elektrik sahəsində elektrik vəzifəsində işləyir. Aylıq əmək haqqı 1067 manat 04 qəpikdir. Beləliklə, araşdırma zamanı müəyyən olunmuşdur ki, tərəflər xx.xx.2018-ci il tarixdə nikah bağlamışlar. Bu nikahdan iki uşaq dünyaya gəlmişdir. Tərəflər arasında nikah pozulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 10 oktyabr 2017-ci il tarixli qətnaməsinə əsasən uşaqların saxlanılması üçün atadan aliment tutulmuş, Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi ilə tutulmuş alimentin məbləğinin artırılması qət edilmişdir. Cavabdeh işləyir və aylıq əmək haqqı 1067 manat 20 qəpik təşkil edir. İddiaçı tərəfindən cavabdehin əlavə gəlirlərinin olmasını təsdiq edən sübutlar iddia ərizəsinə əlavə edilməmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6102/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş aliment miqdarı hazırda uşaqların saxlanılması üçün kifayət etmir. Belə ki, uşaqların böyüməsi ilə əlaqədar onların maddi tələbatları getdikcə artır, iddiaçı isə, övladlarını saxlamaqda maddi baxımdan çətinlik çəkir. Bu halda məhkəmə hesab edir ki, iddiaçının marağı əhəmiyyətli dərəcədə pozulur. Məhkəmə hesab edir ki, alimentin məbləği artırılarkən cavabdehin artırılmış məbləğdə aliment ödəmək iqtidarında olub-olmaması, onun davamlı olaraq ödənilməsi nəzərə alınmalıdır. Alimentin məbləğinin yüksək həddə müəyyən edilməsi, aliment məbləğinin hər ay ödənilməsi zəruri olması baxımından, təqdim edilmiş sübutlara mütənasib olmaqla ağlabatan olmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə görə, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərindən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunun müəyyən edən qanunvercilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Qeyd olunan qərarında məhkəmə sonda belə nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə da qiymət verilməlidir. Bu qərarın birinci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qərarda məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq, tərəflərin birgə nikahlarından doğulmuş yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, əvvəlki yaşayış şəraitlərini, yaşayış minumunu (2024-cü il üzrə 235 manat), alimentin məbləğinin müəyyən edən məhkəmə qətnaməsinin müddətini (2021-ci il), yuxarıda qeyd olunan hüquq normalarının maddələrinin tələblərini işin faktiki hallarına tətbiq edərək belə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6102/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli, cavabdehdən hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hesablanmaqla hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment tutulub iddiaçıya verilməli, qalan hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə, qanunun qeyd edilən tələblərini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, həmçinin onların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini eləcə də, tərəflərin diqqətəlayiq maraqlarını (cavabdehin əmək haqqının məbləğini) nəzərə alır. Bundan başqa “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Beləliklə, məhkəmə hesab edir ki, 50 (əlli) manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti iddia qiyməti 1.000 manatadək olduqda 30 dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə qeyd edir ki, bir il ərzində alimentin artırılmış hissənin ödənilməli məcmu məbləği 1680 manat olduğu üçün qanunvericiliyin tələbinə əsasən 36.80 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6102/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin, Cavabdeh hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Cavabdeh 50 (əlli) manat mediasiya xərci alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin olunmasın. İddianın verilməsinə görə 36.80 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar