Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5094/2022 07.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X4 oğlunun katibliyi, iddiaçının İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5274/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş hər ay 140 manat sabit pul məbləğində alimentin məbləğini dəyişdirərək cavabdehdən xx.xx.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddaçının cavabdeh ilə rəsmi nikahlarından xx.xx.2007-ci il təvəllüdlü X3 adlı bir övladları olmuşdur. xx.xx.2009-cu il tarixli qətnamə ilə aralarındakı nikah pozulmuş, uşağın saxlanılması üçün cavabdehdən 1/4 hissə miqdarında habelə 25 manat sabit pul məbləğində aliment müəyyən edilmişdir. Sonradan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2014-cüil tarixli qətnaməsi ilə alimentin məbləği dəyişdirilərək 103 manat sabit pul məbləğində müəyyən edilmişdir. Daha sonradan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5274/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə 2014-cü il tarixdə müəyyən edilən alimentin miqdarı artırılaraq uşağın yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay cavadbehdən 140 manat sabit pul məbləğində alimentin tutulması qət olunmuşdur. Müəyyən olunan alimentin məbləği uşağın saxlanılmsı üçün kifayət etmir. Uşaq günü-gündən böyüyür və xərcləri də artmaqdadır. O, məktəblidir. İddiaçı onun ehtiyaclarını və tələbatlarını ödəməkdə çətinlik çəkir. İddiaçının məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən onlara heç bir maddi, mənəvi köməklik göstərilmir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh izahat verərək bildirdi ki, onun maddi imkanı aşağıdır. Belə ki, o xəstədir və əlavə gəliri yoxdur. Cavabdeh özü xəstədir. Qeyd edilənlərə əsasən cavabdeh iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1979-cu ildə, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh isə xx.xx.1959-cu ildə, Gədəbəy rayonu, Qoşabulaq kəndində anadan olmuşdur. O, ünvan 3 ünvanında qeydiyyatdadır. Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 xx.xx.2007-ci ildə anadan olmuşdur. Uşağın atası Cavabdeh, anası isə İddiaçıdır. Sumqayıt Şəhər məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(060)-9809/2014 saylı qətnaməsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 08 dekabr 2009-cu il tarixli, 2(105)- 1064/2009 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləğinin dəyişdirilməsi, Cavabdeh 19 noyabr 2014-cü il tarixdən başlayaraq hər ay 25 fevral 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün 103 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçaıya ödənilməsi qət edilmişdir. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-5274/2019 saylı qətnaməsi ilə Sumqayıt şəhər Məhkəməsinin 2(060)-9809/2014 saylı 30 dekabr 2014-cü il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı artırılaraq xx.xx.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 140 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Nikahın pozulması haqqında şəhadətnaməyə əsasən tərəflər arasındakı nikahın ləğv edilməsi barədə akt qeydi xx.xx.2009-cu ildə qeyd edilmişdir. Nikah haqqında şəhadətnaməyə əsasən cavabdeh xx.xx.2010-cu il tarixində X2 ilə nikaha daxil olmuşdur. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli arayışına əsasən cavabdehə yaşa görə hər ay 362,86 manat məbləğində pensiya təyin edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə xəstəliyi ilə bağlı sənədlər təqdim edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə (bundan sonra – Ailə Məcəlləsi) əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar (75.1.). Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.4.). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (78.1.). Ailə Məcəlləsində həmçinin nəzərdə tutulmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (112.1.). Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən uşaqlarını saxlamaq valideynlərin vəzifəsidir. Valideynlərdən aliment uşaqların mənafeyi üçün tutulur. Alimentin tutulmasında məqsəd valideynlərin öz vəzifələrini yerinə yetirməsi və uşaqların normal həyat səviyyəsinin təmin edilməsidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində göstərilmişdir ki, “məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 193 manat müəyyən edilsə də, bu vəsaitin ödənilməsi öhdəliyinin bunun üçün zəruri vəsaitə malik olub-olmaması aydınlaşdırılmadan yalnız bir tərəfin üzərinə qoymaq olmaz. Eyni zamanda bir uşaq üçün yüksək məbləğdə alimentin tutulması digər uşağın (uşaqların) hüquqlarının pozulmasına səbəb olmamalıdır. İddiaçı övladı üçün 193 manat aliment tələb etsə də, cavabdehin həmin məbləğdə aliment ödəməyə malik olması barədə sübut təqdim edə bilməmişdir. Eyni zamanda cavabdehin məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, cavabdeh yaşa görə pensiyaya çıxmışdır və pensiya məbləği 362,86 manat təşkil edir. Eyni zamanda xəstəliklə bağlı sənədlərdən görünür ki, cavabdeh ikinci tip şəkərli diabet xəstəsidir. Bu səbəbdən məhkəmə tərəflərin maddi vəziyyətləri, diqqətəlayiq hallar, yetkinlik yaşına çatmayan uşağın mənafeyi nəzərə alınmaqla uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(060)-5274/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay 175 manat sabit pul məbləğində müəyyən olunmasını məqsədə uyğun hesab edir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 25 avqust 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5274/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulmuş alimentin miqdarı artırılaraq hər ay 175 (yüz yetmiş beş) manat məbləğində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-5094/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5094/2022
07.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver