Məhkəmə qərarları › İş №2(060)-51/2022

Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(060)-51/2022

06.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - İpoteka
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-51/2022 06.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC (bundan sonra - iddiaçı) Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, 04.02.2013-cü il tarixli kredit müqaviləsi üzrə 1116,88 manat əsas borc, müqavilə müddətinin başa çatma tarixinə, yəni 04 fevral 2015-ci il tarixə ödənilməmiş 88,06 manat faiz borcu, həmin günə hesablanmış 765 manat cərimə olmaqla, cəmi 1969,94 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən iddiaçının xeyrinə tutulması, tutmanın kreditinin təminatı kimi Cavabdeh1a məxsus 2011-ci il buraxılışlı, «DAEWOO NEXİA» markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı, XWB3L32EDBA288216 ban, A15SMS6328851 mühərrik nömrəli, qara metal rəngli avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması və satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 04 fevral 2013-cü il tarixli, 17- AZ-1-0-359-13 saylı kredit müqaviləsinə əsasən “Nikoyl” İKB-nin 6 saylı filialından illik 21 faizlə, 24 ay müddətinə 7500 manat məbləğində kredit götürmüşdür. Kredit müqaviləsinin 1.3-cü bəndinə əsasən kreditin təyinatı 2011-ci il buraxılışlı, “DAEWOO NEXİA” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı, XWB3L32EDBA288216 ban, A15SMS6328851 mühərrik nömrəli, qara metal rəngli avtomobilin alınması olmuşdur. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əlavə olunmuş “Ödəniş cədvəli”nə əsasən cavabdeh hər ay sabit məbləğdə olmaqla 386 manat, ümumilikdə isə 9246 manat ödəməyi öz öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin və tərəflər arasında tərtib edilmiş “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh kreditin və kredit faizlərinin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. “NİKOYL” İKB-nin 6 saylı filialı ilə Cavabdeh2 arasında 04 fevral 2013-cü ildə “Zaminlik Müqaviləsi” bağlanmışdır. Zaminlik Müqaviləsi”nin 1.1-ci maddəsinə əsasən zamin kreditor qarşısında borclunun kredit müqaviləsindən irəli gələn öhdəliyinin tam həcmdə icra edilməsi üçün cavabdehdir. Cavabdeh1 kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüşdür. Həmin fərmanın 6.2-ci və 8.10-cu bəndlərinə uyğun olaraq iddia 2(060)-177/2019 saylı qərardadla baxılmamış saxlanmışdır. Lakin Cavabdeh1 Fərmanla nəzərdə tutulmuş güzəştlərdən yararlanmamış, kredit borcunun restrukturizasiya olunması ilə bağlı Fərmanın son icra müddəti 30 dekabr 2019-cu il tarixədək banka heç bir müraciət etməmişdir. İş üzrə yekun qərarın çıxarılması üçün əlavə araşdırma aparılması zərurəti yarandığından Sumqayıt Şəhər Məhkəməsinin 21.01.2021-ci il tarixli, 2(060)-1762/2021 saylı qərardadı ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdehin kredit borcu Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli fərmanın təsir dairəsinə düşmüşdür. Bu səbəbdən iddia baxılmamıçş saxlanmışdır. Həmçinin həmin vaxt işə baxılan zaman iş üzrə ekspertiza təyin edilmiş və ipoteka predmetinin qiyməti müəyyən edilmişdir. Avtomobil hazırda bankın sahibliyindədir. Avtomobil demək olar ki, istifadəyə yararsız olduğu üçün aşağı qiymətə dəyərləndirilmişdir. Lakin cavabdeh fərmanla nəzərdə tutulmuş güzəştlərdən yararlanmamış, kredit borcunun restruktrizasiya olunması ilə bağlı banka heç bir müraciət etməmişdir. Qeyd olunanlara əsasən nümayəndə iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. İddiaçının nümayəndəsi ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 238.1-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin arayışlarından və şəxsiyyət vəsiqəsindən görünür ki, Cavabdeh1 xx.xx.1993-cü ildə, Bakı şəhərində, Cavabdeh2 01.11.1967-ci ildə, Ermənistan Respublikası, Qafan rayonunda anadan olmuşdur. Cavabdeh1 ünvan 1 ünvanında, digər Cavabdeh2 isə ünvan 2 ünvanında qeydiyyatdadır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 04 fevral 2013-cü il tarixli, 17-AZ-1-0-359-13 saylı kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 24 ay müddətinə, illik 21 faizlə, 7500 manat kredit vermişdir. İddiaçı ilə digər Cavabdeh2 arasında bağlanmış 04.02.2013-cü il tarixli zaminlik müqaviləsinə əsasən o, Cavabdeh1 kredit müqaviləsindən irəli gələn iddiaçı qarşısında öhdəlikləri üzrə zaminliyi öz üzərinə götürmüşdür. Kredit müqaviləsinə əlavəyə əsasən Cavabdeh1 iddiaçıya 24 ay müddətinə hər ay 386 manat, sonuncu ay isə 368 manat ödəniş etməli idi. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 04.02.2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 xüsusi mülkiyyətində olan 2011-ci il buraxılışlı, «DAEWOO NEXİA» markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı, XWB3L32EDBA288216 ban, A15SMS6328851 mühərrik nömrəli, qara metal rəngli avtomobil kreditin təminatı olaraq iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka ilə yüklü edilmiş əmlak 9500 manat məbləğində qiymətləndirilmişdir. 04 fevral 2013-cü il tarixli, 072330 saylı çıxarışa əsasən həmin avtomobil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı tərəfindən cavabdehə 20.11.2020-ci il tarixdə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq məktubu göndərilmiş və cavabdeh tərəfindən qəbul edilmişdir. İşdə olan maliyyə arayışına əsasən cavabdehin 04.02.2015-ci il tarixinə banka əsas borc üzrə 1116,88 manat, faiz borcu üzrə 88,06 manat, cərimə üzrə 765 manat olmaqla, cəmi 1969,94 manat borcu vardır. İşdən göründüyü kimi iddiaçı tərəfindən göndərilmiş ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildiriş dövlət reyestrində 24.11.2020-ci il tarixində qeydə alınmışdır. “FAME-PRO” Məhdud Məsuliyətli Cəmiyyətinin 16.12.2021-ci il tarixdə məhkəməyə daxil olmuş 01.06.2021-ci il məktubunda tərəflərin qiymətləndirmənin keçirilməsi üçün müəyyən edilmiş haqqı ödəməkdən imtina etdikləri üçün qiymətləndirmə işinin aparılmasından imtina edildiyi qeyd edilmişdir. İddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdime dilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 09.04.2019-cu il tarixli ekspert rəyində «DAEWOO NEXİA» markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobil 1500 manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Göründüyü kimi iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən ona 24 ay müddətinə 7500 manat məbləğində kredit verilmişdir. Mülki Məcəllədə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Göründüyü kimi cavabdeh kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və 04.02.2015-ci il tarixinə onun banka əsas borc üzrə 1116,88 manat, faiz borcu üzrə 88,06 manat borcu qalmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyi üçün iddiaçı müqavilə üzrə əsas və faiz borcunun tutulması tələbi ilə çıxış etməkdə haqlı olmuşdur. Məhkəmə dəbbə pulu ilə bağlı aşağıdakıları qeyd edir. Mülki Məcəlləyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (467). Məhkəmə hesab edir ki, 1116,88 manat əsas borc məbləğinə 765 manat cərimənin hesablanaraq tələb edilməsi məqsədə müvafiqdir. Mülki Məcəlləyə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (470.1.). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1.). Göründüyü kimi Cavabdeh2 zaminlik müqaviləsinə əsasən Cavabdeh1 iddiaçı qarşısında kredit öhdəliyi üzrə zamin olmuşdur. Bu səbəbdən kredit borcu ilə bağlı iddiaçı qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllədə göstərilmişdir ki, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur (269.1.).Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir (269.2.). İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır (269.4.). Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır (319.1.). İşdən göründüyü kimi 2011-ci il buraxılışlı, «DAEWOO NEXİA» markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı, XWB3L32EDBA288216 ban, A15SMS6328851 mühərrik nömrəli, qara metal rəngli avtomobil iddiaçı qarşısında kredit öhdəliklərinin təmini üsulu kimi ipoteka ilə yüklü edilmişdir. Bu səbəbdən iddiaçı Cavabdeh1 kredit borcu üzrə tutmanın həmin ipoteka predmetinə yönəldilməsi tələbi ilə çıxış etməkdə haqlı olmuşdur. Bu səbəbdən iddia kredit borcu üzrə tutmanın həmin ipoteka predmetinə yönəldilməsi hissəsində də təmin edilməli, Cavabdeh1 kredit borcu üzrə tələb həmin ipoteka predmetinə yönəldilməli, mənzil açıq hərracda satılmalı və əldə edilmiş vəsait hesabına iddiaçıya olan borc ödənilməlidir. Mülki Məcəllənin 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ilkin satış qiyməti bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir (1.0.9.). İpoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer və tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir. Əgər əsas öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində həmin məbləği müəyyən etmə qaydası göstərilməlidir (10.5). Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir (39.3.3.). Məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti 09 aprel 2019-c il tarixli ekspert rəyi əsas götürülməklə 1500 manat müəyyən edilməlidir. Mülki Məcəllənin 319.6-cı maddəsində göstərilmişdir ki, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Məhkəmə hesab edir ki, ipoteka predmetinin satışından əldə edilmiş vəsait Cavabdeh1nın kredit müqaviləsi üzrə iddiaçıya olan borcundan az olduğu təqdirdə qalan borc məbləği cavabdehlərdən ümumi qaydada tutulmalıdır. Həmin məbləğ kredit borcundan çox olduqda isə artıq qalan məbləğ cavabdehə qaytarılmalıdır. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Əsas borc üzrə 1116,88 manat, faiz borcu üzrə 88,06 manat, cərimə üzrə 765 manat, olmaqla, cəmi 1969 (min doqquz yüz altmış doqquz) manat 94 (doxsan dörd) qəpik məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tutma Cavabdeh1nnın mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş 2011-ci il buraxılışlı, «DAEWOO NEXİA» markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı, XWB3L32EDBA288216 ban, A15SMS6328851 mühərrik nömrəli, qara metal rəngli avtomobilə yönəldilsin. Həmin avtomobil açıq hərracda satılsın. Avtomobilin satışından əldə edilmiş vəsait hesabına Cavabdeh1 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan borcu ödənilsin. Mənzilin satışından əldə edilmiş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə çatışmayan məbləğ Cavabdeh1 və Cavabdeh2 ümumi qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. «DAEWOO NEXİA» markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı, avtomobilin ilkin satış qiyməti 1500 (min beş yüz) manat məbləğində müəyyən edilsin. Cavabdehlər qiyabi qətnamənin onlara rəsmi qaydada verildiyi gündən 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verə bilərlər. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar