Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3100/2021 13.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan avtomobilin açıq hərracdan satılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(060)-3614/2021-004 nömrəli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.İsmayılov) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 6391.11 manat əsas borc və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, tutma kreditin təminatı kimi Cavabdeh məxsus 2013-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA514123 ban, DFCX0579 mühərrik nömrəli, boz rəngli avtomobilə yönəldilməsi, həmin avtomobil açıq hərracda satılması və satışdan əldə edilən vəsaitdən 6391.11 manat əsas borc və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu "xxxx" ASC-yə ödənilməsi, iddia tələbi qalan hissədə rədd edilməsi qət edilmişdir. İddiaçı "xxxx" ASC qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan avtomobilin açıq hərracdan satılması tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, iddiaçı “Nikoyl” X1 (YeloBank) 6 saylı filialı ilə Cavabdeh arasında bağlanmış 05 noyabr 2013-cü il tarixli, 17-A-1-0-5959-13 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 6391.11 manat əsas borc, müqavilənin müddətinin başa çatma tarixinə, yəni 06 noyabr 2017-ci il tarixə ödənilməmiş 1947.27 manat faiz borcu, iddia qaldırılan tarixə hesablanmış 5386.13 manat dəbbə pulu, ümumilikdə 13724.51 manat və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçı “Nikoyl” İKB-nin (Yelo Bank) xeyrinə tutulması, tutmanın kreditin təminatı kimi cavabdehə məxsus 2013-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA514123 ban, DFCX3579 mühərrik nömrəli, boz rəngli avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satış yolu ilə realizə edilməsi və satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Nikoyl" X1 (YeloBank) 6 saylı filialı ilə Cavabdeh arasında 05 noyabr 2013-cü il tarixli 17-A-1-0-5959-13 saylı kredit müqaviləsi bağlanmış və bu müqavilə ilə iddiaçı müqavilənin 1.5, 1.6. və 1.11 bəndlərinə əsasən illik 16 % hesablanmaqla 48 aylıq müddətə cavabdehə 11450 manat məbləğində kredit verməyi öhdəsinə götürmüş və bu məbləği müqavilə bağlanan tarixdə cavabdehin hesabına ödəmişdir. Kredit müqaviləsinin 1.3-cü bəndinə əsasən kreditin təyinatı 2013-cü il buraxılışlı, “Daewoo Gentra" markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı, XW85V319DEA514123 ban, DFCX0579 mühərrik nömrəli, boz rəngli avtomobilin alınması olmuşdur. Müqavilənin 1.4-cü bəndinə əsasən kredit müqaviləsi üzrə bütün öhdəliklərin təminatı G5 noyabr 2013-cü ıl tarixli 17-A-1 -0-5959-13 saylı İpoteka müqaviləsi ilə nəzərdə tutulmuş, bu müqavilənin 2.1-ci bəndinə əsasən tərəflərin razılığı ilə 14400 manat məbləğində qiymətləndirilmiş cavabdehə mülkiyyət hüququ ilə məxsus olan 2013-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA514123 ban, DFCX0579 mühərrik nömrəli, boz rəngli avtomobilidir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əlavə olunmuş “Ödəniş cədvəli”nə əsasən cavabdeh hər ay sabit məbləğdə olmaqla 325 manat, ümumilikdə isə 15563 manat ödəməyi öz öhdəsinə götürmüşdür. Bununla əlaqədar olaraq, tərəflər arasında tərtib edilmiş “Ödəniş cədvəli"nə əsasən kreditin faizlərinin cavabdeh tərəfindən banka qaytarılmasının müddətləri və qaydasını müəyyən etmişdir. Cavabdeh tərəfindən banka sonuncu ödəniş 27 avqust 2018-ci il tarixdə, 260 manat məbləğində olmuşdur. Kredit müqaviləsinin və tərəflər arasında tərtib edilmiş ödəniş cədvəlinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh kreditin və kredit faizlərinin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. X4 Şəmşir oğlunun kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüşdür. Lakin, Cavabdeh qeyd edilən Fərmanla nəzərdə tutulmuş güzəştlərdən yararlanmamış, kredit borcunun restrukturizasiya olunması ilə bağlı Fərmanın son icra müddəti 30 dekabr 2019cu il tarixədək Banka heç bir müraciət etməmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı "xxxx" ASC Sumqayıt Şəhər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qismən əsassız və qanunsuzdur, faiz borcu və dəbbə pulunun tutulması hissəsində məhkəmə düzgün nəticəyə gəlməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi barədə gəldiyi nəticəni cavabdehlərin müqavilə üzrə öhdəliyi yerinə yetirməməsi ilə əsaslandırmışdır. İddiaçı birinci instansiya məhkəməsinin gəldiyi nəticədən apellyasiya şikayəti vermiş, apellyasiya şikayətinin məzmununa əsasən faiz və cərimənin tutulması hissəsində mübahisələndirərək, qətnamənin həmin hissədə ləğv edilərək iddia tələbinin tam təmin edilməsini xahiş edir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin 09.12.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə iddiaçının mübahisələndirdiyi hissədə baxılaraq hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. İşdən görünür ki, cavabdehin iddiaçı ilə bağlanmış olduğu kredit müqaviləsi üzrə öhdəlik münasibətləri yaranmış, həmin kredit müqaviləsi üzrə öhdəliyi icra etməməsinə və ya lazımınca icra etməməsinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsi üzrə yaranmış borcun cavabdehdən tutulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmiş, iddia tələbi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə iddiaçı tərəfindən mübahisələndirilmiş və iddianı tam təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.1. maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşdüyündən, faiz və dəbbə pulunun silinməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası cərimə (dəbbə) məbləğinin tam tutulması barədə apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə qeyd edir ki, Mülki Məcəllənin 462.1. maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icraının gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair» 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. Qeyd etmək lazımdır ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu (cərimə) gəlir vasitəsi kimi çıxış edə bilməz. Çünki dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsuludur. Öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən də onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə uyğun olmaz. Məhkəmə kollegiyası götürülmüş kreditin, hesablanmış faizlərin və cərimənin miqdarını müqayisə edib, əsas borcu və ona hesablanmış faizləri cavabdehin ödəyə bilmədiyi halda, cavabdehdən 5386,13 manat dəbbə pulunun tutulması kredit müqaviləsi üzrə öhdəliyi icra edə bilməyən cavabdeh tərəfin maddi vəziyyətinə ağırlaşdırmasını, əsas borcu və ona hesablanmış faizi əldə edə bilməyən məhkəmə qaydasında hüquqları bərpa edilən iddiaçının hüquqlarının gələcəkdə xəyali deyil, real bərpasının təmin edilməsini, eləcə də iddiaçının həm əmlak və həm də bütün əsaslı mənafeləri üçün cavabdehin yaranmış borc öhdəliyinin icrasının təmin edilməsi mümkünlüyünü nəzərə alaraq hesab edir ki, hesablanan cərimənin məbləğinin silinməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-3100/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3100/2021
13.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - İpoteka
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver