Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5106/2020 26.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil3, Cavabdeh nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Abasqulu oğlundan əsas məbləğ kimi 7.500 (yeddi min beş yüz) manat məbləğində və əldən çıxmış fayda kimi 1125 (min yüz iyirmi beş) manat məbləğində pulun, cəmi 8.625 (səkkiz min altı yüz iyirmi beş) manat məbləğində pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulub onun xeyrinə alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxx 2010-cu il tarixdə X4 ilə ailə həyatı qurmuşdur. Keçmiş həyat yoldaşı X4 N saylı hərbi hissədə xidmət etdiyindən, həmin hərbi hissənin yaxınlığında kirayə qalmışlar. Valideyinləri kirayə yaşamaqlarını istəmədiyi üçün satılıq ev axtarmağa başlamışlar. 2014-cü il mart ayının əvvəllərində o anasına zəng edib bildirmişdir ki, Seymur H.Z.Tağıyev qəsəbəsində iki otaqlı ev tapmış və mənzilə baxıb bəyənmişlər. Mənzilin sahibi Cavabdeh mənzili onun adına istədiyi vaxt sənədləşdirib verəcəyini bildirmişdir. Mənzilin hansı qiymətə satılması ilə maraqlanmış, mənzilin qiymətini 7.500 (yeddi min beş yüz) manat olduğunu bildirmişdir. Anası xx xxxx 2014-cü il tarixdə pulu gətirib ona vermişdir. Həmin gün saat 17-18 radələrində Cavabdeh kirayə yaşadıqları mənzilə gəlmiş və 7500 manat pulu ondan anasının iştirakı ilə götürmüşdür. xx xxxxx 2014-cü il tarixdə o və keçmiş həyat yoldaşı Cavabdeh satdığı H.Z.Tağıyev qəsəbəsində yerləşən, Tağıyev-3 H/Ş, F.Qayıbov küçəsi, bina 18, mənzil 8-ə köçmüşlər. xx xxxxxx 2017-ci il tarixdə ailələrində problem olduğundan nikahları pozulmuşdur və iki az yaşlı uşaqları ilə valideyinin yaşadığı evə gəlmiş, halhazırda da valideyinlərinin yaşadığı yataqxanada iki az yaşlı uşaqları ilə birlikdə yaşayır. Keçmiş həyat yoldaşından ayrıldıqdan sonra ona bəlli olmuşdur ki yaşadığımız mənzil xidməti ev olduğundan satıla bilməzdi. Cavabdehdən verdiyi 7500 manat pulu qaytarmasını tələb etmişdir. Dəfələrlə cavabdehdən verdiyi pulun qaytarılmasını tələb etsə də cavabdeh pulun qaytarılmasından imtina etmiş və ona hədə qorxu gəlmişdir. Buna görə də o cavabdehə verdiyi pulların qaytarılması üçün Sumqayıt şəhər Hərbi Prokrorluğuna müraciət etmişdir. Sumqayıt şəhər hərbi prokrorluğunda araşdırma zamanı cavabdehin həqiqətən də həmin pulları aldığı müəyyənləşdirilmişdir. Buna görə də onun verdiyi pul məhkəmə qərarı əsasında cavabdehdən alınıb ona ödənilməlidir. Odur ki, həmin pulların cavabdehdən alınması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Eləcə də, Cavabdeh Abasqulu oğlu 2017-cü il avqust ayından başlayaraq pulları qanunsuz olaraq özündə saxlamış və ondan faydalanmışdır. Ondan 7.500 (yeddi min beş yüz) manat məbləğində əsas və əlavə olaraq qanunsuz olaraq pullarını özündə saxlayıb faydalandığına görə 2017-cü il avqust ayından başlayaraq 3 il üçün əldən çıxmış fayda (qazanc) kimi faizləri də tələb edir. Belə hesab edir ki, 7.500 (yeddi min beş yüz) manat məbləğində pulu Cavabdeh Abasqulu oğlu 2017-ci ilin avqust ayından qanunsuz olaraq özündə saxlayıb, üç il müddətində ondan faydalandığına görə həmin pulun məbləğindən ona hər ay üçün 5 % hesabı ilə üç il üçün (7.500: 100 x 5% x 3 il) cəmi 1125 manat məbləğində faizə görə pul ödəməlidir. Beləliklə Cavabdeh Abasqulu oğlundan əsas borcuna görə 7.500 (yeddi min beş yüz) manat, faizə görə 1125 (min yüz iyirmi beş) manat, cəmi 8.625 (səkkiz min altı yüz iyirmi beş) manat məbləğində pul onun xeyrinə tutulmalıdır. Qeyd etdiklərinə əsasən, iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, İddiaçı anası Mehrəliyeva Gözəl İbrahim qızı Cavabdeh qarşı əsas borca görə 7.500 manat, əldən çıxmış fayda kimi 9.000 manat olmaqla, cəmi 16.500 manat pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, həmin mülki iş üzrə iddianın rədd edilməsi barədə müvafiq məhkəmə qərarları qəbul olunmuşdur. Lakin həmin işə baxan kassasiya instansiyası məhkəməsi xx.xx.2020-ci il tarixli qərarında qeyd etmişdir ki, həmin iddia Mehrəliyeva Gözəl İbrahim qızı tərəfindən deyil, onun qızı İddiaçı tərəfindən qaldırılmalı idi. Yəni sözügedən iddia yalnız Mehrəliyeva Gözəl İbrahim qızının həmin iddianı qaldırmağa subyektiv hüququnun olmadığına görə rədd edilmişdir. Bu səbəbdən də İddiaçı öz adından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Vəkil qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Vəkil2 iddia tələbinə etiraz edərək bildirdi ki, həmin predmet üzrə iddiaçının anası Mehrəliyeva Gözəl İbrahim qızı tərəfindən məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli. 2(102)-2010/2020 saylı qərarı ilə iddia rədd edilmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Cavabdeh evi ona satmış və istənilən zaman sənədləşdirəcək. Lakin iş materiallarında olan Cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx xxxxxx 2018-ci il tarixli Qərarda iddiaçının keçmiş həyat yoldaşı X5 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə həmin mənzilə "xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi" əsasında köçmüşdür. Yəni o əvvəlcədən həmin evdə kirayə qalacağını və o evin onun mülkiyyətinə keçməyəcəyini bilmişdir, çünki o özü də hərbi qulluqçu idi. Cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx xxxxxx 2018-ci il tarixli Qərarda şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, hərbi qulluqçu "xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi" bağlanması üçün isə o əvvəlcədən hərbi hissənin qazan təminatına qovulmalı və bu niyyəti barədə komandanlığa ərizə ilə müraciət etməlidir. Hərbi qulluqçunun bu müraciətindən sonra hərbi hissənin mənzil komissiyası tərəfindən protokol tərtib edilir və qarnizon mənzil komissiyası qarşısında vəsatət qaldırılması üçün təminatda MİH-ə göndərilir. Bütün bu sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra təsdiq edilməsi üçün qarnizon rəisinə göndərilir. Qarnizon rəisinin təsdiqindən sonra siyahı MİH-ə göndərilir və bundan sonra kirayə müqaviləsi bağlanılır. Cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx xxxxxx 2018-ci il tarixli Qərarda şahid qismində dindirilmiş X8, X20, X7, X9 və X14 analoji məzmunda ifadə vermişdir. Göründüyü kimi, iddiaçı ailəsi ilə birlikdə həmin mənzilə köçərkən onun həyat yoldaşına məlum idi ki, ora onların mülkiyyətinə keçmir. Kirayə müqaviləsinə əsasən orada yaşayacaqlar. Bundan başqa sözügedən qərarın 10-cu səhifəsində istintaq zamanı ifadəsi alınmış Vasif Yusifov bildirmişdir ki, o, S.Vəliyevin H.Z.Tağıyev qəsəbəsində yerləşən, Tağıyev-3 H/Ş, F.Qayıbov küçəsi, bina 18, mənzil 8-i satdığını eşitdikdə ondan mənzilin qiyməti ilə maraqlanmış, mənzili 9500 manat verməklə almağa razılaşmışlar. Göründüyü kimi S.Vəliyev də mənzili eyni qaydada başqa şəxsə vermişdir. Beləliklə Cavabdeh mənzili satmamış, yalnız mənzilin təmirinə çəkilmiş xərci iddiaçı tərəfdən almışdır. Göstərilənlərə əsasən və hazırki iddiaya əvvəllər üç məhkəmə instansiyası tərəfindən mahiyyəti üzrə baxılaraq iddianın rədd edilməsi barədə müvafiq qərar qəbul edildiyindən vəkil iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarına əlavə olunmuş AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1986-cı il tarixdə anadan olmuşdur. İşdə olan adın, ata adının və soyadın dəyişdirilməsi haqqında AZ-İ seriyalı 025141 saylı şəhadətnamənin surətindən görünür ki, X1 adı xx.xx.2019-cu il tarixdən “Rufina” adına dəyişdirilmiş, bu barədə 109 nömrə ilə müvafiq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt hərbi Prokurorluğunun xx.xx.2018-ci il tarixli cinayət işinin icraatına xitam verilməsi haqqında qərarının surətindən görünür ki, N №-li hərbi hissənin hərbi qulluqçusu, baş çavuş Cavabdeh Abasqulı oğlunun Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsilə ittiham olunmasına dair istintaq edilən ********* №-li cinayət işinin icraatına CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilmiş, Cavabdeh barəsində seçilmiş xx xxxx 2018-ci il tarixli «komandanlığın müşahidəsi altına vermə» növündə qətimkan tədbiri ləğv olunmuş, X5 və X2 barələrində Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4 və 297.1-ci maddələri ilə aparılan cinayət təqibinə CPM-nin 39.1.2-ci maddəsinə əsasən hissəvi xitam verilmiş, X3 barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə aparılan cinayət təqibinə CPM-nin 39.1.1-ci maddəsinə əsasən hissəvi xitam verilmiş, Mehrəliyeva Gözəl İbrahim qızı və X1 barələrində Azərbaycan Respublikası CM-nin 297.1-ci maddəsi ilə aparılan cinayət təqibinə CPM-nin 39.1.2-ci maddəsinə əsasən hissəvi xitam verilmiş, N nömrəli hərbi hissənin mənzil komissiyasının, o cümlədən Müdafiə Nazirliyinin Hacı Zeynalabdin rayon Mənzil-İstismar Hissəsinin vəzifəli şəxslərinin barələrində Azərbaycan Respublikası CMnin 341.1-ci maddəsi ilə aparılan cinayət təqibinə CPM-nin 39.1.2-ci maddəsinə əsasən hissəvi xitam verilmiş, vətəndaş Mehrəliyeva Gözəl İbrahim qızının zərərçəkmiş şəxs qismində tanınmasına xitam verilmiş və qəbul edilmiş qərar barədə maraqlı tərəflərə məlumat verilməklə, qərarın surəti ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-2010/2020 saylı qərarı ilə iddiaçı Mehrəliyeva Gözəl İbrahim qızının kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)-4059/2019 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarın məzmunundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(060)-5157/2019 saylı qətnaməsi ilə iddiaçı Mehrəliyeva Gözəl İbrahim qızının Cavabdeh qarşı “əsas borca görə 7.500 manat, əldən çıxmış fayda kimi 9.000 manat olmaqla, cəmi 16.500 manat pul tələbinə dair” iddiası rədd edilmişdir. İddiaçı qətnamədən apelyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)- 4059/2019 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, məhkəməyə bu halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Belə ki, iddiaçı Cavabdeh 7500 manat məbləğində pulu həqiqətən mənzili satmaq adı ilə aldığını, beləliklə cavabdehin həmin pul məbləğini mənimsəyərək qanunsuz olaraq özündə saxladığını sübut edə bilməmişdir. Belə ki, işdə olan Sumqayıt hərbi prokurorluğunun cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2018-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh öz izahatında bildirmişdir ki, kimisə aldadıb sui-istifadə edərək pulunu mənimsəməmiş, mənzili S.Vəliyevə satan zaman Tağıyev-3 H/Ş, F.Qayıbov küçəsi bina 18, mənzil 8 ünvanında yaşadığı müddət ərzində mənzilin təmirinə xərclədiyi pulu aldığını, o cümlədən 7500 (yeddi min beş yüz) manat pulu S.Vəliyevdən sonuncunun kirayə yaşadığı mənzildə almasını bildirmişdir. İddiaçı isə məhkəməyə bunun əksini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Əksinə, iddiaçının iddia etdiyi hallar, yəni Cavabdeh mənzili satmaq adı ilə iddiaçı və onun anasından pul alması öz təsdiqini tapmadığından, beləliklə Cavabdeh əməlində cinayət tərkibi olmadığından cinayət işi üzrə icraata xitam verilmişdir. Məhkəmə onu da qeyd edir ki, Sumqayıt hərbi prokurorluğunun cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2018-ci il tarixli qərarının 10-cu səhifəsindən görünür ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, baş gizir Vasif Yusifov S.Vəliyevin yaşadığı Tağıyev-3 H/Ş, F.Qayıbov küçəsi bina 18, mənzil 8 ünvanını satmaq istədiyini eşitdiyindən sonuncu ilə görüşüb mənzili hansı qiymətə satması barədə maraqlanmış, S.Vəliyev qeyd olunan mənzili 11000 manata satmaq istədiyini bildirdikdə isə V.Yusifov mənzili 9500 manata ala biləcəyini söyləmişdir. S.Vəliyev mənzili 9.500 manat pula V.Yusifova satmağa razılıq verdikdən sonra sonuncu qeyd olunan məbləğin 3000 manatını xx.xx.2017-ci il tarixdə təxminən saat 19 radələrində yaşadığı mənzilin qapısının qarşısında S.Vəliyevin atası M.Vəliyevə vermiş, 6500 manatını isə xx.xx.2017-ci il tarixdə təxminən axşam saat 18 radələrində S.Vəliyevə yaşadığı məhəllənin qarşısında vermişdir. Göründüyü kimi Müdafiə Nazirliyinin balansında olan mənzillərin hərbi qulluqçular arasında mənzilin təmirinə çəkilmiş xərc müqabilində bir-birinə verilməsi barədə iddiaçının keçmiş həyat yoldaşı hərbi qulluqçu olan X5 da bilmiş, sözügedən mənzili təmirinə çəkilmiş xərc müqabilində başqa bir hərbi qulluqçuya vermişdir. İddiaçının keçmiş həyat yoldaşının hərbi qulluqçu olmasına baxmayaraq Müdafiə Nazirliyinin balansında olan mənzillərin alqı-satqısının mümkün olmaması barədə məlumatlı olmamasına dair dəlillərini isə məhkəmə inandırıcı hesab etmir. Belə ki, iddiaçı və ailəsi üç ildən çox sözügedən mənzildə yaşamış, həmin müddətdə verdiyi pulu tələb etməmiş, yalnız nikahına xitam verildikdən sonra, pulun verilməsindən isə 6 ildən çox keçdikdən sonra pul tələbinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. \ Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. (Mülki Prosessual Məcəllənin 81-ci maddəsi). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh Abasqulu oğlundan əsas məbləğ kimi 7.500 (yeddi min beş yüz) manat məbləğində pulun tutulması hissəsində iddia təmin edilməməlidir. Bu hissədə iddia təmin edilmədiyindən məhkəmə hesab edir ki, Cavabdeh Abasqulu oğlundan əldən çıxmış fayda kimi 1125 (min yüz iyirmi beş) manat məbləğində pulun tutulması hissəsində də iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilən 30 manat dövlət rusumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-5106/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5106/2020
26.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver