Məhkəmə qərarları › İş №2(060)-5107/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5107/2020

13.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5107/2020 13.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il təvəllüdlü X1 üçün o, yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artılaraq hər ay 170 manat sabit pul məbləinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, Qubadlı Rayon Məhkəməsinin 2(28)-186/2012 saylı xx xxxx 2012-ci il tarixli qətnaməsi ilə onunla Cavabdeh arasındakı nikah pozulmuş, xx xxxxxx 2012-ci il təvəllüdlü X5 onun yanında qalmış və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 87 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Daha sonra alimentin artırılması ilə bağlı məhkəməyə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5440/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddiası qismən təmin edilərək, Qubadlı Rayon Məhkəməsinin 2(28)-186/2012 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2012-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı artırılaraq, xx xxxxxx 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Əbiilfət oğlundan xx xxxx 2017-ci il tarixdən başlayaraq hər ay 100 (bir yüz) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Həmin vaxtdan başlayaraq cavabdeh tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X1 üçün az miqdarda köməklik göstərmişdir. Hal-hazırda X2 yaşı var və Sumqayıt Şəhər Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatını ödəmir. Uşaq orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2020-ci ildə hər uşaq üçün 170 manat müəyyən edilmişdir. Uşağın təlimtərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Buna görə də aliment məbləğinin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Yuxarıda qeyd etdiklərini və ölkə üzrə yaşayış minimumunu, minimal aylıq əmək haqqının miqdarını, eləcə də cavabdehin kifayət qədər gəlirlərinin olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 170 manata çatdırılmalıdır. Yuxarıda göstərdiklərinə əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, o, iddiaçı, yəni İddiaçı ilə rəsmi nikaha girərək ailə qurmuş və həmin nikahdan bir uşaqları olmuşdur. Aralarındakı nikah münasibətləri məhkəmə qəntnaməsinə əsasən pozulmuş, uşaq anasının himayəsinə verilmiş və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün qanunla müəyyən edilmiş qaydada alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə qaydasında müəyyən olunmuş aliment məbləğini çox çətiniklə ödəyir. Çünki o, İddiaçı boşandıqdan sonra yenidən ailə qurmuş və həmin nikahdan da iki azyaşlı övladı vardır. Əlavə olaraq qeyd etdi ki, hazırda heç bir yerdə işləmir və əlavə gəliri də yoxdur. Ona görə də o, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. X5 xx.xx.2012-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, atası Cavabdeh, anası isə İddiaçıdır. (işdə olan AZ-İİ 843323 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən) İşdə olan AZ-İ 149436 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən, Cavabdeh ilə İddiaçı arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2012-ci ilin avqust ayının 09 günündə 43 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra qadına Mikayılova soyadı verilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5440/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə Qubadlı Rayon Məhkəməsinin 2(28)-186/2012 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2012-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı artırılaraq xx xxxxxx 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Əbiilfət oğlundan xx xxxx 2017-ci il tarixdən başlayaraq hər ay 100 (bir yüz) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli, 491 saylı arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZ-İ 820390 saylı nikah haqqında şəhadətnamənin surətinə əsasən Cavabdeh ilə X4 xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar və bu nikah 97 saylı akt qeydilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Mikayılova soyadı verilmişdir. Həmin nikahdan onların X6 və X7 adlı iki uşağı anadan olmuşdur. (işdə olan AZ-İİİ 281301 və 499639 nömrəli doğum haqqında şəhadətnamələrin surətinə əsasən) Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. -112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə qeyd edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5440/2017 saylı, xx xxxxx 2017-ci tarixli qətnaməsi qəbul olunduğu vaxt tərəflərin birgə nikahından olan uşağın müvafiq olaraq 5 yaşı olmuşdur. Hazırda isə onun 8 yaşı var. Bu isə uşağın saxlanılması üçün zəruri olan xərclərin artmasına səbəb olmuşdur. Həmçinin həmin qətnamə ilə alimentin miqdarı müəyyən edildikdən sonra, yaşayış minimumu haqqında qanunvericiliyin tələbləri dəyişmiş və uşaqların saxlanılması üçün tələb olunan məbləğ artmışdır. Lakin məhkəmə cavabdehin yenidən ailə qurduğunu və himayəsində daha iki azyaşlı övladının olmasını nəzərə alaraq hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5440/2017 saylı, xx xxxxx 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, 130 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında həmçinin göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki iş üzrə alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə görə aliment alınması barədə iddialarda, iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (maddə 119.1). İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır (maddə 119.2). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5440/2017 saylı, xx xxxxx 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx xxxxxx 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar