Məhkəmə qərarları › İş №2(060)-5107/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5107/2023

03.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5107/2023 03.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin nümayəndəsi X3, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kredit üzrə borcun tutulması tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ:

1. İddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kredit üzrə borcun tutulması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "TBC Kredit” Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 18 oktyabr 2021-ci il tarixli, GARA-2972-1037 saylı kredit müqaviləsi və onun tərkib hissəsi olan 18 oktyabr 2021-ci il tarixli, GARA-2972-1037 saylı Razılaşmaya əsasən ikinciyə 25% faizlə 24 ay müddətinə 12000 manat məbləğində kredit verilmiş və kreditin aylıq 641 manat olmaqla ödənilməsi müəyyən edilmişdir. Yuxarıda qeyd olunan kredit müqaviləsindən irəli gələn öhdəliklərin lazımı qaydada icrasını təmin etmək məqsədi ilə "xxxx" BOKT MMC ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında 18 oktyabr 2021-ci il tarixdə GARA-2972-1037+GARA-3009 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər tam və vaxtında icra edilmədiyi üçün "xxxx" BOKT MMC məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh1 20 iyul 2023-cü il tarixinədək verilmiş kredit üzrə 8644,69 anat əsas borc, 2340,46 manat cari faiz borcu və 450 manat cari dəbbə borcu olmaqla, cəmi 11435,15 manat məbləğində borcu yaranmış və ödənilməmişdir. Göstərilənlərə əsasən X4 ilə bağlanmış 18 oktyabr 2021-ci il tarixli, GARA-2972-1037 saylı Kredit müqaviləsi və onun tərkib hissəsi olan 18 oktyabr 2021-ci il tarixli GARA-2972-1037 saylı Razılaşmanın ləğvi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə ümumilikdə 8644,69 manat əsas borc, 2340,46 manat faiz borcu və 450 manat cari dəbbə borcu olmaqla, cəmi 11435,15 manat kredit borcunun və işə məhkəmə baxılması üçün ödənilmiş 125,40 manat haqqın əvəzinin tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin nümayəndəsi X5 iddia tələbini müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat verdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul edərək, borcun ödənilməsindən yayınmadığını bildirmişdir. İmkanı olacağı təqdirdə borcunu ödəyəcəkdir.

5. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qismən qəbul edərək, maddi vəziyyətinin acınacaqlı olduğunu bildirmişdir.

6. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər Cavabdeh3 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

7. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

8. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

9. İş materiallarında olan "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 18 oktyabr 2021-ci il tarixli, GARA-2972-1037 saylı kredit müqaviləsi və onun tərkib hissəsi olan 18 oktyabr 2021-ci il tarixli, GARA-2972-1037 saylı razılaşmaya əsasən MMC tərəfindən Cavabdeh1 24 ay müddətinə, illik 25%-lə 12001 manat məbləğində kredit verilmişdir.

10. İş materiallarında olan "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 18 oktyabr 2021-ci il tarixli, GARA-2972- 1037 +GARA-3009 saylı zaminlik müqaviləsinə əsasən zaminlər Cavabdeh2 və Cavabdeh3 borclu Cavabdeh1 bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşımaları barədə öz üzərlərinə öhdəliklər götürmüşlər.

11. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh1 MMC tərəfindən 12000 manat məbləğində pul verilmişdir.

12. İş materiallarında olan "xxxx" BOKT MMC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 MMC-yə 8644,69 manat əsas, 2340,46 manat faiz, 450 manat cərimə, cəmi 11435,15 manat məbləğində borcu mövcuddur.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

13. Məhkəmə iclasında müəyyən edildi ki, "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 18 oktyabr 2021-ci il tarixli, GARA-2972-1037 saylı kredit müqaviləsi və onun tərkib hissəsi olan 18 oktyabr 2021-ci il tarixli, GARA-2972-1037 saylı razılaşmaya əsasən MMC tərəfindən Cavabdeh1 24 ay müddətinə, illik 25%-lə 12001 manat məbləğində kredit verilmiş, zaminlər Cavabdeh2 və Cavabdeh3 borclu Cavabdeh1 bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşımaları barədə öz üzərlərinə öhdəliklər götürmüşlər, lakin cavabdehlər kredit və hesablanmış faizləri hər ay ödəniş cədvəlinə uyğun olaraq ödəməli olduğu halda, vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişlər. Nəticədə cavabdehlər üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə onların kredit təşkilatına ödənilməmiş borcları yaranmışdır.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Eyni Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

16. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

17. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

18. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

20. Azərbaycan Respublikası Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

21. Qeyd olunan Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

22. Məhkəmə qeyd edir ki, cavabdehlər kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, kredit təşkilatı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur.

23. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

24. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə borcu hissəsində qismən təmin edilərək cərimə 50 (əlli) manat məbləğində müəyyən edilməlidir.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

26. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri də cavabdehlərə aid edilməlidir.

27. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 18 oktyabr 2021-ci il tarixli, GARA-2972-1037 saylı kredit müqaviləsi və onun tərkib hissəsi olan 18 oktyabr 2021-ci il tarixli, GARA-2972-1037 saylı razılaşma ləğv edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 8644,69 (səkkiz min altı yüz qırx dörd manat, altmış doqquz qəpik) manat əsas, 2340,46 (iki min üç yüz qırx manat, qırx altı qəpik) manat faiz, 50 (əlli) manat dəbbə borcu olmaqla, cəmi 11035,15 (on bir min otuz beş manat, on beş qəpik) manat məbləğində pul, habelə 125,40 (bir yüz iyirmi beş manat, qırx qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

30. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

31. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

33. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

Nəticə hissəsi:

34. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 18 oktyabr 2021-ci il tarixli, GARA-2972-1037 saylı kredit müqaviləsi və onun tərkib hissəsi olan 18 oktyabr 2021-ci il tarixli, GARA-2972-1037 saylı razılaşma ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 8644,69 (səkkiz min altı yüz qırx dörd manat, altmış doqquz qəpik) manat əsas, 2340,46 (iki min üç yüz qırx manat, qırx altı qəpik) manat faiz, 50 (əlli) manat dəbbə borcu olmaqla, cəmi 11035,15 (on bir min otuz beş manat, on beş qəpik) manat məbləğində pul, habelə 125,40 (bir yüz iyirmi beş manat, qırx qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar