Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5138/2022 16.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1048/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xeyrinə İddiaçı əmək haqqından ¼ hissədə aliment tutulmasının dəyişdirilərək, sabit pul məbləği ilə ayda 250 manat müəyyən edilməsi və cavabdehdən tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2015-ci il tarixində rəsmi nikaha girmiş, rəsmi nikahdan xx.xx.2016-ci il təvəllüdlü X5 doğulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-490/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanılmış nikah pozulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1048/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə əvvələr Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-490/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşma çatana qədər saxlanılması üçün cavabdeh İddiaçı Cavabdeh xeyrinə cavabdeh İddiaçı əmək haqqından 1/4 hissədə alimentin tutulması qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-490/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə aliment sabit pul məbləğində - ayda 154 manat müəyyən edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1048/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə uyğun olaraq cavabdehə əmək haqqının ¼ hissəsi miqdarında, yəni, ayda 398-400 manat aliment ödənilir. O, xx.xx.2021-ci il tarixində yenidən nikaha girmiş, X4 ilə bağlanılmış nikahları həmin tarixdə Sumqayıt “ASAN” Xidmət Mərkəzində qeydə alınmışdır. Hazırda onun ailə vəziyyəti dəyişmiş, yenidən nikaha girmiş və bu nikahdan bir uşaq da, yəni xx.xx.2022-ci il təvəllüdlü X6 doğulmuşdur. Yenidən ailə qurmağı ilə bağlı, eyni zamanda onun ailəsinin maddi vəziyyəti də dəyişmişdir. Belə ki, o, 1.600 manat əmək haqqının 1/4 hissəsi miqdarında aliment ödəyir, bu da təxminən 398-400 manat edir, ailədə tək o işləyir, həyat yoldaşı işləmir. Əmək haqqı 4 yerə bölünür: o, həyat yoldaşı, qızı Fəridə, aliment ödədiyi qızı Firuzə. Yəni hər birinə təxminən 400 manat pul düşür. Cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmuşdur. Etirazda bildirilmişdir ki, iddiaçının həyat yoldaşı X4 hazırda X11 Tədris Şöbəsində mühasib işləyir, yaxşı maaş alır, hətta sabiq həyat yoldaşı maşın alveri ilə məşğuldur, yaxşı qazanc əldə edir. Hər şənbə-bazar günü maşın satışında iştirak edərək 1.000-1.500 manat əldə etmişdir. O, iddiaçı ilə yaşayan zaman üçmərtəbəli həyət evi tikmişlər. Hətta indi də bir həyət evi də almışlar ki, o da çox yüksək məbləğ təşkil edir. O, özü kirayədə yaşayır, 300 manat kirayə pulu verir. Övladının 6 yaşı vardır, bundan əvvəl uşaq hazırlıq kurslarına getmiş, işi ilə əlaqədar heç kim uşağa baxmadığı üçün 250 manata uşağa dayə də tutmuşdur. O, uşağı uşaq bağçasına qoya bilər, ancaq uşağın tez-tez xəstələnməsi və allergiyadan əziyyət çəkdiyinə görə məcburiyyət qarşısında qalaraq dayə tutmağa məcbur olmuşdur. Qızı bu il 1-ci sinifə gedir, uşaq paltarları, geyimlər və qidalanması olduqca baha olduğu üçün o, uşağı bu pulla güclə dolandırır. Hazırda o, özü də aldığı stresslərdən müalicə alır, nevropatoloqun qeydiyyatındadır. Daim müalicə və müayinəyə ehtiyacı vardır. İddiaçı bir dəfə də olsun gəlib öz övladını görməmiş, gəzməyə aparmamışdır. Hər dəfə uşaq ondan atasını soruşanda bildirmişdir ki, atası uzaqdadır, bu gün-sabah gələcək. Odur ki, İddiaçı tərəfindən ona qarşı verilmiş alimentin miqdarının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi əsassız olduğundan rədd edilməlidir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verib, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında etiraz ərizəsi ilə eyni məzmunlu izahat verib, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında olan nikah xx.xx.2018-ci ildə ləğv edilmiş və nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 150 nömrəsi ilə qeyd edilmişdir. - AZ-T seriyalı, 206747 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2016-cı il təvəllüdlü X5 adlı övladları vardır. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1048/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-490/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsi, xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə İddiaçı əmək haqqından ¼ hissədə alimentin tutulması qət edilmişdir. - Sumqayıt “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsinin verdiyi nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X4 arasında xx.xx.2021-ci il tarixdə rəsmi nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 964 nömrəsi ilə qeydiyyat aparılmışdır. - AZ-İV seriyalı, 738069 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X1 birgə nikahından xx.xx.2022-ci il təvəllüdlü X6 adlı övladları vardır. - AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vegi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 4 saylı vəkil bürosuna ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Cavabdeh əmək haqqı və digər gəlirləri üzrə hesablama məbləği 1884.75 manat, məcburi tutulmalardan sonra ödəniş məblıği 1502.57 manat təşkil edir. - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022 tarixli arayışdan görünür ki, iddiaçının nümayəndəsi Vəkil ilkin məcburi mediasiya sessiyasında iştirak etmiş və mediasiyaya dair 50 manat xərci ödəmişdir, lakin Cavabdeh iştirak etməmişdir. - AR “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X12 “2 nömrəli Ailə Sağlamlıq Mərkəzi”nin xx.xx.2022-ci il tarixli, 646 №-li arayışından görünür ki, “Atopik dermatit” diaqnozu ilə Sumqayıt şəhər 2 nömrəli ASM-də dispaner qeydiyyatındadır. Beləliklə, araşdırma zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında olan nikah xx.xx.2018-ci ildə ləğv edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1048/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-490/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün iddiaçıdan cavabdehin xeyrinə iddiaçının əmək haqqından ¼ hissədə alimentin tutulması qət edilmişdir. Cavabdeh aylıq əmək haqqı 1502.57 manat təşkil edir. İddiaçı hazırda Tahirova (Cəlilova) Əfsanə Zülfüqar qızı ilə evlidir və həmin nikahdan xx.xx.2022ci il təvəllüdlü X6 adlı övladı vardır. Məhkəmə qeyd edir ki, iddiaçı hazırda ayda 400 manat (1/4 hissə) aliment ödədiyindən ərizəsində isə bunun 250 manat sabit pul məbləğinə dəyişdirilməsini xahiş etdiyinə görə faktiki olaraq aliment məbləğinin 150 manat azaldılmasını tələb edir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Şərh olunan hüquq normasının məzmunundan da göründüyü kimi qanunverici alimentin miqdarının müəyyən olunması ilə bağlı məhkəmə qərarını daimi və son olaraq qətiləşdirmir, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu hallarda alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi və tərəflərin diqqətəlayiq başqa maraqlarının nəzərə alınmasını istisna etmir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə hesab edir ki, iddiaçını maddi durumunun pisləşməsi ilə bağlı onun tərəfindən heç bir mötəbər sübut, dəlil təqdim edilmədiyinə görə iddia əsassızdır. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçının yenidən nikah bağlaması və övladının doğulması onun maddi vəziyyətinin pisləşməsi anlamına gəlmir. Bundan əlavə alimentin azaldılaraq 250 manat məbləğində müəyyən edilməsi xx.xx.2016-cı il təvəllüdlü X3 mənafeyinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb ola bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçının cavabdeh X2 qarşı Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1048/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-5138/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5138/2022
16.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver