Məhkəmə qərarları › İş №2(060)-5147/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5147/2023

22.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5147/2023 22.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı və onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1, Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 51.000 manat pul borcunun ona geri ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, fərdi əməklə məşğul olur. X9 onun bibisi oğludur. Elçinin bir neçə ildir ki, Ramil adlı dostu ilə birlikdə geyim satışı mağazaları işlətmələrindən məlumatı vardır. Belə ki, Elçin Cavadov əvvəllər Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən “LTB” geyim mağazasını işlətmiş, 2017-ci ildə öz istəyi ilə işdən çıxmışdır. Bir müddətdən sonra Elçin demişdir ki, Ramil adlı şəxslə tanış olmuş, Ramil geyim satışı mağazası işlədir, bundan sonra Ramillə birlikdə işləməyə başlamışdır. Bir müddətdən sonra Ramil onların ailəsi ilə tanış olmuş, ailələri arasında münasibət yaranmış, bir-birilərinin evinə gediş-gəliş etmişlər. Elçin Ramillə işlədiyi dövrdə Bakı şəhərində bir neçə və Sumqayıtda da geyim mağazaları olmuşdur. 2018-ci ildə Elçinlə Ramil Bakı şəhəri, Azadlıq prospektində mağaza açmışlar. Elçin Cavadov həmin mağazada mağaza müdiri olmuşdur. Daha sonra həmin mağazanı bağlamış və 9 ay sonra 2019-cu ilin mart ayında birlikdə Bakı şəhəri, Qara Qarayev prospekti 81 ünvanında mağaza açmışlar. Həmin vaxtı Elçin Cavadov öz avtomobilini satıb toplamda 40000 AZN pulu mağazaya yatırmaq üçün Ramilə vermişdir. Həmin vaxtlarda mağaza Ramilin yeznəsi Mahirin adına idi. Daha sonra Elçinlə Ramil Bakı şəhəri, Tarqovı küçəsində mağaza açmışlar. 2022-ci ilin dekabrında artıq mağazaların sayı 7-yə çatmışdı. 2021-ci ildə Elçin Ramilə yeni şirkət açmaq istədiyini bildirmişdi. Elçin və Ramil E. and R. Group MMC-ni qurdular. Şirkətin adından da göründüyü kimi E. Elçinin adını, R. isə Ramilin adını ifadə edir. Elçin Cavadov şirkəti qurarkən Ramilə özünü də təsisçi kimi yazacağını bildirdikdə Ramil Elçinə onu təsisçi kimi yazacağı təqdirdə qardaşının şərik olmalarını bildikdə narazılıq edəcəyini və gələcəkdə onlara kömək etməyəcəyini bildirmişdir. Elçin də Ramili özünə qardaş bilib ona inanaraq təsisçi Ramili, direktor kimi isə özünü qeyd etdirmişdir. Bundan başqa, Tarqovuda mağazada yanğın baş verərkən X1 evini sataraq həmin pulu mağazanın təmirinə vermişdir. Elçin Cavadov 2022-ci ilin avqustunda Ramilə onun payını hesablayaraq ayırıb şirkətin nizamnaməsində qeyd etməyini tələb etdikdə o, yenə də qardaşını bəhanə gətirərək bunu etməmişdir. Daha sonra Elçin Bakı Şəhəri, Qara Qarayev prospektində yerləşən mağazanın 1-ci mərtəbəsini E and R Group MMC-dən icarəyə götürmüşdür. Razılaşmaya görə Elçin əlavə olaraq mağazadakı avadanlıqlara görə Ramilə 30000 ABŞ dolları (51000 AZN) verməli olmuşdur. Bu barədə Elçin Cavadov onunla söhbət etmiş və həmin pulu da ondan almışdır. Elçin Cavadov hər ay onun kartına öz qazancından 1000 AZN pul göndərmişdir. Daha sonra X10 dayısı oğlu İbrahimdə pul varsa ona pul borc verməyini demişdir. Elçin məbləği soruşduqda Ramil 60.000 AZN borc pul istədiyini bildirmişdir. Bundan sonra Elçin ona zəng vurmuş və Ramilin ondan borc pul istədiyini bildirmişdir. O isə, Ramilin borcu nə vaxt qaytaracağını Elçinə bildirmişdir. Elçin ona bildirmişdir ki, Ramilin ona deməsinə görə ən geci 3 aya borcu qaytaracaqdır. Daha sonra Ramil özü onunla əlaqə saxlayaraq pul verməyini xahiş etmiş və ən gec 3 aya qaytaracağını söyləmişdir. Daha sonra Elçin Cavadov onunla Bakı şəhəri 4-cü mikrorayon ərazisində görüşmüş və ondan 30.000 ABŞ dolları və 7.000 AZN pul götürərək ofisdə Ramilə vermişdir. Münasibətlərin getdikcə korlandığını gördükdə o Elçindən Ramilin ona olan borcunu verməsini tələb etmişdir. 2023-cü ilin aprelin 1-i tarixində şirkətə məxsus Mazda 9 avtomobilini Elçin Meyvəlidə satarkən o oraya gələrək maşını satıb pulunu Ramilin ona olan borcunu verməsini istəmişdir. Elçin Ramilə zəng vurmuşdur. Ramil meyvəliyə gələrək ondan ona vaxt verməyini istəmiş və pulun bir hissəsini 4 Aprel 2023 qalan hissəsini 2023-cü il 9 aprel tarixində Elçin Avropaya gedənədək verəcəyini bildirmişdir. Lakin bu günə qədər də dəfələrlə pulunu tələb etsə də, Ramil pulu ona vermir. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq bildirdi ki, bibisi oğlu Elçin Ramilin pula ehtiyacı olduğunu bildirdi. O, bu səbəbdən keçən ilin noyabr ayında Elçinə pulu vermiş, Elçin də həmin pulu Ramilə verəcəyini bildirmişdir. Pulun Elçinə verilməsində Ramil iştirak etməyib. O, Ramilə şəxsən əlbəəl pul verməyib. Bildirir ki, o, Elçin vasitəsilə Ramilə dəfələrlə borc pul verib. Ramilin iştirak etdiyi və etmədiyi hallar olub. Ramil həmişə ondan aldığı borc pulu vaxtında ona qaytarmışdır. Elçin ilə Ramil arasında noyabr-dekabr aylarına kimi problem olduğunu görməyib və bilməyib. Əgər problem olsaydı, o, borca pul verməzdi. Pulun ödənilməsində gecikmə olduğu zaman pulunu tələb etmiş, bundan sonra Elçin və Ramil arasında münasibətlərin pozulduğu ona aydın olmuşdur. O, hətta Ramillə Elçindən daha yaxın münasibətdə olub. Elçin tərəfindən 4-5 ay 1000 manat məbləğində ödənişlər edilib, təxminən ümumi olaraq ona 6000 manata yaxın borc pul qaytarılıb. Bu məsələdə onun səhvi Ramilə inanmağı və müqavilə bağlamadan həmin məbləğdə pulu verməyi olub. Onu da bildirir ki, bəhs edilən səs yazısı Elçin tərəfindən yazılıb. Həmin vaxt onun səslərinin yazılmasından heç xəbəri də olmayıb. Həmin səs meyvəlidə maşın satılan zaman qeydə alınıb. Səs yazılarında Zaur adlı şəxs odur. Belə ki, o bir neçə il əvvəl departasiya məsələləri ilə əlaqədar adını dəyişdirmişdir, əvvəlki adı Zaur olmuşdur. Məhkəmənin nəzərinə çatdırır ki, Ramilin maşını şirkətin adına alınıb. Ramil qəzaya düşəndən sonra, sığorta pulu almaq üçün həmin maşını almaq üçün satmaq qərarına gəlmişdir. Həmin vaxt - apreldə Elçin xaricə getməli idi. Ondan da 1 həftə qabaq maşını satdılar. Maşın satılandan sonra o, İbrahimdən borcunu qaytarmasını istəmişdir. Lakin Ramil maşının satılması nəticəsində əldə edilən pulu özünə götürmüşdür. Səs yazılarının birində o, iştirak edib, digərlərində isə Ramil və Elçin olub. Səs yazısında maşını satmağı bildirən Elçin, “mənim pulumu verin” deyən isə odur. O, əslində prosesin bu qədər uzanacağını, pul söhbətinin bu nöqtəyə çatacağını düşünməmişdir. Buna görə də Polis Bölməsində o qədər ətraflı izahat verməyib. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq bildirdi ki, Elçin və Ramilin biznes münasibətləri olub. Mağazalardan birini icarəyə götürəndə Elçin dayısı oğlu İbrahimdən borc alıb. Bunu bilən Ramil də Elçindən İbrahimin ona borc pul verməyini istəyib. 2022-ci ilin noyabr ayında İbrahim 30000 ABŞ dolları məbləğində pulu ofisdə Elçinə verib. Elçin də qeyd edilən pulu borc kimi Ramilə verib, Ramil isə həmin borcu 3 ay müddətinə qaytaracağını bildirib. Lakin sözügedən məbləğ bu günə kimi qaytarılmayıb. Məhkəmənin nəzərinə çatdırır ki, polisə müraciət edilib, amma həmin müraciət 44000 manat pulla bağlıdır, yəni həmin müraciətin bu məsələyə aidiyyatı yoxdur. Səs yazısı ilə bağlı bildirir ki, həmin səs yazısı Elçin tərəfindən Meyvəlidə yazılıb. Orada üçü də iştirak etmişdir. Lakin səs yazılmasından onun xəbəri yox idi. Səs yazısında sualı verən Cavadov Elçin, suallara cavabı verən isə Cavabdehdir. Cavabdehin iddiaçıya hazırda 51000 manat borcunun qalması səs yazısı və şahid ifadəsi ilə tam təsdiqlənir. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 iddia tələbinə dair izahat verərək bildirdi ki, iddianı qəbul etmir. İddia tamamilə qanunsuz və əsassızdır. İddiaçının belə bir iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ da yoxdur. İlk növbədə iddiaçı pulu kimə təqdim edibsə, həmin şəxsdən də həmin borc pulun qaytarılmasını tələb etməlidir, yəni cavabdeh Ramil deyil, Elçin Cavadov olmalı idi. Belə ki, Ramil şəxsən iddiaçıdan pul almayıb. İbrahim Elçin barədə məhkəməyə müraciət etməli, pulu Elçindən tələb etməli, daha sonra Elçin də Ramildən əgər ona borc pul veribsə qaytarılmasını tələb edə bilər. Bundan başqa heç bir qohumluq münasibətlərinin olmadığı şəxsə heç bir sənədə qol çəkdirmədən 51000 manat pul verilməsi ağlabatan və inandırıcı deyil. Tərəflər borc müqaviləsi bağlamasalar da belə, ən azından iddiaçı pulun verilməsi ilə bağlı hər hansı bir qəbzə qol çəkdirə bilərdi. Bundan əlavə qanunvericiliyin tələbinə görə 3000 manatdan yuxarı borc notarial qaydada rəsmiləşdirilməlidir. Şahid məhkəmə iclasında noyabr ayında 30000 manat aldığını bildirsə də, digər yerlərdə verilmiş fərqli izahatlar da mövcuddur. Əslində Elçin öz borcunu bağlamaq üçün belə bir addım atıb. Məhkəməyə təqdim edilmiş səs yazısı mötəbər sübut kimi qəbul edilməməlidir. Belə ki, səs yazısı ilə bağlı qanunvericiliyin tələbləri də pozulub. Həmin səs yazısının nə vaxt, kim tərəfindın hansı səbəblə və hansı texniki vasitə ilə yazıldığı məlum deyil. Eyni zamanda təqdim edilmiş səs yazısı tam deyil və orada başqa məsələlərdən də söhbət gedir. Onlar tələb etməsinə baxmayaraq səs yazıları bütöv şəkildə məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, mülki qanunvericiliyin tələblərinə zidd olaraq, səs yazısı səxsin məlumatı və razılığı olmadan gizli şəkildə həyata keçirilib. Eyni zamanda bildirir ki, Meyvəlidə olarkən cavabdehin borcu ödəyəcəyi barədə Elçin və İbrahimə vəd verməsi elə həmin gün maşının satışından və sığortadan əldə ediləcək 60000 manatdan çox pulun Elçin tərəfindən mənimsənilməsinin qarşısını almaq üçün olmuşdur. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X9 bildirdi ki, tərəflərin hər ikisini tanıyır. Belə ki, Ramillə birlikdə işləyib, İbrahim isə onun dayısı oğludur. Noyabr ayında iddiaçıdan 30000 dollar pul almışdı. Bildirir ki, dəfələrlə İbrahimdən pul alıb qaytarıblar. Sonuncu dəfə 2022-ci ilin noyabr ayında Ramil ona İbrahimdən 60000 manat pul götürməyi dedi. O, Ramilə bunun üçün İbrahimə özünün zəng etməsini desə də, Ramil isə onun zəng edib danışmasının daha yaxşı olduğunu bildirdi. Danışıqlar nəticəsində İbrahim pulunun olduğunu bildirdi və Ramil də həmin məbləği 3 aya geri qaytaracağına söz verdi. O, İbrahimdən 30000 dollar pulu Leyla şadlıq evinin yanında avtomobilin içində götürüb sonra aparıb ofisdə Ramilə vermişdir. Bildirir ki, həmin vaxt ofisdə iddiaçı olmamışdır. Daha sonra mart ayında münasibətləri pozulmuşdur. Ramil ona oğurluq etdiyini bildirib onu işdən çıxarmışdır. Lakin o, bununla razılaşmayıb, işə bərpa barədə ərizə ilə məhkəməyə müraciət etmiş və nəticədə onun iddiası təmin edilmişdir. Ramil götürdüyü borc puldan 7000 manatını qaytarmışdır. Lakin 51 000 manat borcu isə qaytarmamışdır. Bildirir ki, İbrahimdən pulu 2022-ci ilin noyabr ayının sonlarında alıb. Ola bilsin ki, polisdə pulun alınma tarixini səhv desin, lakin pulu noyabr ayında aldığını dəqiq xatırlayır. Bir məsələni qeyd edir ki, şikətin maşını qəza törətdiyi üçün "xxxx" də həmin maşın satılırdı. Şirkətin direktoru o olduğu üçün müəyyən sənədlərə imza atmalı idi, ona görə orada idi. Bildirir ki, maşının alqı satqısından əldə edilən pulu Ramil götürmüşdür. Maşının alqı satqısı nəticəsində 20000 dollar pul gəlməlidi idi, 32000 manat isə sığorta haqqıdır, lakin həmin pul ödənilməyib. Həmin vaxt Ramil kartlardan pulu çıxarıb İbrahimin borcunu qaytaracağını demişdi. Lakin o, "xxxx"yə gedəndə İbrahim Ramilin borcu qaytarmadığını demişdir. Bu məsələ ilə əlaqədar o, Ramilə zəng edib ona mart ayında artıq bütün borclarını bağlayacağına söz verdiyini dedikdə Ramil kartlardan pulu çıxarıb başqa məsələlər üçün xərclədiyini bildirmişdir. Daha sonra İbrahim və Ramil "xxxx"yə gəlmişdir. Maşının yanında o, Ramil və İbrahim bu məsələ barəsində danışmışlar. Ramil ayın 9-a kimi borcu qaytarcağına söz vermişdir. Bununla bağlı hətta səs yazısı da var. Belə ki, həmin vaxt Ramil ayın 3,4-ə kimi borcun bir hissəsini, təxminən 10000 manat və ya 20000 manat, ayın 9-a kimi isə qalan borcu verəcəyini demişdir və hətta bununla bağlı and içmişdir. Hətta o, Ramilə onun borcu qaytarmayacağı halda, həmin borcu onun verməli olduğunu bildirmişdir. Çünki həmin pulu İbrahimdən o alıb, Ramilə verib. Ayın 5-də İbrahim borcla bağlı Ramilə zəng etdikdə Ramil ona borcu olmadığını bildirib. O, bu xəbəri alanda Ramilə heç nə deməmiş, ayın 9-a kimi gözləmişdir. Daha sonra o, İspaniyaya getmiş, ayın 17-si oradan qayıtmış, Ramilin qardaşı ilə görüşmüşdür. Qardaşı ilə görüşdə onların poblemlərinin yalnız onunla olduğunu və İbrahimin pulunu qaytarmalı olduqlarını bildirmişdir. Lakin o da borcu qaytarmayacaqlarını bildirmişdir. Onu da məhkəmənin nəzərinə çatdırır ki, Ramillə aralarında təkcə iş münasibətləri olmayıb, çox yaxın ailəvi münasibətləri olub. Ona görə də Ramilə inanmış və heç bir sənədə imza etmədən həmin məbləğdə pulu Ramilə vermişdir. O, hətta aralarında etibar inam olduğu üçün dostlarından da dəfələrlə borc pul alaraq Ramilə verib. Aralarında olan münasibətlərə görə notarial qaydada borc müqaviləsi bağlamayıblar. Məhkəmənin nəzərinə çatdırır ki, İbrahim pandemiya dövründə onların şirkətində kuryer işləyirdi. Amma iddiaçının özünün həmişə işi olub, ev alqı-satqısı ilə məşğul olub. O, boş qalmaması üçün əlavə olaraq onların şirkətində işə başlamışdı. Səs yazısı ilə bağlı bildirir ki, həmin səs yazılarını o yazıb. Səs yazılarının tam mətnini məhkəməyə təqdim etməməsinin səbəbi səs yazılarının digər hissələrində başqa məsələlərə aid söhbətlər olmasıdır. Ancaq işin mahiyyəti ilə bağlı hissəsini məhkəməyə təqdim edib. Həmin yazıda o, öz maşınını satıb İbrahimin pulunu verəcəyini deyib. Əslində mart 27-də Ramil ona ərizəsini yazıb işdən çıxmağı dedikdə o, Ramildən şübhələnmiş və onun səsini yazmağa başlamışdır. Əlavə olaraq bildirir ki, şəxsi məsələsi ilə əlaqədar İbrahimdən 30000 dollar borc pul götürmüş, lakin həmin pulu da İbrahimə qaytarmamışdır. 13 noyabr 2023-cü il tarixli məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbinə dair izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Məhkəməyə təqdim edilən səs yazısını dinləyib. Qeyd edir ki, səs ona məxsusdur, amma səs yazısı tam məhkəməyə təqdim edilməyib. Onun iddiaçıya borcu yoxdur. İbrahimlə Elçin birlikdə iş görürdülər. 2019cu və ya 2020-ci ildə mağaza açdılar. Elçin İbrahimin qardaşı ilə iş qurmuşdu. Əvvəl Elçin onun yanında işləmişdir. Elə oldu ki, Elçin İbrahimin qardaşı ilə açdığı mağaza alınmadı və nəticədə Elçinin iddiaçının qardaşına borcu yarandı. Əlavə olaraq bildirir ki, iddiaçı onun yanında 600 manat məbləğində əmək haqqı almaqla kuryer işləmişdir. O, təsisci olaraq kuryerdən borc olaraq pul almaz. Onun həyat yoldaşı İbrahimi işdən çıxartmışdır, səbəb isə müştərilərin narazılıq etməsi olmuşdur. Elçin həyat yoldaşından ayrılmış, ona maşını belə o, almışdır. Əlavə olaraq qeyd edir ki, o, xaricdə yaşamışdır. Daha sonra Azərbaycana gəlib və ölkəyə 3 milyon manat dəyərində yatırım etmişdir. Hal-hazırda da onun şirkətində yüzlərlə adam işləyir. Belə olan hala o, iddiaçıdan necə borc ala bilər? Meyvəlidə söhbət olanda o da iştirak edib. Orada danışıq zamanı Elçinin borcunu ödəməyəcəklərini bildirdilər. O, həmin vaxt Elçindən şikayət eləmək istəmirdi, amma Elçinin ona 147000 manat məbləğində borcu var idi, onu aldatmış, şirkətin pulunu mənimsəmişdi. O, məhkəməyə təqdim edilən səs yazısının bütövlükdə, kəsilmədən təqdim edilməsini istəyir. Onun iddiaçıya heç bir borcu yoxdur. Maşının sığortası ilə bağlı 33000 min manat məbləğində pul şirkətə ödənilməli idi. Həmin vaxt şirkətin direktoru Elçin idi. Elçin həm həmin pulu, həm də maşının satışından əldə ediləcək pulu da mənimsəməsin deyə, o özü həmin vaxt orada Elçinin İbrahimin qardaşına olan borcunu ödəyəcəyini bildirmişdir. Münasibətlər pozulandan sonra Elçin ondan 96000 manat məbləğində pul istəmişdir. Bunun 50000 manatı onun İbrahimin qardaşına verməli olduğu borcu idi. Pulu verməyəcəyi halda onun qızla olan şəkillərini ailəsinə göstərməklə hədələmişdi. O isə ailəsi dağılmasın deyə Elçinə 50000 manat verməyə razılaşmışdı. Elçinin İbrahimin qardaşına borcu var. O səs yazılarında ödəyəcəyəm dediyi borclar Elçinin İbrahimin qardaşına verməli olduğu borcdur. Onun iddiaçıya heç bir borcu yoxdur. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan Sumqayıt şəhər Pİ-nin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, X4 müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət təqibi rədd edilmişdir. İşdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 4149/2023 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia qismən təmin edilmiş, X4 əmək müqaviləsinə xitam verilməsı barədə "E AND R GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 83 saylı əmrinin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə iddiaçı X4 "xxxx" Məhdud Məsuliyyətlı Cəmiyyətində tutduğu əvvəlki vəzifəsinə bərpa edilməsi, 2023-cü ilin aprel ayı üçün işlədiyi müddətə görə (25 gün) ödənılməyən əmək haqqının cavabdeh "E AND R GROUP” MMC-dən tutularaq iddiaçı X5 ödənilməsi, cavabdeh "xxxx" MMC-dən 2023-cü ilin aprel ayı üçün (25 günə gorə) ödənilməyən əmək haqqının 40 (qırx) faizı miqdarında pul vəsaitinin tutularaq iddiaçı X5 ödənilməsi, ezamiyyə xərclərinə görə 1830 (bir min səkkiz yüz otuz) manat, yol xərclərınə görə 1561 (bir min beş yüz altmış bir) manat məbləğində pul vəsaitinin cavabdeh E AND R GROUP” MMC-dən tutularaq iddıaçı X6 ödənilməsi qərara alınmışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, məhkəməyə bu halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Məhkəmə ilk növbədə hesab edir ki, iddia tələbi ona cavab verməli olmayan şəxsə qarşı qaldırılmışdır. Belə ki, İddiaçı tələb etdiyi borc məbləğini şəxsən E.Cavadova verdiyini, həmin vaxt Cavabdeh orada olmadığını bildirmişdir. Şahid qismində məhkəmədə dindirilən E.Cavadov da həmin halı, yəni İddiaçı borc məbləğini ona verdiyini təsdiqləmiş, lakin onun həmin pulu aparıb Cavabdeh verdiyini bildirmişdir. Məhkəmə bu qənaətə gələrkən Sumqayıt şəhər Pİ-nin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarını da nəzərə alır. Belə ki, həmin qərarın məzmunundan görünür ki, iddiaçı İ.X2 Cavabdeh şikayət ərizəsinə baxılarkən verdiyi izahatında Elçinə 30000 ABŞ dolları məbləğində pulu borc verdiyini, həmin pulu təxminən 2-3 ay müddətinə ona qaytarmalı olduğunu bildirmiş, Cavabdeh borc verməsi barədə hər hansı izahat verməmişdir. Məhkəməyə təqdim edilən səs yazıları ilə bağlı isə məhkəmə qeyd edir ki, həmin səs yazılarında olan söhbətlərin əksəriyyəti X9 ilə Cavabdeh arasında olmaqla onlar İddiaçı tərəfindən Cavabdeh 51000 manat və ya daha artıq məbləğdə borc verildiyini təsdiq edən əsaslı şübhədənkənar mötəbər sübut hesab edilə bilməz. Məhkəməyə təqdim edilən şahid ifadəsi ilə bağlı isə məhkəmə qeyd edir ki, həmin şahid cavabdehə (onun təsis etdiyi şirkətə) qarşı işə bərpa və digər tələblərə dair bir neçə məhkəmə mübahisəsi olmaqla iddiaçının qohumudur. Bu səbəbdən məhkəmə həmin şahidin ifadəsini də əsaslı şübhədənkənar mötəbər sübut kimi qəbul etmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar