Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5148/2023 13.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul və xüsusi qərardad çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 44200 AZN pul borcun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini və cavabdehin əməlində cinayət tərkibi olduğundan onun barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Sumqayıt Telekommunikasiya Qovşağının kros üzrə texniki işçisi işləyir. Cavadov Elçin Cəmil oğlu onun övladıdır. Elçin Cavadov əvvəllər Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən “LTB” geyim mağazasını işlətmiş, 2017-ci ildə öz istəyi ilə işdən çıxmışdır. Bir müddətdən sonra Elçin demişdir ki, öncədən tanıdığı Ramil adlı şəxslə geyim satışı mağazası işlədir, bundan sonra Ramillə birlikdə işləməyə başlamışdır. Bir müddətdən sonra Ramil onların ailəsi ilə tanış olmuş, ailələri arasında münasibət yaranmış, bir-birilərinin evinə gediş-gəliş etmişlər. O, Ramili öz övladı kimi istəyirmiş, Elçin və Ramilin alver işlərinə qarışmamışdır. Elçin Ramillə işlədiyi dövrdə Bakı şəhərində bir neçə və Sumqayıtda da geyim mağazaları olmuşdur. 2018-ci ildə Elçinlə Ramil Bakı şəhəri, Azadlıq prospektində mağaza açmışdırlar. Oğlu Elçin Cavadov həmin mağazada mağaza müdiri olmuşdur. Daha sonra Elçin və Ramil həmin mağazanı bağlamış və 9 ay sonra 2019-cu ilin mart ayında birlikdə Bakı şəhəri, Qara Qarayev prospekti 81 ünvanında mağaza açmışdırlar. Həmin vaxtı oğlu Elçin Cavadov öz avtomobilini satıb toplamda 40000 manat pulu mağazaya yatırmaq üçün Ramilə vermişdir. Həmin vaxtlarda mağaza Ramilin yeznəsi Mahirin adına olmuşdur. Daha sonra Elçinlə Ramil Bakı şəhəri, Nizami küçəsində mağaza açmışdırlar. 2022-ci ilin dekabrında artıq mağazaların sayı 7-yə çatmışdır. 2021-ci ildə Elçin Ramilə yeni şirkət açmaq istədiyini bildirmişdir. Elçin və Ramil E. and R. Group MMC-ni qurmuşdurlar. Şirkətin adından da göründüyü kimi “E” Elçinin adını, “R” isə Ramilin adını ifadə edir. Elçin Cavadov şirkəti qurarkən Ramilə özünü də təsisçi kimi yazacağını bildirdikdə Ramil Elçinə onu təsisçi kimi yazacağı təqdirdə qardaşının şərik olmalarını bildikdə narazılıq edəcəyini və gələcəkdə onlara kömək etməyəcəyini bildirmişdir. Oğlu Elçin də Ramili özünə qardaş bilib ona inanaraq təsisçi Ramili, direktor kimi isə özünü qeyd etdirmişdir. Bundan başqa, Tarqovuda mağazada yanğın baş verərkən oğlu X10 Abşeronda ipotekada olan evini təcili bazar dəyərindən ucuz sataraq həmin pulu 20000 manatı mağazanın təmirinə vermişdir. Evin satılmasından belə onun xəbəri olmamışdır.Yalnız son zamanda Ramillə Elçinin münasibətləri pozulduqda Elçin atasına və ona bildirmişdir. Elçin Cavadov 2022-ci ilin avqustunda Ramilə onun payını hesablayaraq ayırıb şirkətin nizamnaməsində qeyd etməyini tələb etdikdə o yenə də qardaşını bəhanə gətirərək bunu etməmişdir. Daha sonra Elçin Bakı şəhəri, Qara Qarayev prospektində yerləşən mağazanın 1-ci mərtəbəsini icarə müqaviləsi əsasında "xxxx"dan götürərək onun adına rəsmiləşdirmişdir. Razılaşmaya görə oğlu Elçin əlavə olaraq mağazadakı avadanlıqlara görə Ramilə 30000 ABŞ dolları (51000 manat) verməli olmuşdur. Bu barədə oğlu Elçin Cavadov dayısıoğlu X3 ilə söhbət etmiş və həmin pulu da ondan almışdır. Oğlu Elçin Cavadov hər ay İbrahim İsmayılzadəyə öz qazancından 1000 manat kartına pul göndərmişdir. Daha sonra Ramil Elçin Cavadova dayısıoğlu İbrahimdə pul varsa ona pul borc verməyini demişdir. Elçin məbləği soruşduqda Ramil 60000 manat borc pul istədiyini bildirmişdir. Bundan sonra Elçin İbrahimə zəng vurmuş və Ramilin ondan borc pul istədiyini bildirmişdir. İbrahim isə, Ramilin borcu nə vaxt qaytaracağını Elçindən soruşmuş, Elçin də İbrahimə bildirmişdir ki, Ramilin ona deməsinə görə ən geci 3 aya borcu qaytaracaqdır. Daha sonra Elçin Cavadov İbrahim İsmayılzadə ilə Bakı şəhəri, 4-cü mikrorayon ərazisində görüşmüş və İbrahimdən 30000 ABŞ dolları və 7000 manat pul götürərək ofisdə Ramilə vermişdir. Oğlu Elçin Cavadov Bakı şəhəri, Qara Qarayev prospektində yerləşən mağazaya Türkiyə Respublikasından rəsmi sənədlərlə mallar gətirərək satışını həyata keçirmişdir. Mağazada 1 ədəd “Kapital Bank”a, 1 ədəd “X13”a məxsus Post Terminal aparatı və dövlət kassası olmuşdur. Nağdsız ödəmələrdən gələn vəsaitlər həmin banklar vasitəsilə qəbul edilirdi. 2023-cü ilin yanvar ayında Elçin Cavadov “Kapital Bank” hesabına bağlı plastik kart sifariş vermişdir. “Kapital Bank”dan Elçin Cavadova ofisdə həmin hesaba bağlı business kart verilmişdir. Daha sonra Elçin Cavadov həmin kartdan nağdlaşdırma edərək öz xərclərində və mağazanın xərclərində istifadə etmişdir. Həmin kartda olan vəsaitlər ona məxsus mağazada və ona məxsus malların nağdsız satışından gələn vəsaitlərdir. Yəni bu karta və hesaba oturan vəsaitlərin Cavabdeh heç bir aiddiyyəti yoxdur. O, mağazanı yalnız icarə müqaviləsi qarşılığında "xxxx" MMC-dən götürmüşdür. Mağazada olan mallar və avadanlıqlar hamısı rəsmi sənədlərlə ona məxsusdur. Elçinin sözü ilə o, Elçinə, Ramilə və şirkətin işçisi İsa adlı şəxsin adına ümumi etibarnamə vermişdir. O, Sumqayıtda dövlət işində işlədiyi üçün bütün işləri oğlu Elçin Cavadov yerinə yetirirdi. Kartı da oğlu Elçin Cavadov ofisdə şirkətin ümumi seyfinə qoymuşdur. Lazım olanda Elçinin göstərişi ilə İsa və sürücü həmin kartdan pul çıxarırdı. Kartda aylıq nağdlaşdırma 15000 manat olmuşdur. Yanvar ayında oğlu özü həmin kartdan pul çıxarmışdır. Daha sonra Elçin karta toplanan vəsaitləri saxlayaraq İbrahimə olan borcunu qaytarmaq üçün toplamaya başlayır. Lakin, Ramil Elçinə onsuzda İbrahimin pulunu aprel-may ayında verəcəksən deyərək kartda toplanan vəsaitləri Elçindən borc olaraq almış və İbrahimin pulunu qaytaranda verəcəyini söyləmişdir. 2023-cü ilin fevral və mart aylarında oğlu Elçin Cavadovun razılığı ilə 29350 manat məbləğində pul vəsaiti İsa tərəfindən çıxardılaraq Ramilə borc olaraq verilmişdir. 2023-cü ilin mart ayının 23-dən Elçinlə Ramil arasında münasibətlər soyumağa başlamışdır. 2023-cü ilin mart ayının 27-i Elçinin xəbəri və heç bir göstərişi olmadan hesabdan karta 14850 manat pul köçürülmüşdür. Bundan sonra 2023-cü ilin aprel aynın 1-İ Elçin İsaya zəng vuraraq onun adına olan kartdan pul çıxardığını soruşmuşdur. İsa isə pulu çıxardığını bildirmişdir. Elçin İsadan pulu ona gətirib verməyini tələb etdikdə İsa Ramilin başqa bir şəxsə pulu verməyini söylədiyini bildirmişdir. Oğlu Elçin dərhal Ramilə zəng vuraraq 14850 manat pulla bərabər toplamda 44200 manat pulu tələb etdikdə Ramil faizə pul verməli olduğunu bildirmiş və daha sonra ona verəcəyini söyləmişdir. Bundan sonra isə dəfələrlə pulu tələb etsə də qaytarmaqdan boyun qaçırmışdır. 2023-cü ilin mart ayının 27-si Elçinin xəbəri və heç bir göstərişi olmadan hesabdan karta 14850 manat pul köçürülmüşdür. Kart etibarnamə ilə Cavabdeh etibar edildiyindən, o, etibar edilmiş əmlakı - pulu mənimsəyərək şəxsi ehtiyaclarına sərf etmişdir. Buna görə də Cavabdeh əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsində nəzərdə tutulan xeyli miqdarda ziyan vurmaqla törədilən mənimsəmə və ya israf etmə cinayətinin tərkibi vardır. Hesab edir ki, Cavabdeh barəsində xüsusi qərardad çıxarılmalı və o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsində nəzərdə tutulan xeyli miqdarda ziyan vurmaqla törədilən mənimsəmə və ya israf etmə cinayətinə görə cinayət məsuliyyətinə cəlb edilməlidir. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə iddia tələbinə etiraz ərizəsi təqdim edərək, iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə öz etirazını onunla əsaslandırmışdır ki, iddiaçının ilk “dəlil”ində qeyd edilən bəzi məlumatlar (oğlu Elçinin Ramillə birlikdə mağaza açmaları, birlikdə şərikli olaraq mağaza işlətmələri, oğlu Elçinin 40000 manat pulu mağazaya yatırmaq üçün Ramilə verməsi və sair) yalnız heç bir əsası olmayan subyektiv mülahizələrdən və tamamilə yalandan ibarətdir və heç bir sübut ilə təsdiq olunmur. İddiaçı bu barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. İddiaçının irəli sürdüyü digər dəlillər də əsassızdır və qətiyyən inandırıcı və ağlabatan deyildir. Belə ki, "xxxx" MMC-də “E” hərfi Cavabdeh bacısı X9 adının baş hərfidir. Elçin Cavadovun guya 2 dəfə özünün qeyd edilən "xxxx" MMC-nin təsisçisi kimi yazılmasını xahiş etməsinə və guya Ramilin hər iki dəfə bunu müxtəlif bəhanələrlə qəbul etməməsinə baxmayaraq 30.000 ABŞ dolları və 7.000 AZN pul götürərək ofisdə və özü pulun verilməsini təsdiq edən heç bir yazılı sənəd olmadan cavabdeh Ramil Xanəliyevə verməsi heç bir halda inandırıcı və ağlabatan hesab edilə bilməz. İddiaçının istinad etdiyi “Kapital Bank” hesabına bağlı plastik kartda olan vəsaitlər "xxxx" MMC-yə məxsus malların nağdsız satışından gələn vəsaitlərdir. Yəni bu karta və hesaba oturan vəsaitlərin əslində faktiki olaraq iddiaçıya heç bir aiddiyyəti yoxdur. İddiaçı mağazanı yalnız subicarə müqaviləsi qarşılığında "xxxx" MMC-dən götürüb fəaliyyət göstərsə də, həmin mağazada olan mallar və avadanlıqlar hamısı əslində faktiki olaraq "xxxx" MMC-yə məxsus olmuşdur. Bunu ən mötəbər və ən inandırıcı şəkildə təsdiq edən ən mötəbər dəlil və sübut ondan ibarətdir ki, iddiaçı oğlu Elçinə, cavabdehə və şirkətin işçisi İsa adlı şəxsin adına özündə bütün əsas səlahiyyətləri təsdiq edən ümumi etibarnamə vermişdir. Ən sadə və elementar məntiqlə yanaşılsa belə bir sual meydana çıxır ki, iddiaçının qeyd etdiyi kimi kimi əgər həmin mallar və pul vəsaitləri yalnız iddiaçının özünə məxsus olmuşdursa nə üçün özü üçün tamamilə yad olan və heç bir qohumluq münasibəti olmayan başqa şəxslərə ümumi etibarnamə vermişdir və həmin pulların qeyd edilən şəxslər tərəfindən, hətta özünün də iddia ərizəsində qeyd etdiyi kimi, oğlu Elçin ilə cavabdeh arasında münasibətlər pozulduqdan sonra həmin etibarnaməni ləğv etməyərək 14850 manat pulu hesabdan çıxarmasına şərait yaratmışdır? Heç kəs özünə məxsus olan mallara və pul vəsaitinə dair sərəncam verməyi başqa şəxslərə icazə verən etibarnamə verməzdi. Belə ki, iddiaçının öz oğluna verdiyi etibarnamə kifayət edərdi ki, oğlu Elçin öz anasının adından və onun əvəzinə qeyd edilən səlahiyyətləri icra etsin və mağazanı idarə etsin. Lakin, iddiaçının "xxxx" MMC-nin təsisçisi olaraq cavabdehə və mühasibin köməkçisinə belə bir səlahiyyət verməsi onu təsdiq edir ki, qeyd edilən mallar və pul vəsaitləri yalnız həmin MMC-yə məxsus olmuşdur və hesabdan çıxarılan pullar məhz "xxxx" MMC-nin xərclərinə sərf olunmuşdur. İddiaçının oğlu Elçin Cavadov Sumqayıt Şəhər Polis İdarəsinə verdiyi izahatda çıxarılan pulların "xxxx" MMCnin işlərinə sərf olunduğunu etiraf etmişdir. Eyni zamanda mühasib köməkçisi işləyən İsa Həsənzadə də Sumqayıt Şəhər Polis İdarəsinə verdiyi öz izahatında qeyd edilən malların və pul vəsaitlərinin "xxxx" MMC-yə məxsus olduğunu və həmin MMC-nin xərclərinə sərf olunduğunu bildirmişdir. Bu barədə iş materiallarına əlavə olunan Sumqayıt ŞPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X2 tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş və hal-hazırda da qüvvədə olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda geniş və ətraflı şəkildə bəhs edilmişdir. Cavabdehin əməllərində nəinki AR CM-nin 179.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkib əlamətlərinin olması, ümumiyyətlə həmin faktla bağlı hər hansı bir cinayət əməlinin tərkib əlamətinin olması iddiaçının özünün iddia ərizəsinə əlavə etdiyi Sumqayıt ŞPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X2 tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş və hal-hazırda da qüvvədə olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar ilə tam və qəti şəkildə təkzib olunur. Qeyd olunanlar etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və onun təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında etiraz ərizəsində göstərdiklərini müdafiə edərək, etiraz ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib, məhkəmədən iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 izahatında göstərdi ki, iddiaçının oğlu Elçin Cavadovu tanıyır, iddiaçının isə adını eşidib, amma özünü görməyib. 2022-ci ilin sentyabr ayından "xxxx" MMC-də mühasib köməkçisi vəzifəsində işləyir. Elçin Cavadov həmin MMC-də direktor işləyib, Cavabdeh də həmin MMC-nin təsisçisidir. Həmin şirkətdə bütün pul hesabatlarına o baxmışdır və o, iddiaçının işçisi olmamışdır. 14850 manatı o çıxarıb və şirkətin hesabına köçürüb, bundan isə Elçin Cavadovun xəbəri olmuşdur. O, hər ay şirkətə aid kartlardan pul çıxardır, yəni təkcə bir kartdan pul çıxartmır. Malların satışından əldə olunan pulları çıxarıb ya şirkətin hesabına köçürür, ya da Ramilin dediyi şəxslərə verir. Elçin Cavadovun etibarnaməsi var, İddiaçı kartından pulları çıxarıbsa, bu, Elçinin icazəsi ilə olub. İddiaçı hesabına pul nağdsız ödənişlərdən, malın satışından mədaxil olurdu. Mallar Türkiyədən gəlirdi və malların dəyərini Cavabdeh ödəyirdi. Malların alınması üçün İddiaçı VÖEN hesabından, bank hesabından köçürmələr olmayıb. Malları nağd pulla, Cavabdeh, E and R Group” MMC-nin pulu ilə alıblar. Əlavə olaraq bildirdi ki, pulu çıxardıb Cavabdeh verməsi lə bağlı ona İddiaçı tərəfindən tapşırıq verilməyib. Məhkəmə iclasında şahid Cavadov Elçin Cəmil oğlu ifadəsində göstərdi ki, İddiaçı oğludur, Cavabdeh isə 2011-2012-ci ildən tanıyır. O, Sumqayıt şəhərində ticarətlə məşğul olmuşdur, ayrıca mağazası olub, Cavabdeh də ayrı mağazası olub və o vaxtdan Cavabdehlə münasibətləri olub, bir-birilərini tanıyıblar. "xxxx" MMC-nin adında olan E hərfi onun adının baş hərfidir. 2022-ci ilin noyabr ayının 11-də anasının adına VÖEN açıb mağazanın bir hissəsini dekorasiyası ilə birlikdə subicarəyə götürüblər, icarə haqqı da aylıq 500 manat olub. Mağazanın dekorasiyasına görə Cavabdeh əlbəəl 2022-ci ilin noyabr ayında 30000 ABŞ dolları (50000 manat) verib. Cavabdeh verdiyi digər 30000 ABŞ dolları məbləğində pul və 7000 manata gəlincə isə Ramil onun dayısı oğlundan borca pul istəmişdi və o, 30000 ABŞ dolları məbləğində pulu və 7000 manatı dayısı oğlundan alıb Ramilə vermişdir. Ramil onun dayısı oğluna borcludur, həmin 30000 ABŞ dolları məbləğində pul və 7000 manat onun şəxsi vəsaiti olmayıb. Ramil dayısı oğluna həmin puldan 7000 manatı qaytarıb, 30000 ABŞ dollarını isə qaytarmayıb. Bununla bağlı dayısı oğlu İbrahim Cavabdeh qarşı iddia qaldırıb və həmin iddiaya məhkəmədə baxılır. Mağazaya malları müxtəlif tarixlərdə özü şəxsi vəsaitilə gətizdirib, gömrük bəyannamələri var. Onun sadəcə mağazanın dekorunu almaq üçün pulu olmayıb, həmin pulu da dayısı oğlundan alıb Ramilə vermişdir. Borca pulu Ramil birbaşa ondan istəyib, anasından istəməyib. Ramilə borca pul verməsindən anasının məlumatı olmayıb, anası ona Ramilə borca pul verməsini tapşırmayıb. 29350 manat onun razılığı ilə çıxarılıb Ramilə borc kimi verilib, 14850 manatın çıxarılmasından isə məlumatı olmayıb. O, İsaya 14850 manatı çıxarıb Ramilə verməsini deməyib. Anası İsaya kartdan 14850 manatı çıxarıb Ramilə verməsini deməyib. Ramil onun (Cavadov Elçinin) anasına İsanın kartdan pul çıxarıb ona (Cavabdeh) gətirilməsini deməyib. Məhkəmə, tərəflərin nümayəndələrinin, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2023-cü il tarixli Sumqayıt ŞPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Mustafa Mustafazadənin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Cavadov Elçin Cəmil oğlunun müraciəti əsasında toplanmış material üzrə Ramil adlı şəxsin əməlində cinayət tərkibi olmadığından, barəsində cinayət işinin başlanması rədd edilmiş və Elçin Cavadova irəli sürdüyü tələblə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. - Həmin qərardan görünür ki, araşdırma zamanı izahatı alınan Cavadov Elçin Cəmil oğlu göstərmişdir ki, 2013-cü ildən 2017-ci ilə qədər Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən "LTB" geyim mağazasını işlətmiş, 2017-ci ildə öz istəyi ilə işdən çıxmışdır. 2018-ci ildə Sumqayıt şəhər sakini Cavabdeh ilə tanış olmuş, Ramil onun əvvəllər mağaza işlətdiyini bilmişdir. Ramil geyim mağazaları işlədirmiş və təklif etmişdir ki, onun Bakı şəhəri, Azadlıq prospektində açılışı olan mağazasının vitrinlərin quraşdırılmasmda köməklik etsin, o, da etiraz etməmiş və dediyi işdə köməklik etmiş, münasibətləri daha da yaranmışdır. Bir müddətdən sonra 2019-cu ilin mart ayında Bakı şəhəri, Qara Qarayev prospektində yerləşən Avva geyim mağazasını icarəyə götürüb işləmişlər, müqaviləni Ramil bağlamış, mağazanın sahibi Ramil hesab edilmiş, o, da işçi kimi əmək haqqına çalışırmış. Azadlıq prospektində olan mağazanı bağlamışlar. Bir müddətdən sonra yeni açılışı olan “Avva Neftçilər” mağazasının yanındakı “Diqlas” ticarət mərkəzi yandığından yollar bağlanmış və alverləri dayanmışdır. Həmin vaxtı o, özünün “Mercedes E class” markalı avtomobilini 13500 manata satmış və özündə olan 21500 manat pulu da toplayıb ümumi 35000 manat pulu alverə kömək üçün öz fikri ilə Ramilə vermişdir. Ramil əvvəl pulu götürmək istəməmiş, lakin onun təkidi ilə götürmüşdür. Bir müddətdən sonra alverləri yavaş-yavaş düzəlmiş və 2019-cu ilin sentyabr aymda Bakıda Nizami küçəsində "xxxx"nın rəsmi mağazasını açmışlar. Həmin vaxtı artıq 3 mağazaları olmuş və həmin mağazaları o, idarə edirmiş. 2020-ci ilin sentyabr ayında Torqovıdakı mağazada yanğın baş verdiyindən mallar yanmış, həmin vaxtı o, Biləcəri qəsəbəsində Kristal Abşeron binasında yerləşən 2 otaqlı ipotekada olan mənzilini 21500 manata satmış və həmin puldan 20000 manat pulu mağazanın təmirinə köməklik üçün vermişdir. Özü isə Saray qəsəbəsində valideynləri ilə birlikdə qalırmış. Mağazanı təmir etdikdən sonra alverlərinə davam etmişlər. 2021-ci ilin dekabr aymda Ramillə birgə "xxxx"şirkətini yaratmışlar, razılaşmalarına görə Ramil şirkətin təsisçisi və o, isə direktoru olmuşdur. Bundan sonra da bir neçə geyim mağazası açmışlar və mağazaların sayı yeddiyə çatmışdır. 2022-ci ilin noyabr ayında Ramillə Bakı şəhəri, H.Əliyev prospektində yerləşən ofisdə görüşüb demişdir ki, şirkətdə onun payı yoxdur, gələcəkdə aralarında hər hansı bir anlaşılmazlıq olsa necə olacaq, Ramil demişdir ki, Neftçilərdə olan mağazanı ona verəcək, o, Ramildən həmin mağazanın 1-ci mərtəbəsini anasının adına rəsmi verilməsini istəmişdir. Razılaşmalarına görə o, Ramilə 30000 ABŞ dolları verməliimiş, o, həmin pulu dayısıoğlu X1 almışdır. - Həmin qərardan görünür ki, araşdırma zamanı izahatı alınan X7 göstərmişdir ki, Cavabdeh onun kürəkənidir, yəni bacısı Aytənin həyat yoldaşıdır. Ramilin 2021-ci ildə təsis etdiyi "xxxx" MMC-də 2022-ci ilin sentyabr ayından mühasib köməkçisi işləyir. Ramil MMCnin direktoru vəzifəsinə Cavadov Elçin Cəmil oğlunu təyin etmişdir. Elçinlə Ramil yaxın dost olmuşlar. MMC-nin ofisi Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşir. Şirkətin Bakı şəhərində bir neçə və Sumqayıt şəhərində də bir "xxxx" geyim mağazası vardır. Şirkətin ümumi hesab kartları, yəni şirkətin adına olan hesab kartı, onun adına olan hesab kartı və Elçinin anası İddiaçı adına olan və özünün istifadə etdiyi hesab kartı Elçinin özündə olurmuş və ofisdə saxlamışdır. Həmin kartlara şirkətin tərkibində olan mağazaların post terminalları vasitəsi ilə edilən nağdsız ödənişlərindən əldə olunan gəlirlər toplanılır. Həmin kartlara daxil olan vəsaitlər ümumilikdə şirkətin təsisçiçi Ramilə məxsusdur, sənəd üzərində sadəcə adlara qeyd olunmuşdur. Həmçinin şirkətin subicarə əsasında olan mağazası sənəd üzərində Elçinin anası İddiaçı adınadır, həmin karta mağazada alverdən yığılan vəsait Ramilə məxsusdur, nəinki həmin kartdan, şirkətin digər hesab kartlarından da istənilən vaxtı Ramil pulları şirkətin işlərinə sərf etmişdir. Hər ay Elçin anasının adına olan və onun adına olan hesab kartlara nağdsız ödəniş zamanı yüklənmiş pulları nağdlaşdırıb Elçinə verirmiş, bəzən də Elçinin dediyi şəxslərə şirkətin işləri ilə bağlı özünün dediyi kimi çatdırırmış, həmçinin şirkətin hesab kartına köçürürmüşdür. Kartlardan nağdlaşdırma 15000 manatdan artıq olmur. xx.xx.2023-cü il tarixdə Cavabdeh ona həmin kartlardan aylıq nağdlaşdırmanı çıxarıb "xxxx" qroup MMCnin hesabına köçürmək üçün həmin 3 ədəd kartı ona vermişdir. Onlardan biri Elçinin anasının adına olan, digəri özünün adına olan, o biri isə ümumi şirkətin kartı olmuşdur. O, da həmin kartları Ramildən aldıqdan sonra Sumqayıt şəhərində yaşadığından Sumqayıt şəhəri, 40-cı məhəllə “Kapital Bank”ın Sumqayıt şəhər filialında quraşdırılan bankomatdan kartlardan pulları, həmçinin Elçinin anasının adına olan kartdan 14850 manat olmaqla çıxartmış və şirkətin ümumi hesabına köçürtmüşdür. Bir müddətdən sonra Elçin ona zəng edərək anasının adına olan kartdan pul çıxarmağını soruşanda o, Elçinə 14850 manat pulu çıxardıb Ramilin göstərişi ilə şirkətin ümumi hesabına köçürtdüyünü demiş, Elçin də heç bir söz deməmişdir. Həmin kartlardan nağdlaşdırmanı çox zaman şirkətdə o, həyata keçirmişdir. Elçin özü də ofisdə olduğu zamanlar anasının adına olan həmin kartı ona pulu çıxarmağı üçün dəfələrlə vermişdir. Bundan öncədən Elçinin anasının adına olan kartdan şirkətin ümumi hesabına köçürülməsi üçün pullar çıxarmışdır. Elçinin şirkətin bütün kartlarından onun pul çıxarmağından ya öncədən ya da sonradan məlumatı olub və heç bir zaman hər hansı bir narazılıq və ya hər hansı bir anlaşılmazlıq olmamışdır. Elçinlə Ramil arasında şirkətin işləri ilə bağlı yaranmış narazılıq barədə sonradan bilmiş və bunun ona aidiyyəti yoxdur, o, həmişə həm Elçinin, həm də Ramilin göstərişlərini yerinə yetirmişdir. Qeyd etdiyi hesab kartların hər üçünün şifrəsi onda olmuşdur. Elçinin anasının adına karta dair anasının Elçinə, Ramilə və ona dair ümumi etibarnaməsi olmuşdur, şirkət daxili razılaşmaya əsasən şirkətin bir mağazası və həmin mağazaya aid hesab kartı Elçinin anasının adına formal olaraq sənəd üzərində adına qeyd olunmuşdur. Həmin kartlar həmişə şirkətin ofisində, Elçin və Ramil də olmuşdur. - xx.xx.2022-ci il tarixli, AR-İİN№ 830470 saylı etibarnamənin surətindən görünür ki, Cavadova X4 İsa Nəriman oğlu və Cavabdeh harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun əmlakını icarəyə vermək, icarə müqaviləsi bağlamağı və ləğv etməyi, bütün sığorta şirkətlərində onu təmsil etməyi, adından bütün sənədləşdirmə işlərini aparmağı, sığorta şirkətində onu təmsil etməyi, ona çatası sığorta məbləğini almağı, onun adına olan bütün növ plastik kartları, pin kodu almağı, adına olan plastik kart üzrə bank əməliyyatları aparmağı, dövlət orqanlarında adına hesab açmaq, olan hesablar üzərində sərəncam verməyi, bank əməliyyatları aparmağı, pul çıxarmağı, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almağı, arayış və sənədləri toplamağı, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan ona çatası sənədləri, arayışları, qiymət cədvəlini, istənilən sənədin dublikatını almağı, adından istənilən ərizə, ləğv ərizəsi verməyi, dövlət rüsumlarını təqdim etməyi, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda, hüquq mühafizə, prokurorluq orqanlarında onun adından ərizə verməyi, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar etmişdir. Etibarnamə 3 il müddətinə verilmiş, xx.xx.2025-ci il saat 23:59-dək qüvvədədir. - "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli subicarə müqaviləsindən görünür ki, icarəyə verən "xxxx" MMC-yə məxsus olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 81 məhəllə ünvanında yerləşən ümumi sahəsi 130 kv/m olan qeyri-yaşayış sahəsinin 30 kv/m-ni icarəyə vermişdir. İcarə müqaviləsi xx.xx.2022-ci ildən xx.xx.2025-ci il tarixinədək 3 (üç) il müddətinə bağlanmışdır. - xx.xx.2022-ci il tarixli subicarə müqaviləsinə xx.xx.2023-cü il tarixli 1№li Əlavədən görünür ki, xx.xx.2022-ci il tarixli subicarə müqaviləsinin 1.1 və 1.9-cu maddələri dəyişdirilmişdir. Müqavilənin 1.6-cı bəndindən görünür ki, icarə haqqının ödənilməsinin gecikdirilməsi baş verdikdə və bu hal 6 aydan çox olduqda icarəyə verən 2 ay müddətində icarəyə götürənə vaxt verməlidir. Bu müddətdə ödəniş icra edilməzsə müqaviləyə icarəyə verən tərəfindən xitam verilir. Müqaviləni icarəyə verən "xxxx" MMC-nin direktoru, icarəyə götürən İddiaçı nümayəndəsi Cavadov Elçin Cəmil oğlu tərəfindən imzalanmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" MMC ilə İddiaçı arasında subicarə müqaviləsi bağlanmış, icarəyə verən "xxxx" MMC-yə məxsus olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 81 məhəllə ünvanında yerləşən ümumi sahəsi 130 kv/m olan qeyri-yaşayış sahəsinin 30 kv/m-ni icarəyə vermişdir. Bundan sonrsa həmin ticarət sahəsində iddiaçının adına qeydiyyatdan keçmiş VÖEN üzrə kassa aparatı qoyularaq geyim əşyaları satılmağa başlanılmışdır. İddiaçı və onun oğlu hazırkı iş üzrə şahid Elçin Cavadov qeyd edirlər ki, mağazaya gətirilən geyimlər Elçin Cavadovun vəsaiti hesabına alımışdır. Cavabdeh etiraz edərək bildirir ki, geyim əşyaları onun və təsisçisi olduğu "xxxx" MMC-nin vəsaiti hesabına alınmışdır. Cavabdeh iddia tələbində qeyd edilən vəsaiti Elçin və İsadan götürdüyünü etiraf edir və həmin pulların onun özünə məxsus olduğunu göstərir. İddiaçı Elçinə və İsaya hesabdan nağdlaşdırılan vəsaitin cavabdehə verilməsi barədə tapşırıq verməmişdir, cavabdeh iddiaçıdan hər hansı bir vəsait istəməmişdir. Hesabda olan vəsaitin bir hissəsi iddiaçının oğlu Elçinin razılığı ilə, bir hissəsi isə razılığı olmadan mühasib işləri görən İsa tərəfindən nağdlaşdırılıb cavabdehə verilmişdir. Elçin həmin vəsaiti cavabdehə verməsini belə izah edir ki, cavabdeh ondan həmin vəsaiti borc kimi almışdır. İsa həmin vəsaiti cavabdehə verməsini belə izah edir ki, həmin vəsait cavabdehin özünə məxsus olmuşdur. Hər iki halda cavabdehin məhz iddiaçıdan borc alması və ya iddiaçının hesabına varlanması müəyyən edilmir. İddiaçı etiraf edir ki, vəsait onun oğlu Elçin Cavadova məxsus olub, cavabdeh etiraz edir ki, vəsait onun özünə və təsisçisi olduğu "xxxx" MMC-yə məxsus olmuşdur. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından yəni “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusu nəticəsində zərərçəkənin düşdüyü zərərin əvəzinin ödənilməsindən ibarətdir. Bu baxımdan hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir. Göründüyü kimi, pulun ödənilməsi tələbini də özündə ehtiva edən öhdəliyin yaranması əsasları qanunda konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və qanunda nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir. Bu baxımdan pulun ödənilməsini tələb edən iddiaçı, ya müqavilədən, ya da qanundan irəli gələn öhdəliyə görə cavabdehin onun qarşısında məsuliyyət daşıdığını sübuta yetirməlidir. Məhkəmə verilmiş tələb daxilində işə baxaraq, məhkəmə araşdırması zamanı işin müəyyən edilmiş faktiki hallarına qiymət verərək bu qənaətə gəlir ki, iddia, tələb irəli sürmək hüququ olmayan şəxs tərəfindən verilmişdir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia, tərkibindəki müəyyən tələbləri irəli sürmək hüququ olmayan şəxs tərəfindən verildiyindən, cavabdeh iddiaçı qarşısında hər hansı bir öhdəlik götürmədiyindən əsassızdır. Məhkəmə hesab edir ki, iddiaçının iddiada göstərilən pulun ona verilməsini tələb etməyə subyektiv hüququ mövcud deyildir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia əsassızdır. Cavabdehin iddiaçı qarşısında hazırki tələb üzrə öhdəliyinin yaranması üçün qanunvericilikdə nəzərdə tutulmuş –müqavilə, əsassız varlanma, delikt və ya hər hansı başqa əsaslar mövcud deyildir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddiaçı cavabdehin ona məxsus pulları mənimsəməsini sübuta yetirə bilmədiyindən, habelə bu hal işin faktiki halları və sübutlarla təsdiqlənmədiyindən iddia əsassızdır. İddia tələbinin cavabdehin hərəkətində cinayət tərkibi əlamətlərinin olması barədə xüsusi qərardad çıxarılması hissəsinə qiymət verərək Məhkəmə qeyd edir ki, xx.xx.2023cü il tarixli Sumqayıt ŞPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Mustafa Mustafazadənin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Cavadov Elçin Cəmil oğlunun müraciəti əsasında toplanmış material üzrə Ramil adlı şəxsin əməlində cinayət tərkibi olmadığından, barəsində cinayət işinin başlanması rədd edilmiş və Elçin Cavadova irəli sürdüyü tələblə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Azərbaycan Respublikası MPM-nin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. İddiaçının özünün izahatı isə iddianın əsaslı olması üçün mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Belə ki, AR MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, məhkəməyə bu halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul və xüsusi qərardad çıxarılması tələbi təmin edilməməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı Cavabdeh 44200 AZN pul borcunun tutularaq İddiaçı geri ödənilməsi barədə qətnamə qəbul edilməsi və Cavabdeh əməlində cinayət tərkibi olduğundan cavabdeh barəsində xüsusi qərardad çıxarılması barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-5148/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5148/2023
13.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver