Məhkəmə qərarları › İş №2(060)-5169/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5169/2024

16.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5169/2024 16.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyeva Atakişi Nizami oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair ddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə 22300 (iyirmi iki min üç yüz) manat maddi zərərin əvəzinin və ödənilmiş 157 manat dövlət rüsumunun tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh özgə əmlakını ələ keçirmək məqsədi ilə tanışı İddiaçı etibarmdan sui istifadə edərək sonuncunun Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcridxanasında nəzarətçi işləyən oğlu X1 və Azərbaycan Respublikası FHN-nin Binəqədi rayonu 1 saylı Yanğından Mühafızə İdarəsində yanğınsöndürən işləyən digər oğlu X2 zabit rütbəsinin veriləsinə köməklik edəcəyinə yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 2019-cu ilin mart ayının ortalarında İddiaçı ünvan 1 ünvanında 11000 (on bir min) manat, 15 gündən sonra Sumqayıt şəhəri, 26-cı məhəllə ərazisində yerləşən «Simurq» şadlıq sarayının qarşısında 4500 (dörd min beş yüz) manat, 15 gündən sonra Sumqayıt şəhəri 16-cı məhəllə ərazisində yerləşən iş yerində 1000 (bir min) manat, 2017-ci ilin iyul ayının əvvəllərində İddiaçı tanışı Tamara adlı qadından onun yaşadığı Sumqayıt şəhəri, 16-cı məhəllə, 1 saylı baxçanın inzibati binasında 3500 (üç min beş yüz) manat, xx.xx.2017-ci il tarixdə Sumqayıt şəhəri 16-cı məhəllə ərazisində yerləşən iş yerində 2300 (iki min üç yüz) manat pulu alıb ələ keçirərək zərərçəkmiş şəxs İddiaçı ümumilikdə 22300 (iyiımi iki min üç yüz) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bununla əlaqdar olaraq Cavabdeh, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli və 1(060)-260/2020 saylı hökmü ilə 3 il müddətə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmişdir. Cavabdeh, hazırda azadlıqda olmasına baxmayaraq İddiaçı vurmuş olduğu 22300 (iyirmi iki min üç yüz) manat miqdarında maddi zərəri ödəməkdən yayınır. İddiaçı qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etdiyini bidirdi və əlavə olaraq bildirdi ki, cavabdeh həmin borcdan ona hər hansı məbləğ ödəməmişdir. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə dair izahat verərək bildirdi ki, o, sözügedən borcla əlaqədar cəzasını çəkmiş, 3 il müddətinə azadlıqdan məhrum edilmişdir. Ona həbsdən çıxanda ödənişlə əlaqədar heç bir şey deyilməyib. Hökmdə qeyd edilən məbləği ödəyəcək imkanı yoxdur. Çünki hökmdəki məbləğ həddən artıq çoxdur və yalandır. Onun borcu 11.300 manatdır. O, ittiham aktı ilə tanış olmayıb və 22.300 manat pulu mübahisələndirməyib. Onu da bildirir ki, iddiaçı ruhi xəstə kimi qeydiyyatdadır. Hökmdə qeyd edilən məbləğdən cavabdehə hər hansı məbləğ ödəməyib. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Azərbaycan Respublikası CPM-nin 179.2-ci mаddəsinə görə mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. Sumqayıt şəhər Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 1(060)-260/2020 saylı hökmünün surətindən görünür ki, həmin hökmlə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri təqsirli bilininmiş və ona, 3 (üç) il müddətinə azadlıqdan məhrum cəzası təyin edilmiş, Cavabdeh həbsdə saxlanıldığı iki günün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılması və onun üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum cəzasının təyin edilməsi hökm edilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 181-ci maddəsinə əsasən: 181.1. Əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. 181.2. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. 181.3. Maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, aşağıdakı xərclər şəklində özünü göstərir: 181.3.1. zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə; 181.3.2. zərər çəkmiş şəxsin dəfninə; 181.3.3. sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə; 181.3.4. əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər. Azərbaycan Respublikası CPM-nin 179.3-cü mаddəsinə görə mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci mаddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2). Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1097.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 1(060)-260/2020 saylı hökmündən görünür ki, Cavabdeh özgə əmlakını ələ keçirmək məqsədi ilə tanışı İddiaçı etibarından sui istifadə edərək sonuncunun Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı istintaq Təcridxanasında nəzarətçi işləyən oğlu X1 və Azərbaycan Respublikası FHN-nin Binəqədi rayonu 1 saylı Yanğından Mühafizə idarəsində yanğınsöndürən işləyən digər oğlu X2 zabit rütbəsinin verilməsinə köməklik edəcəyinə yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 2019-cu ilin mart ayının ortalarında İddiaçı ünvan 1 ünvanında 11000 (on bir min) manat, 15 gündən sonra Sumqayıt şəhəri, 26-cı məhəllə ərazisində yerləşən «Simurq» şadlıq sarayının qarşısında 4500 (dörd min beş yüz) manat, 15 gündən sonra Sumqayıt şəhəri 16-cı məhəllə ərazisində yerləşən iş yerində 1000 (bir min) manat, 2017-ci ilin iyul ayının əvvəllərində İddiaçı tanışı Tamara adlı qadından onun yaşadığı Sumqayıt şəhəri, 16-cı binasında 3500 (üç min beş yüz) manat, xx.xx.2017-ci il tarixdə Sumqayıt şəhəri 16cı məhəllə ərazisində yerləşən iş yerində 2300 (iki min üç yüz) manat pulu alıb ələ keçirərək zərərçəkmiş şəxs İddiaçı ümumilikdə 22300 (iyirmi iki min üç yüz) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Beləliklə, Sumqayıt şəhər Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 1(060)-260/2020 saylı hökmündən görünür ki, Cavabdeh törətdiyi cinayət hadisəsi nəticəsində İddiaçı 22300 manat məbləğində ziyan vurulmuşdur. Məhkəmə Sumqayıt şəhər Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 1(060)- 260/2020 saylı hökmünün preyudisiallığını nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə iddia tələbi təmin edilməli, Cavabdeh cinayət nəticəsində vurulmuş zərərin əvəzi olan 22300 manat məbləğində pul tutulub İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 157 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh cinayət nəticəsində vurulmuş zərərin əvəzi olan 22300 (iyirmi iki min üç yüz) manat məbləğində pul və 157 (bir yüz əlli yeddi) manat ödənilmiş dövlət rüsumu tutulub İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar