Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5172/2022 04.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi, qızı X1 və nümayəndəsi, Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 50 000 manat məbləğində əsas pulun və ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı gəlini olan cavabdeh ilə Sumqayıt şəhəri 11-ci mikrorayon, ev 26, mənzil 26-da bir yerdə yaşamış və oğlu Vaqifin banka borcu olduğuna görə qərar almışdır ki, həmin evi satıb banka olan borcunu ödəsin. Həmin mənzili 07 dekabr 2019-cu ildə 57000 manata sataraq birbaşa oğlunun 22000 manat borcunu ödəmiş və mənzili yüklülükdən azad etmişdir. Qalan pul isə cavabdeh tərfindən onun deməsinə görə həbsxanada yatan oğlunun yolunda sərf edilmişdir. İddiaçı mülkiyyətində olan və Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 29/35A ünvanında yerləşən 2 otaqlı yaşayış evini də sataraq Sumqayıt şəhərində daha geniş 4 otaqlı mənzil alıb ailə üzvlərilə bir yerdə yaşamağa qərar vermişdir. Belə ki, iddiaçının himayəsində 1-ci qrup, daun sindromlu oğlu da vardır və iki otaqlı mənzildə böyük bir ailənin yaşaması bir sıra çətinliklər yaradırdı. Bu məqsədlə xx.xx.2020-ci il tarixdə iddiaçı həmin evi 50000 manata satmış və yeni mənzil alana qədər qərara gəlmişdir ki, hələlik kirayə ev tutub yaşasınlar. Həmin vaxt satışdan əldə etdiyi pulu cavabdehə vermişdir ki, saxlasın. Cavabdeh pulu Kapital Banka öz adına qoymuşdur. İddiaçı da ona inanaraq gözləmişdir. Lakin 2021-ci ilin may ayının 7-8-də qızı Tünzalə ipoteka qaydasında mənzil alınması üçün müraciət etmiş, ona bildirilmişdir ki, bunun üçün təxminən 5-6 min manat ilkin ödəniş olunmalıdır. Bundan sonra iddiaçı cavabdehə müraciət edərək ona verdiyi pulları geri istəmiş, lakin cavabdeh pulu qaytarmaqdan imtina etmişdir. Onun pulunu mənimsəyən cavabdeh təxminən may ayının 21-22-də iddiaçını xəstə və əlil oğlu ilə evdən çıxarmış, hətta iddiaçı evdə olan əmlaklarını polisin köməyi ilə götürə bilmişdir. Yalnız bundan sonra iddiaçıya məlum olmuşdur ki, cavabdeh sonuncu evin satışından əldə edilmiş 50000 manat pulu mənimsəmişdir. Cavabdeh ondan mənimsədiyi pulları faizə buraxmış, notarial qaydada bir neçə şəxslə borc müqaviləsi bağlamışdır. Onu isə xəstə uşaqla ağır və acınacaqlı vəziyyətdə buraxmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi, qızı X3 məhkəmə iclasında izahat verərək bildirdi ki, anası cavabdehə etibar etmiş, pulu saxlamaq üçün vermişdir. Lakin cavabdeh həmin pulları mənimsəmişdir. Qeyd edilənlərə əsasən iddiaçının nümayəndsi iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi, Vəkil məhkəmə iclasında iclasında izahat verərək bildirdi ki, cavabdeh iddiaçının gəlinidir. İddiaçının oğlu ilə hazırda rəsmi nikahdadırlar. İddiaçı Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 26-da yerləşən 26 saylı mənzili 57000 manata satmış, oğlunun banka olan 22000 manat borcunu ödəmişdir. Qalan məbləği isə cavabdehə vermiş, cavabdeh isə bildirdiyinə görə həmin pulu həbsdə olan həyat yoldaşının xərclərinə sərf etmişdir. Bu inandırıcı olmasa da, həmin məbləği cavabdehdən tələb etmirlər. İddiaçının pul tələbi iddiaçı tərəfindən satılan 2-ci evin satışından əldə olunan pul məbləği ilə bağlıdır. Belə ki, iddiaçı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 29/35 A ünvanında yerləşən evi 50000 manata satmışdır. Həmin pulu saxlaması üçün cavabdehə vermişdir. Cavabdeh həmin pulu mənimsəmişdir. Həmin pul cavabdehdən tələb edilir. Cavabdeh iddiaçıya onun yaşlı olduğunu bildirmiş, pulun öz bank hesabında qalmasının məqsədəmüvafiq olduğunu qeyd etmişdir. Nə vaxt pulu istəsə, ona verəcəyi vədi ilə onu aldatmışdır. İş materiallarında cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar var. Həmin qərardan da müəyyən edilir ki, cavabdeh polisdə öz izahatında bildirmişdir ki, həqiqətən də, iddiaçının pulu onda olub. Lakin məbləği 47800 manat olaraq qeyd etmişdir. Əlavə olaraq bildirmişdir ki, həmin pulu öz həyat yoldaşının həbsxanada olduğundan onun vəkil və sair xərclərinin ödənilməsi üçün sərf etmişdir. Bu isə tamamilə yalandır. Belə ki, həmin xərcləri 1-ci ev satılan zaman ondan əldə edilən puldan istifadə edərək ödəmişdir. Qeyd edilənlərə əsasən iddiaçının nümayəndsi iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahat verərək bildirmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 29/35A ünvanında yerləşən 2 otaqlı yaşayış evi həyat yoldaşı Vaqifindir. Vaqif evi aldıqdan sonra anası olan iddiaçının adına keçirib. Vaqif həbsdə olanda iddiaçıya bildirmişdi ki, evi satsın və həmin pulu ailənin dolanışığına xərcləsin. Belə ki, evdə yaşayanların heç biri işləmirdi deyə dolanışıq üçün pul lazım idi. Bundan sonra isə ev dəyərindən də aşağı qiymətə satılmış, iddiaçı əldə olunan pulları ona saxlamağa vermişdir. O isə həyat yoldaşı Vaqifin təkidiylə həmin pulları banka qoymuşdur. Demək olar ki, 50 000 manat məbləğində pulun hamısı xərclənmişdir. Belə ki, həmin pullar kirayə haqqı, Vaqifin həbsdəki xərcləri, yol-nəqliyyat xərcləri, onun həkim xərcləri, evin kommunalı və sair kimi yerlərə sərf edilmişdir. O, bir neçə nəfərə borca pul vermişdir. Lakin, bu onun şəxsi vəsaitidir. Qeyd edilənlərə əsasən cavabdeh iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1949-cu ildə anadan olmuş, Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 26, mənzil 26 qeydiyyatdadır. Cavabdeh isə xx.xx.1978-ci ildə, Şəki rayonu, Cəyirli kəndində anadan olmuş, ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli məktubla müəyyən edilir ki, Sumqayıt Şəhər Prokurorluğu tərəfindən iddiaçıya məsələnin həlli üçün cavabdehin yaşadığı ərazi üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən iddiaçı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 29/35 A ünvanında yerləşən evi X2 50000 manata satmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərara əsasən iddiaçının ərizəsi əsasında toplanmış material üzrə cavabdehin əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Sumqayıt ŞPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Yusif Süleymanova göndərilmiş məhkəmə sorğusuna əsasən cinayət işinin başlanmasının rədd materialları Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (386.1.). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Sumqayıt şəhər Polis idarəsinin İstintaq şöbəsinin müstəntiqi tərəfindən qəbul edilmiş Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan və qərarın qəbul edilməsinə əsas olmuş materiallardan görünür ki, cavabdeh istintaqa verdiyi ifadəsində iddiaçının Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 29/35A ünvanında yerləşən 2 otaqlı yaşayış evini satdıqdan sonra 47800 manatı ona verdiyini, həmin pulun onun tərəfindən iddiaçının oğlu və onun həyat yoldaşı olan Vaqif adlı şəxsin cinayət işi üzrə vəkil xərclərinin ödənilməsinə və Vaqifin razılığı ilə müxtəlif şəxslərə ödənilməsinə sərf edildiyini bildirmişdir. Məhkəmə iclasında da cavabdeh iddiaçı tərəfindən 50000 manat pulun ona verildiyini və müxtəlif məqsədlər üçün sərf edildiyini vbildirmişdir. Beləliklə, iddiaçı tərəfindən 50000 manat pulun cavabdehə verilməsi və həmin pulun cavabdehə qaytarılmadığı işin müəyyən edilmiş halıdır. Mülki Məcəllədə göstərilmişdir ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (1091.1.). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (1091.2.). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (1092.1.). Göründüyü kimi cavabdeh iddiaçının məhrum olması hesabına əsassız varlanmışdır. O, həmin məbləğin iddiaçının oğlu Vaqifin cinayət işi ilə bağlı vəkil xərclərinin ödənilməsinə və Vaqifin razılığı ilə müxtəlif şəxslərə ödənilməsinə sərf edildiyini bildirsə də qeyd edilməlidir ki, Mülki Məcəlləyə əsasən özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur (1087.1.). İcraçı işləri idarəetməyə qəbul etməsi barədə sahibkarı mümkün qədər qısa müddətdə xəbərdar etməli və əgər ləngimə hər hansı risklə bağlı deyilsə, onun qərarını gözləməlidir (1088.1.). İcraçı işləri aparması gedişində qəsdən və ya ehtiyatsızlıq üzündən vurulan zərərin kompensasiyası üçün sahibkar qarşısında məsuliyyət daşıyır (1089.1.). Qeyd edilməlidir ki, hətta cavabdehin həmin məbləği iddiaçının oğlunun razılığı ilə sərf etdiyi sübuta yetirilərsə belə, bu iddiaçının məlumatı və razılığı ilə həyata keçirilmədiyindən iddianın təmin edilməməsi üçün əsas ola bilməz. Bu səbəbdən iddia təmin edilməlidir. İddia təmin edildiyi üçün iddiaçının iddia ərizəsi verilməsi üçün ödədiyi 240 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 50 000 (əlli min) manat pul və 240 (iki yüz qırx ) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-5172/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5172/2022
04.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver