Məhkəmə qərarları › İş №2(060)-5180/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-5180/2021

20.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5180/2021 20.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı pul tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Kommersiya Bankı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 5442,97 manat əsas borc, 487,42 manat faiz borcu olmaqla, cəmi 5930,39 manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" Kommersiya Bankı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 kredit müqaviləsi üzrə mütəmadi olaraq ödənişlər etdiyini bildirdi və bununla əlaqədar məhkəməyə ödəniş qəbzləri təqdim etdi. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiyini və məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən məhkəmə hazırki mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 26.11.2019-cu il tarixli kredit müqaviləsi üzrə hazırki vəziyyətə dair maliyyə arayışını, Cavabdeh1 bank hesabından çıxarışı və onun axırıncı kredit borcu ödənişləri ilə bağlı sənədlərin, o cümlədən dəqiqləşdirilmiş iddia ərizəsi məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 149.4-cü maddəsinə əsasən ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1-150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 3 nömrəli Qərarının: 1.1-ci bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılmışdır ki, ərizənin baxılmamış saxlanılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə mülki işlər üzrə məhkəmə müdafiəsi hüququ həyata keçirildikdə hüquqi şərait imkan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə baxışı başa çatdırılır.İddianın baxılmamış saxlanılmasına səbəb olan maneə aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququna malik olur; 13-cü bəndinə əsasən məhkəmələrə xatırladılmışdır ki, iddia ərizəsində (ərizədə, şikayətdə) Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsində müəyyən olunmuş məlumatlar dəqiq göstərilməli və ərizəyə 150-ci maddədə göstərilən sənədlər əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə müvafiq olaraq hakim iddia ərizəsində yol verilmiş nöqsanın aradan qaldırılması və yaxud zəruri sənədin ərizəyə əlavə edilməsi üçün ərizəçiyə vaxt verə bilər. Ərizəçi ona təyin olunan müddətdə işin mahiyyəti üzrə həll edilməsinə maneçilik törədən nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. Mülki işin materiallarından görünür ki, "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 26.11.2019-cu il tarixli kredit müqaviləsi üzrə hazırki vəziyyətə dair maliyyə arayışını, Cavabdeh1 bank hesabından çıxarışı və onun axırıncı kredit borcu ödənişləri ilə bağlı sənədlərin, o cümlədən dəqiqləşdirilmiş iddia ərizəsini təqdim etmək üçün məhkəmə iclası təxirə salınaraq müvafiq şərait yaradılmasına, baxmayaraq, iddiaçı tərəf , "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 26.11.2019-cu il tarixli kredit müqaviləsi üzrə hazırki vəziyyətə dair maliyyə arayışını, Cavabdeh1 bank hesabından çıxarışı və onun axırıncı kredit borcu ödənişləri ilə bağlı sənədlərin, o cümlədən dəqiqləşdirilmiş iddia ərizəsini təqdim etməmiş, habelə iddia ərizəsi geri götürülməmişdir. Məhkəmə şərh olun hüquq normasına əsaslanaraq hesab edir ki, iddiaçı tərəfindən AR MPM-nin 149-cu maddəsinin tələblərinə əməl edilməmiş, hazıradək həmin nöqsan iddiaçı tərəfindən aradan qaldırılmamışdır. Məhkəmə hesab edir ki, qeyd olunan vəziyyətdə mülki işə baxılması və iddianın həll edilməsi qeyri-mümkündür. Odur ki, iddia baxılmamış saxlanılmalıdır. AR MPM-nin 260-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.12, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı pul tələbinə dair iddiası baxılmamış saxlanılsın. İzah olunsun ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar