Məhkəmə qərarları › İş №2(060)-5188/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5188/2021

01.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5188/2021 01.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı «xxxx» ASC-nin etibarnamə üzrə nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı «xxxx» ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki işə 01 iyul 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «xxxx» ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada «xxxx» ASC-nin xeyrinə 10.09.2020-ci il tarixli kredit müqaviləsi üzrə 6185.41 manat əsas borc, 674.17 manat faiz borcu və 314,58 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 7174,16 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «xxxx» ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 10.09.2020ci il tarixli kredit müqaviləsinə əsasən “İddiaçı-dən illik 25 faizlə 15 ay müddətinə 7000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh3 və Cavabdeh2 ilə 10.09.2020-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. 17.05.2021-ci il tarixdək Cavabdeh1 10.09.2020-ci il tarixli kredit müqaviləsi üzrə 6185.41 manat əsas borc, 674.17 manat faiz borcu və 314,58 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 7174,16 manat borcu var. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən yayınmışdır. Ona görə də iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclsında iştirak edən iddiaçı «xxxx» ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 iddia tələbini müdafiə etdiyini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qismən qəbul edərək bildirdi ki, həqiqətən də onunla bank arasında 10.09.2020-ci il tarixli tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müaviləyə əsasən “İddiaçı tərəfindən ona - 7000 manat kredit verilmişdir. Əvvəllər kredit ödənişlərini vaxtı-vaxtında etsə də, pandemiya ilə əlaqədar işində müəyyən problemlər olmuş və nəticədə banka olan borcunu ödəməkdə çətinlik çəkmişdir. Bank tərəfindən ona hesablanmış faizin məbləği ilə razı deyil. Amma borcunu danmır, banka olan borcunu az-az olsa da ödəmək niyyətindədir. Cavabdeh1 əlavə olaraq bildirdi ki, Cavabdeh3 onun qardaşıdır. Cavabdeh məhkəmədən cərimənin azaldılmasını və qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qismən qəbul edərək, Cavabdeh1 dediklərini təsdiq etdi və bildirdi ki, bankla Cavabdeh1 arasında 10.09.2020-ci il tarixli tarixli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh1 - 7000 manat kredit verilmişdir. Həmin müqavilə ilə əlaqədar onunla 10.09.2020-ci ildə zaminlik müqaviləsi bağlanmışdır. O, dostu Elşənə zamin durmuşdur. Cavabdeh qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh3 oğlunun iş materiallarında olan poçt ünvanına məktub ünvanlanmış, məktub üzərində “Köçüb” poçt qeydi yazılaraq məhkəməyə geri qaytarılmışdır. Eyni zamanda Cavabdeh3 adına elektron informasiya sistemində əlaqə nömrələri aşkar edilməmişdir. Bu səbəbdən Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında məlumat verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan 10.09.2020-ci il tarixli 4-MZ-2-1-0-213-20 saylı kredit müqaviləsindən və 10.09.2020-ci il tarixli 4-MZ-2-1-0-213-20 nömrəli 1 saylı Əlavədən görünür ki, “xxxx” ASC Cavabdeh1 oğluna 15 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 7000 manat məbləğində kredit vermişdir. İş materiallarında olan 10.09.2020-ci il tarixli 4-MZ-2-1-0-213-20 saylı zaminlik müqaviləsindən görünür ki, borclu Cavabdeh1 15 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 7000 manat məbləğində kredit verilmiş və sözügedən müqavilənin təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 oğlu ilə zaminlik müqaviləsi imzalanmışdır. İş materiallarına əlavə edilmiş 10.09.2020-ci il tarixli, 1401-********** kod nömrəli məxaric qəbzinin surətindən görünür ki, Cavabdeh1bona ayrılmış 6826,05 manat məbləğində kredit vəsaitini qəbul etmişdir. İşdə olan 17.05.2021-ci il tarixli maliyyə arayışından görünür ki, iddiaçı “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanılmış 10.09.2020-ci il tarixli Kredit müqaviləsi üzrə Cavabdeh1 banka 6185, 41 manat əsas borc, 674,17 manat faiz borcu, 314,58 manat cərimə borcu, ümumilikdə 7174,16 manat borcu yaranmışdır. İşdə olan 23.04.2021-ci il tarixli, KBD-6432 nömrəli xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 xəbərdarlıq ünvanlanmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 10.09.2020-ci il tarixli 4-MZ-2-1-0-213-20 saylı saylı kredit müqaviləsi imzalanmışdır. İddiaçı Bank sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu Cavabdeh1 öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Mülki Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Hazırki iş üzrə zaminlik müqaviləsində borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminlər Cavabdeh3 və Cavabdeh2 Bank qarşısında məsuliyyəti tam olaraq öz üzərinə götürdüyü və Borclu ilə birlikdə Bank qarşısında məsuliyyət daşıdığı nəzərdə tutulmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə yaranmış 6185,41 AZN əsas, 674,17 AZN faiz borcunun əsas borclu və zaminlər olan cavabdehlərdən iddiaçının xeyrinə tutulması hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış 314,58 manat məbləğində cərimə tənasübsüz surətdə yüksəkdir. Bu səbəbdən iddia həmin hissədə qismən təmin edilməli, cavabdehlərdən iddiaçının xeyrinə dəbbə pulu qismində 50 manat pul tutulmalıdır. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia qismən (əsas hissədə) təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 30 manat dövlət rusumu da cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada «xxxx» ASC-nin xeyrinə 6185,41 manat (altı min yüz səksən beş manat qırx bir qəpik) manat əsas, 674,17 (altı yüz yetmiş dörd manat on yeddi qəpik) manat faiz borcu, 50 (əlli) manat cərimə borcu olmaqla, ümumilikdə 6909,58 (altı min doqquz yüz doqquz manat əlli səkkiz qəpik) manat məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar