Məhkəmə qərarları › İş №2(060)-5197/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5197/2024

17.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5197/2024 17.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə 17 oktyabr 2024-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 3200 (üç min iki yüz) manat pulun, 1000 manat mənəvi zərərin və ödənilmiş 62 manat dövlət rüsumunun və hüquqi yardım üçün ödənilmiş 70 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh1 və Cavabdeh2 3200 (üç min iki yüz) manat pulun, 1000 manat menəvi zərərin və ödənilmiş 62 manat dövlət rüsumunun və hüquqi yardım üçün ödənilmiş 390 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2023-cü ilin fevral ayında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 4000(dörd min) manat dəyərində özünə məxsus qızıl-zinət əşyalarını satıb. 2023-cü ilin aprel ayında pulu tam həcmdə ödəyəcəyinə söz vermişdir. Cavabdehlər həmin borcun 800 manatını 2 dəfəyə ona qaytarmış, lakin yerdə qalan 3200 manat pulu indiyədək ona qaytarmamışdırlar. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdehlər söz versələr də, borclarını ona könüllü qaytarmaqdan imtina edirlər. Cavabdehlərin pulu vaxtında ona qaytarmaması - təqsiri nəticəsində oğlunun evini təmir, həmçinin həyat yoldaşının gözünü əməliyyat etdirə bilməyib. 2 dəfə əməliyyat həkim tərəfidən təyin edilmiş, lakin cavabdeh söz verdiyi kimi vaxtında pulu qaytarmadığından əməliyyat da keçirilməmişdir. Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət edib. Cavabdehlər yenə də söz versələr də, borcu qaytarmamışdırlar. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində əsəb gərginliyi, mənəvi sarsıntı və əsəb keçirib. Ona görə də o, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, tərəflər arasında olan məsələyə dair səs yazıları da var. Cavabdehlər qızılların pulunu qaytarmaqdan imtina edirlər. Belə ki, cavabdehlər 2 dəfə 400 manat olmaqla, ümumilikdə 800 manat ödəniş ediblər. Hazırda onların iddiaçıya 3200 manat borcları qalıb. Ona görə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Qeyd edilənlərə əsasən nümayəndə iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq (məhkəmə bildirişinə imza etməklə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə əsasən) iş üzrə cavabdehlər məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasındca iştirak etmiş Cavabdeh1 iddia tələbinə dair izahat verərək bildirmişdir ki, iddia tələbini borc hissəsində qəbul edir. İddaiçıya həqiqətən də 3200 manat borcu var, lakin maddi vəziyyəti ilə əlaqədar borcunu ödəyə bilmir. Amma borcdan başqa hər hansı məbləğ ödəyə bilməz. Onu da bildirir ki, bu məsələnin yoldaşı Cavabdeh2 hər hansı aidiyyəti yoxdur. Belə ki, iddiaçıdan qızılları o alıb. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan Sumqayıt şəhər Polis İdarəsi 4-cü Polis Bölməsinin xx.xx.2024-ci il tarixli məktubundan görünür ki, İddiaçı ərizəsində göstərilən xüsusatlar mülki xarakterli olduğundan mülki icraat qaydasında məhkəməyə müraciət olunması ona tövsiyyə olunmuşdur. İşdə olan Cavabdeh1 Sumqayıt şəhər Polis İdarəsi 4-cü Polis Bölməsində verdiyi izahatından görünür ki, o, tanışı Nübardan 2023-cü ilin mart ayında 3840 manat dəyərində qızıl almış və həmin qızılları başqa şəxsə satmış, lakin pulunu almamışdır. O, aldığı məbləğdən 800 manat ödəniş etmişdir. Aprel ayı ərzində qızılı satdığı şəxsdən 3040 manat pulu alıb Nübara ödəyəcəkdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən işdə olan sənədlərə əsasən müəyyən edilmişdir ki, Cavabdeh1 iddiaçıdan ümumi dəyəri 4000 manat olan qızıl-zinət əşyaları almış, 800 manat ödəniş etmiş, lakin qalan məbləği iddiaçıya ödəməmişdir. Bu halı Cavabdeh1 Sumqayıt şəhər Polis İdarəsi 4-cü Polis Bölməsində verdiyi ərizəsində etiraf etmişdir. Bundan başqa Cavabdeh2a məhkəmə iclasında verdiyi izahatında da hal-hazırda iddiaçıya borcu olduğunu qəbul etmişdir. Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Məhkəmə onu da qeyd edir ki, hazırkı iş üzrə cavabdeh Polis Bölməsində verdiyi izahatında iddiaçıya 3040 manat məbləğində borcu olduğunu bildirsə də, məhkəmə iclasında verdiyi izahatında iddiaçıdan 4000 manat dəyərində qızıl-zinət əşyaları aldığını və hazırda iddiaçıya 3200 manat məbləğdə borcu olduğunu etiraf etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları Cavabdeh1 qarşı hissədə qismən sübuta yetirə bilmişdir. Belə ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Lakin məhkəmə hesab edir ki, iddia tələbi iki cavabdehə qarşı yönəlsə də, Cavabdeh2 hazırki tələb üzrə hər hansı cavabdehlik daşıması müəyyən edilmədiyindən, o cümlədən bununla bağlı iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən iddia tələbi Cavabdeh2 qarşı hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 3200 manat məbləğində pul alınaraq iddiaçıya verilməli, iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Məhkəmə iddianın mənəvi ziyanla bağlı hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci və 1096.2-ci maddələrinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilir ki, “məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü məddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər şəxsi qeyri-əmlak ziyanı olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər)” hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak ziyanı ilə birlikdə, yaxud əmlak ziyanı vurulmadığı hallarda kompensasiya edilir. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbində cavabdehdən mənəvi ziyan tutulmasını xahiş etsə də, ərizəsində bu halları əsaslandırmamış, o cümlədən məhkəmə iclasında bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, 1000 manat məbləğində mənəvi ziyanın cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi hissəsində iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, vəkilə hüquqi yardıma görə ödənilən xərclərə görə Cavabdeh1 390 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qəbzlərdən görünür ki, İddiaçı tərəfindən Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına ümumilikdə 390 (70+320) manat pul köçürülmüşdür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia qismən (təxminən 75% həcmində) təmin edildiyindən iddiaçı tərəfindən ödənilən dövlət rusumunun 45 manatı Cavabdeh1 tutulmalı, qalan hissəsi isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 3200 (üç min iki yüz) manat pul, vəkilə hüquqi yardıma görə ödənilən 390 (üç yüz doxsan) manat və ödənilmiş dövlət rüsumunun 45 (qırx beş) manat hissəsi tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar