Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5216/2022 13.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi, vəkil Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 11500 manat məbləğində borcun və 126 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 07 iyun 2022-ci il tarixdə, Sumqayıt “ASAN xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusunda kredit müqaviləsi bağlamaqla cavabdehə 1 ay müddətinə 11500 manat məbləğində borc pul vermişdir. Müqavilənin 2-ci bəndinə görə cavabdeh borc pulu 1 ay müddətində qaytarmalı idi. Lakin müddət tamam olsa da, cavabdeh aldığı borcu qaytarmamışdır. Hər dəfə borcunu qaytarması üçün ona müraciət etdikdə o, müxtəlif bəhanələr gətirərək, borcu ödəməkdən yayınır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, cavabdeh onun iş yoldaşıdır. Pulu oğlu hərbi xidmətdə olanda borc kimi almışdı. Lakin, indiyə kimi borcunu qaytarmayıb. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, tərəflər arasında notarial qaydada kredit (borc) müqaviləsi bağlanmış və iddiaçı həmin məbləği cavabdehə vermişdir. Cavabdeh isə öz öhdəliyini yerinə yetirməyərək borcu qaytarmaqdan imtina edir. Müqavilə üzrə notarius tərəfindən icra qeydi verilməyib. Belə ki, iddiaçı birbaşa məhkəməyə müraciət edib. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə göndərilmiş məhkəmə bildirişi rabitə orqanı tərəfindən geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1961-ci ildə, Zəngilan rayonu, Ağbənd kəndində anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. Tərəflər arasında Sumqayıt “ASAN xidmət” mərkəzində Notariat ofisində bağlanmış notarial qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 11500 manat məbləğində pul vermiş, cavabeh isə həmin pulu xx.xx.2022-ci il tarixinə qədər qaytarmağı öhdəsinə götürmüşdür. İşdən göründüyü kimi iddiaçı iddia ərizəsinin verilməsi üçün 126 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən kredit müqaviləsinə görə iştirakçılardan biri (kredit verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (kredit alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (kredit alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində kredit verənə qaytarmağı öhdəsinə götürür (739.1). Kredit müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul kredit verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Öhdəliyə əsasən bir şəxs (kreditlu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə kreditludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi kreditlunun icranı gecikdirməsi sayılır (445.2.1). MPM-ə əsasən icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər (36.11.). İşdən göründüyü kimi iddiaçı notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinə əsasən cavabdehə 11500 manat borc pul vermişdir. Cavabdeh müqavilənin ikinci bəndinə görə aldığı borcu xx.xx.2022-ci il tarixinə qədər qaytarmağı öhdəsinə götürsə də, bu günə qədər aldığı borcu qaytarmamışdır. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və iddiaçının dəlillərini təkzib edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Buna görə də iddia təmin edilməli, 11500 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia təmin edildiyi üçün iddiaçının iddia ərizəsi verilməsi üçün ödədiyi 126 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 11500 (on bir min beş yüz) manat məbləğində pul və ödənilmiş 126 (yüz iyirmi altı) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-5216/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5216/2022
13.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver