Məhkəmə qərarları › İş №2(060)-5218/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5218/2022

06.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5218/2022 06.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, İddiaçı X2 nümayəndəsi-atası Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı alimentin artırılması tələbi barədə iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X9 Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün 2022-ci il yaşayış minumumu nəzərə alınmaqla hər ay hər uşağa sabit pul məbləğində 193 (yüz doxsan üç) manat (cəmi 386 manat) məbləğində aliment o cümlədən hər uşağa görə 50 manat maddi (cəmi 100 manat) yardım ödənilməsi haqqında qətnamə qət edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2013-cü il tarixdə Sumqayıt şəhər nikah evində nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Nikahda olduqları dövrdə xx.xx.2014-cü il təvəllüdlü X10 və xx.xx.2015-ci il təvəllüdlü X11 adlı övladları doğulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-cı il tarixli № 2(060)- 14206/2017 saylı qətnaməsi ilə (hakim Nəriman Abıyev )Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə aylıq 136 (yüz otuz altı) manat olmaqla cəmi 272 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 verilməsi qət olunmuşdur. Cavabdeh işləyir və geniş imkanlı biridir. "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanununa əsasən xx.xx.2017-ci il tarixdən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 (yüz doxsan üç) manat müəyyən edilmişdir. Cavabdeh geniş imkanlara malikdir. İddiaçı isə heç yerdə işləmir, övladını saxlaya bilmir. Hal-hazırda uşaqlar körpə olduqlarından onlara baxmaqda maddi çətinliklər yaranır tez tez xəstələnirlər, iynə dərmanları çox bahadır iddiaçının valideynləri köməklik etsələr belə yenə də maliyyə çətinliyi vardır desə haqsız sayılmaz. Sumqayıt Şəhər Məhkəməsi tərəfindən çıxarılmış №2(060)-14206/2017 saylı qətnamədə qeyd olunmuş aliment məbləği uşağların saxlanılması üçün yetərsizdir və hazırki yaşayış minumumundan aşağıdır. Belə olan halda sabit pul məbləğində aliment təyin edilməsi zəruridir. Məhkəmə iclasında iddiaçı X2 nümayəndəsi-atası Nümayəndə iddia tələbini müdafiə etdi. Cavabdeh alimenti hal-hazırda ödəyir. Aliment borcu yoxdur. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği uşaqların saxlanılmaları üçün kifayət etmir. Qızı işləmir, cavabdeh isə işləyir. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh iddia tələbini qismən qəbul etdi. Bildirdi ki, ailəsinin köməyi ilə ümumilikdə 300 manat məbləğində aliment ödəyə bilər. Nəzərə alınmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-14206/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinin surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-12457/2016 saylı iş üzrə qəbul etdiyi 01 sentyabr 2016-cı il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının artırılaraq xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh 22 sentyabr 2017ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 136,6 manat olmaqla, cəmi 273,2 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X4 verilməsi qət edilmişdir. - xx.xx.2022-ci il tarixli, №- MŞB-5-02294 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. Bəşirova (Həsənova) Aynurə Adil qızının etibarnamə üzrə nümayəndəsi lkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. - doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X8 atası Cavabdeh, anası X5r. - **********9 saylı, xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi DOST Agentliyi 6 saylı DOST Mərkəzinin arayışından görünür ki, Cavabdeh 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-cı il tarixli № 2(060)-14206/2017 saylı qətnaməsi ilə (hakim Nəriman Abıyev ) Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə aylıq 136,6 manat olmaqla, cəmi 273,2 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 verilməsi qət olunmuşdur. Azyaşlı xx.xx.2014-cü il təvəllüdlü X10 və xx.xx.2015-ci il təvəllüdlü X11 hazırda analarının-iddiaçının himayəsindədir və uşaqların saxlanmasında cavabdehin iddiaçıya ödədiyi 273,2 manat azyaşlıların tələbatını ödəmir. Ona görə də iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı iddia tələbini müdafiə edir. Cavabdeh iddia tələbini qismən qəbul edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1.-ci maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 78.1. maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-14206/2017 saylı qətnaməsinə əsasən müəyyən olunmuş aliment miqdarı hazırda xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün kifayət etmir. Belə ki, onların böyüməsi ilə əlaqədar maddi tələbatları getdikcə artır, iddiaçı isə, övladlarının saxlanılmasında maddi baxımdan çətinlik çəkir. Bu halda məhkəmə hesab edir ki, iddiaçının marağı əhəmiyyətli dərəcədə pozulur. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə görə, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2.-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərindən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunun müəyyən edən qanunvercilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Qeyd olunan qərarında məhkəmə sonda belə nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə da qiymət verilməlidir. Bu qərarın birinci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə iddianın maddi yardımın ödənilməsi ilə bağlı hissəsini araşdıraraq belə hesab edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Göründüyü kimi saxlanılmaları üçün maddi yardım tələb edilən uşaqlar xx.xx.2014-cü il təvəllüdlü və xx.xx.2015-ci il təvəllüdlüdür. Onların doğulduğu gündən müvafiq olaraq 8 il və 7 il müddət keçmişdir. Buna görə də iddia tələbi bu hissədə təmin edilə bilməz. Məhkəmə, qanunun qeyd edilən tələblərini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, yetkinlik yaşına çatmayan uşağın mənafeyini, həmçinin onun əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, eləcə də, tərəflərin diqqətəlayiq maraqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-14206/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə tutulmuş alimentin miqdarı dəyişdirilərək Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 160 manat olmaqla ümumilikdə 320 manat sabit pul məbləğində aliment tutulub iddiaçı Bəşirova (Həsənova) Aynurə Adil qızına verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat həcmində dövlət rüsumu ödənilməlidir. Belə ki, iş materiallarında olan qətnamədən də göründüyü kimi, cavabdeh aylıq 273,20 manat sabit pul məbləğində aliment ödəyir. Hazırki halda həmin məbləğ 320 manata artırıldığından bir il ərzində ödəmənin məcmusu artırılan aliment miqdarının bir illik ödəmə məcmusu ilə müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, bir il ərzində alimentin ödənilməli məcmu məbləği 1000 manatadək olduğu üçün (hazırki halda 320-273,2=46,8; 46,8x12=561,6) qanunvericiliyin tələbinə əsasən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq Dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia tələbi qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-14206/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə tutulmuş alimentin miqdarı dəyişdirilərək Cavabdeh hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 160 manat olmaqla ümumilikdə hər ay üçün 320 manat sabit pul məbləğində aliment tutulub iddiaçı Bəşirova (Həsənova) Aynurə Adil qızına verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İddianın verilməsinə görə 30 manat dövlət rüsumu Cavabdeh tutularaq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar