Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5234/2021 22.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 02.05.2005-ci il təvəllüdlü X1 üçün cavabdedən tutulmalı olan alimentin miqdarının hər ay 175 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin 12 iyun 2009-cu il tarixli qətnaməsi ilə cavabdehlə aralarındakı nikah pozulmuş və cavabdehdən 02.05.2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər növ qazancının ¼ hissəsi məbləğində aliment tutulub ona ödənilməsi qət edilmişdir. Lakin cavabdeh hər ay ona 50 (əlli) manat məbləğində aliment ödəmişdir. Sonra “aliment məbləğinin dəyişdirilməsi tələbinə dair” Sumqayıt şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Sumqayıt şəhər Məhkəməsinin 05.08.2013-cü il tarixli, 2(060)-3500/2013 saylı qətnaməsi ilə iddiası təmin olunmamışdır. 20.09.2013-cü ildə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasından Sumqayıt şəhər Məhkəməsinin 05.08.2013-cü il tarixli, 2(060)-3500/2013 saylı qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 14 yanvar 2014-cü il tarixli, 2(105)-129/2014 saylı qətanaməsi ilə iddiası qismən təmin olunmuş, 02.05.2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 27.06.2013-cü il tarixdən başlayaraq cavabdehdən hər ay 93 (doxsan üç) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Övladı Sumqayıt şəhər 1 saylı Uşaq Poliklinikasında “allergik rinit“ diaqnozu ilə qeydiyyatdadır. Böyüdükcə onun saxlanılması üçün çəkilən xərclər də artır. Eyni zamanda xəstəliyinin daim həkim nəzarətində olmasına ehtiyac duyulduğuna görə ödənilən aliment məbləği kifayət etmir. 2021-ci il üçün bir uşağın saxlanılması üçün minimum məbləğ 175 manat müəyyən edilmişdir. Həmçinin, uşağın tərbiyəsi və saxlanması ilə birbaşa olaraq özü məşğul olduğu üçün heç bir yerdə işləmir. Buna görə də, alimentin məbləğinin artırılmasına dair iddia ərizəsi ilə təqdim etmək məcburiyyətində qalmışdır. Yuxarıda qeyd etdikərinə əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə iddia tələbinə etiraz ünvanlayaraq bildirmişdir ki, o, İddiaçı ilə rəsmi nikah qeydiyyatdan keçməklə ailə həyatı qurmuşdur. Birgə nikahdan 02.05.2005-ci il təvəllüdlü X4 adlı bir övladları var. Sumqayıt şəhər Məhkəməsinin 12.06.2009-cu il tarixli qətnaməsi ilə İddiaçı arasında bağlanmış nikahları pozulmuş, ondan 02.05.2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər növ qazancının 1/4 hissəsi məbləğində alimentin tutulub iddiaçıya ödənilməsi qət edilmişdir. İddiaçı 2013cü ildə yenidən məhkəməyə müraciət edərək aliment məbləğinin dəyişdirilməsini tələb etmişdir. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3500/2013 saylı, 05.08.2013-cü il tarixli qətnaməsi ilə iddiaçının iddiası təmin olunmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-129/2014 saylı, 14.01.2014-cü il tarixli qətnaməsi ilə iddiaçının iddiası qismən təmin olunmuş, 02.05.2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün 27.06.2013-cü il tarixdən başlayaraq ondan hər ay 93 (doxsan üç) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Onun maddi maddi vəziyyəti nə qədər çətin olsa da, övladının saxlanması məsuliyyətini dərk edir və bunun üçün də əlindən gələni edir. O, X3 ilə 18.09.2012-ci il tarixdə isə rəsmi nikah münasibətlərinə girərək, ikinci dəfə ailə həyatı qurmuşdur. İkinci rəsmi nikahından 30.07.2012-ci il təvəllüdlü X6 və 08.07.2014-cü il təvəllüdlü X7 adlı iki övladı dünyaya gəlib. Qanunvericilikdə aliment tutulması əsası ilə, alimentin məbləğinin artırılması əsası bir-birindən fərqləndirilmişdir. Aliment məbləğinin artırılması üçün yeganə əsas alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmasıdır. Həmin qətnamədən sonra onun maddi vəziyyətində heç bir dəyişiklik olmamışdır. Qanunvericiliyə görə alimentin müəyyən olunmuş miqdarının dəyişilməsini tərəflərdən biri məhkəmə qaydasında o halda tələb edə bilər ki, alimentin miqdarı müəyyən olunduqdan sonra digər tərəfin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuş olsun. O, yuxarıda qeyd etdiyi kimi ikinci dəfə ailə həyatı qurmuşdur, iki övladı var, maddi vəziyyətində heç bir yaxşılaşma baş verməmiş, əksinə həm ailəsinin böyüməsi, həm də pandemiya dövründə maddi vəziyyəti daha da pisləşmişdir. Yuxarıda göstərdiklərinə əsasən, İddiaçı ona qarşı aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. X4 02.05.2005-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. (İş materiallarına əlavə olunmuş AZ-İİ 915700 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən) Sumqayıt Apelyasiya Məhkəməsinin 14 yanvar 2014-cü il tarixli, 2(105)-129/2014 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt şəhər Məhkəməsinin 05 avqust 2013-cü il tarixli qətnaməsi dəyişdirilmiş, 02.05.2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün 27.06.2013-cü il tarixdən başlayaraq ondan hər ay 93 (doxsan üç) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan AZ-İ 798477 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X5 18.09.2012-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar və bu nikah 654 saylı akt qeydilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Məmmədova verilmişdir. Tərəflərin birgə nikahından 30.07.2012-ci il təvəllüdlü X6 və 08.07.2014-cü il təvəllüdlü X8 anadan olmuşdur (iş materiallarında olan AZE seriyalı 18290734 və 18290735 nömrəli şəxsiyyət vəsiqələrinin surətinə əsasən) Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə qeyd edir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 14 yanvar 2014-cü il tarixli, 2(105)-129/2014 saylı qətnaməsi qəbul olunduğu vaxt tərəflərin birgə nikahından olan uşağın müvafiq olaraq 9 yaşı olmuşdur. Hazırda isə onun 16 yaşı var. Bu isə uşağın saxlanılması üçün zəruri olan xərclərin artmasına səbəb olmuşdur. Həmçinin həmin qətnamə ilə alimentin miqdarı müəyyən edildikdən sonra, yaşayış minimumu haqqında qanunvericiliyin tələbləri dəyişmiş və uşaqların saxlanılması üçün tələb olunan məbləğ artmışdır. Lakin məhkəmə cavabdehin yenidən ailə qurduğunu və himayəsində daha iki azyaşlı övladının olmasını nəzərə alaraq hesab edir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 14 yanvar 2014-cü il tarixli, 2(105)-129/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, 130 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında həmçinin göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki iş üzrə alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsinin 14 yanvar 2014-cü il tarixli, 2(105)-129/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 02.05.2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 130 (yüz otuz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-5234/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5234/2021
22.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver