Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5256/2020 12.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, X4 Kredit Təşkilatı «xxxxxxx» QSC-nin nümayəndəsi X1 iştirakı ilə, X4 Kredit Təşkilatı «xxxxxxx» QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit üzrə əsas borcun və hesablanmış faiz borcunun qaytarılması tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X4 Kredit Təşkilatı «xxxxxxx» QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borclularla “xxxxxxx BOKT” QSC arasında bağlanmış xx.xx.2019-cu il tarixli B00006902- 2019 nömrəli Kredit, ZM1-1-6902-2019 və ZM2-2-6902-2019 saylı zaminlik müqavilələrinə əsasən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ödənilməmiş 1100.51 AZN məbləğində əsas borcu və 488.50 AZN faiz borcu, cəmi 1589.01 AZN məbləğində pulun və ödənilməmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçı “xxxxxxx BOKT” QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X4 Kredit Təşkilatı «xxxxxxx» QSC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, borclu Cavabdeh1 X6 təşkilatı “xxxxxxx BOKT” QSC-yə kreditin ayrılması ilə əlaqədar müraciət etmişdir. Borclunun müraciətinə müvafiq olaraq onunla “xxxxxxx BOKT” QSC arasında xx.xx.2019-cu il tarixli B00006902-2019 nömrəli Kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1 və 2.2-ci bəndlərinə əsasən, borcluya 12 ay müddətinə, illik 39 % (otuz doqquz) olmaqla 1550 (bir min beş yüz əlli) AZN məbləğində kredit verilmişdir. Həmin tarixdə kreditin ödənilməsinin təminatı olaraq cavabdehin zaminləri Cavabdeh2 ilə ZM1-1-6902-2019 saylı və Cavabdeh3 ilə ZM2-2- 6902-2019 saylı zaminlik müqavilələri bağlanmışdır. Kredit müqaviləsinin bağlandığı müddətdən, yəni xx.xx.2019-cu il tarixindən bu günə qədər borclular tərəfindən 1550 manat məbləğində əsas borcun 449.49 AZN və müqavilənin 2.1-ci bəndinə əsasən hesablanmış faiz borcundan 190.75 AZN məbləğini təşkil edən hissəsinin ödənişini həyata keçirmişdir. Bundan əlavə, müqavilənin 7.2-ci bəndinə əsasən 61.76 AZN məbləğində cərimə ödənilmişdir. Beləliklə, hal-hazırda borclunun ödənilməmiş 1100.51 AZN məbləğində əsas borcu və 488.50 AZN faiz borcu, cəmi 1589.01 AZN məbləğində borcu qalmışdır və xx.xx.2020-ci il tarixinə cavabdehin 161 günlük gecikməsi mövcuddur. Təşkilatla borclu arasında bağlanmış xx.xx.2019-cu il tarixli B00006902-2019 nömrəli Kredit müqaviləsinin 5.1.3-ci bəndinə əsasən “Ödəniş Cədvəli” üzrə müddətlər “Kredit alan” tərəfindən 2 (iki) aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 (iki) dəfə pozulduqda “Kreditorun” vaxtından əvvəl tələb etmə hüququ yaranır. Ona görə də nümayəndə iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvanına məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsi barədə bildirişlərə və SS669082819AZ saylı poçt göndərişinin izlənməsi barədə çıxarışa əsasən) bildiriş göndərilsə də, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan X4 Kredit Təşkilatı «xxxxxxx» QSC ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli B00006902-2019 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 X6 Təşkilatı «xxxxxxx» QSC-dən 12 ay müddətinə, illik 39% olmaq şərti ilə 1550 manat məbləğində kredit götürmüşdür. xx.xx.2019-cu il tarixli, ZM1-1-6902-2019 və ZM2-2-6902-2019 nömrəli zaminlik müqavilələrinə əsasən, Cavabdeh2 və Cavabdeh3 kreditor qarşısında borclu Cavabdeh1 xx.xx.2019-cu il tarixli B00006902-2019 saylı krediti müqaviləsi üzrə öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti tam olaraq üzərinə götürmüşlər. İşdə olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, X4 Kredit Təşkilatı «xxxxxxx» QSC ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli B00006902- 2019 saylı Kredit müqaviləsi üzrə Cavabdeh1 1100,51 manat əsas borc və 488,50 manat faiz borcu olmaqla, cəmi 1589,01 manat məbləğində borcu vardır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli B00006902-2019 saylı kredit müqaviləsi imzalanmışdır. İddiaçı sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu Cavabdeh1 öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə X6 Təşkilatı «xxxxxxx» QSC-yə borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. İşdən görünür ki, kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə X6 Təşkilatı «xxxxxxx» QSC tərəfindən cavabdehlərə xx.xx.2020-ci il tarixli, 0690 və 0427 nömrəli xəbərdarlıq məktubları göndərilmiş, lakin qanunda müəyyən edilmiş müddətin keçməsinə baxmayaraq cavabdehlər borcun ödənilməsini təmin etməmişdir. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Mülki Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Hazırki iş üzrə zaminlik müqaviləsində borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminin Bank qarşısında məsuliyyəti tam olaraq öz üzərinə götürdüyü və Borclu ilə birlikdə Bank qarşısında məsuliyyət daşıdığı nəzərdə tutulmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə yaranmış 1100,51 manat əsas borcun və 488,50 manat faiz borcunun əsas borclu və zamin olan cavabdehlərdən iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbi əsaslıdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 1100.51 (bir min yüz manat, əlli bir qəpik) manat məbləğində əsas borcu və 488.50 (dörd yüz səksən səkkiz manat, əlli qəpik) manat faiz borcu olmaqla, cəmi 1589.01 (bir min beş yüz səksən doqquz manat, bir qəpik) manat məbləğində borc və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq X6 Təşkilatı «xxxxxxx» QSC-nin hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-5256/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5256/2020
12.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver