Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5284/2025 14.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pulun tutulması tələbinə dair iş üzrə (açar sözlər: pulun tutulması, məhkəmə aidiyyəti) Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pulun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İddia tələbi, məhkəmə icraat iştirakçılarının izahatları
1. İddiaçı cavabdehə qarşı pulun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 28560 manat pul və ödədiyi 176 manat dövlət rüsumunun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Ramilə adlı tanışının vasitəsilə tanımışdır. Cavabdeh 35000 manat məbləğində qızıl-zinət əşyasını nisyə vemiş, sonuncu həmin məbləği hissə-hissə geri qaytaracağı barədə öhdəlik götürmüşdür. Dəfələrlə cavabdehə pulunun geri qaytarılmasını tələb etsə də, sonuncu pulu ödəməkdən boyun qaçırmışdır. 2024-cü ildə Sumqayıt ŞPİ-nin müraciət etdiyi üçün həmin məbləğdən 5000 manat pul ödəmişdir. Hazırda cavabdehin ona 28560 manat borcu qalmışdır. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur.
3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, onunla cavabdeh arasında bir neçə dəfə qızıl alqı-satqısı olub. Lakin heç vaxt bu məsələyə görə müqavilə bağlamamışlar. O, sonuncu dəfə cavabdehə 35000 manat dəyərində nisyə qızıl satmış, həmin qızılın dəyərindən cəmi 5000 manat qaytarılmışdır. Həmin qızılları cavabdehə satış məqsədilə vermişdir. Qarşı tərəf də özünü ona qızıl satışı ilə məşğul olan şəxs kimi təqdim etmişdir. Lakin cavabdeh VÖEN-i olması barədə ona hər hansı məlumat verməmişdir. İşin aidiyyəti üzrə digər məhkəməyə göndərilməsinə etiraz edir. Belə ki, əvvəl polisə müraciət etmiş, polis işin mülki xarakterli olduğunu qeyd edib onu məhkəməyə yönəltmişdir. İndi isə məhkəmə onu kommersiya məhkəməsinə yönəldir. İşin hazırkı məhkəmədə baxılmasını xahiş edir.
4. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə əsasən) xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsininn səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir; Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır; Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır; Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir; Maddə 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Maddə 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Maddə 32.5. Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Maddə 32.6. İş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Maddə 32.7. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir.
6. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.
7. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli Qərarı: “10. ... Belə ki, MPM-nin 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur.
11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.”
Məhkəmənin mövqeyi
8. Məhkəmə iddiaçını dinləyib, iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, mülki iş məhkəmə aidiyyəti üzrə göndərilməlidir.
9. İşdən görünür ki, tərəflərdən İddiaçı (VÖEN **********) və Cavabdeh (VÖEN **********) hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdirlər. İddiaçıya məxsus VÖEN-nin təyinatı ixtisaslaşdırılmış mağazalarda saatların və zərgərlik məmulatlarının pərakəndə satışı, cavabdehə məxsus VÖEN-nin təyinatı kosmetoloji mərkəz tərəfindən xidmətlərin göstərilməsi ilə əlaqədardır.
10. Mübahisənin predmeti iddiaçının əmlak xarakterli mənafeyidir.
11. Hüquq münasibəti xarakterinə görə sahibkarlıq fəaliyyətindən irəli gələn münasibətlərə uyğun gəlir. O baxımdan ki, tərəflər arasındakı münasibətlər sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranmış, tərəflər arasında qızılın alışı-satışı barədə etibarlı şifahi razılaşmalar, mal dövriyyəsi olmuş, bu razılaşmalar əsasında cavabdeh iddiaçıdan nisyə mal alaraq satmış, daha sonra pulunu iddiaçıya ödəmişdir.
12. Göründüyü kimi, mübahisənin predmeti və hüquq münasibətinin xarakteri baxımından hazırkı mübahisə kommersiya xarakterli mübahisədir. Tərəflər arasındakı mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranmışdır. İddiaçının izahatında qeyd etdiyi hallar (tərəflər arasında yazılı müqavilənin və cavabdehin VÖEN-i barədə məlumatının olmaması) işin kommersiya məhkəməsində baxılmasını istisna etmir.
13. Beləliklə, məkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, kommersiya subyektlərinin tərəf olduğu kommersiya mübahisələri ilə bağlı ərizələrə kommersiya məhkəmələrində baxılmalı olduğundan, hazırkı ərizə məhkəmə aidiyyəti qaydalarının pozulması ilə Sumqayıt Şəhər Məhkəməsinə verildiyindən, iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir.
14. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 24.2, 26.1, 32, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı Cavabdeh qarşı pulun tutulması tələbinə dair iddia ərizəsi üzrə iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.
Hakim Pərvin İmamverdiyeva