Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5290/2024 24.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASCnin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 5047,69 manat əsas borc, 437,26 manat faiz borcu və 183,08 manat cərimə borcu olmaqla, ümumilikdə 5668,03 manat borcun və 76,68 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli kredit verilməsinə dair razılaşmaya əsasən Cavabdeh1 İddiaçı ASC-dən illik 17 faiz olmaqla, 36 ay müddətinə 7000 manat kredit götürmüşdür. xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin təminatı olaraq xx.xx.2022-ci il tarixində Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. 2024-cü il mayın 30-dək Cavabdeh1 banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 5047,69 manat əsas borc, 437,26 manat faiz borcu və 366,15 manat cərimə borcu olmaqla, ümumilikdə, 5851,1 manat borcu vardır. Cavabdeh1 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 366,15 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50 faizi miqdarında olmaqla, yəni 183,08 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırır.
Tərəflərin mövqeləri:
3. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakları olmadan keçirilərək iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh1 izahatında bildirdi ki, iddia tələbini qəbul edir. İşsiz olduğu üçün borcu ödəməmişdir. Bankla razılığa gəldikdən sonra borcu ödəyəcəkdir.
5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədqiq olunan sübutlar:
6. İddiaçı ASC ilə Cavabdeh1 arasında əldə olunmuş xx.xx.2022-ci il tarixli kredit verilməsinə dair 4-Z1-1-0-3629-22 saylı razılaşmadan görünür ki, Cavabdeh1 İddiaçı ASC-nin İdarə Heyətinin qərarı ilə təsdiqlənmiş və bankın internet səhifəsində yerləşdirilmiş bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlərinin bütün müddəaları və tələbləri ilə razı olduğu, bu razılaşmanın imzalanması nəticəsində həmin standart şərtlərin gələcəkdə onunla bank arasında yaranan münasibətlərə şamil edilməsinə etiraz etmədiyini bildirmiş, bank isə 36 ay müddətinə illik 17 faiz ödəmək şərtilə 7000 manat məbləğində kredit verməyi barədə öhdəlik götürmmüşdür.
7. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 4-Z1-1-0-3629-22 saylı, xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixli, 4-Z1-1-0-3629-22 saylı kredit müqaviləsində bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etmək üçün məsuliyyəti öz üzərinə götürmüşdür.
8. 30.05.2024-cü il tarixdə göndərilmiş xəbərdarlıq məktublarından görünür ki, İddiaçı ASC tərəfindən cavabdehlərdən müqavilə üzrə yaranmış borcun xəbərdarlıq məktubunu aldığı vaxtdan 5 gün müddətində İddiaçı ASC-yə tam şəkildə ödəmələri tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
9. İddiaçı ASC tərəfindən tərtib edilmiş 30 may 2024-cü il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixli, 4-Z1-1-0-3629-22 saylı kredit müqaviləsi üzrə 5047,69 manat əsas borc, 437,26 manat faiz borcu, 366,15 manat cərimə olmaqla, cəmi 5851,1 manat borcu vardır.
Məhkəmə baxışının hədləri:
10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin :
- 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. - 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 739-cu maddəsinə əsasən (əvvəlki redaksiya) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 421.2-ci maddəsinə görə Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. - 421.3-cü maddəsinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. -472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. -472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. -472.3-cü maddəsinə görə birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
13. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
14. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
15. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Cavabdeh1 İddiaçı ASC-nin İdarə Heyətinin qərarı ilə təsdiqlənmiş və bankın internet səhifəsində yerləşdirilmiş bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlərinin bütün müddəaları və tələbləri ilə razı olduğu, bu razılaşmanın imzalanması nəticəsində həmin standart şərtlərin gələcəkdə onunla bank arasında yaranan münasibətlərə şamil edilməsinə etiraz etməyəcəyi, bank isə 36 ay müddətinə illik 17 faiz ödəmək şərtilə 7000 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. Qeyd edilən müqavilənin təminatı olaraq zaminlik müqaviləsi bağlanmış və Cavabdeh2 həmin müqavilə üzrə öhdəliyin icra edilmədiyi halda məsuliyyəti öz üzərinə götürmüşdür.
16. Cavabdehlər tərəfindən müqavilə üzrə borcun ödənilməsi tam təmin edilmədiyindən iddiaçı tərəfindən onlara bildiriş göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
17. Göründüyü kimi, iddiaçı ilə Cavabdeh1 arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. İddiaçı qeyd olunan müqavilə üzrə üzərinə düşən vəzifəni yerinə yetirərək müqavilədə qeyd olunan məbləği cavabdehə vermiş və onlar ödənişlərin müddəti və məbləği barədə razılığa gəlmişlər. Lakin Cavabdeh1 üzərinə düşən öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə onun iddiaçı qarşısında icra edilməmiş öhdəliyi yaranmışdır.
18. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsas borcun ödənilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir.
19. Məhkəmə iddianın faiz borcunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, 30 may 2024-cü il tarixli maliyyə arayışında cavabdehin 437,26 manat faiz borcunun olduğu göstərilmişdir. Məhkəmə hesab edir ki, tələb bu hissədə təmin edilməli, cavabdehdən 437,26 manat faiz borcu alınaraq iddiaçıya verilməlidir.
20. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək cərimə məbləğinin 50 (əlli) manat məbləğinə qədər azaldılmasını məqsədə müvafiq hesab edir.
21. Məhkəmə iddianın Cavabdeh2 qarşı hissəsinə münasibətdə qeyd edir ki, iddia ona aid hissədə də əsaslı olduğundan təmin edilməlidir.
22. Belə ki, tərəflər arasında bağlanmış 4-Z1-1-0-3629-22 saylı, xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixli, 4-Z1-1-0- 3629-22 saylı kredit müqaviləsində bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etmək üçün məsuliyyəti öz üzərinə götürmüşdür.
23. Mülki qanunvericiliyə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyinin) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır.
25. Məhkəmə qeyd edir ki, 4-Z1-1-0-3629-22 saylı, xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsində zaminlik müqaviləsi ilə bağlı mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi və s.) kifayət qədər aydın göstərilmişdir. Belə ki, həmin müqavilənin 2.1-ci bəndində qeyd edilmişdir ki, müqavilə ilə kreditin qaytarılma müddəti 36 ay olmaqla, illik 17 faizlə 7000 manat məbləğində pul vəsaiti və kredit üzrə ödənişlər gecikdirildiyi halda illik 180 faizlə gecikdirilmiş ödənişin əsas borc məbləğinə cərimə kimi hesablanacaq məbləğ zaminliklə təmin edilir.
26. Həmin müqavilənin 4.1-ci bəndində qeyd edilmişdir ki, zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyır.
27. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən kreditin məbləği, ondan istifadəyə görə hesablanan faizlər, dəbbə pulu (cərimə və penya), borc tutulması üzrə məhkəmə xərcləri daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyırlar.
28. Beləliklə, məhkəmə hesab edir ki, qeyd edilən müqavilə üzrə zamin Cavabdeh2 borclu Cavabdeh1 tərəfindən sözügedən müqavilə üzrə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə həmin öhdəliyin icra edilməsi üçün borclu ilə birgə məsuliyyət daşıması ilə bağlı üzərinə öhdəlik götürmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, iddia Cavabdeh2 dair hissədə də təmin edilməlidir.
29. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5047,69 manat əsas borc, 437,26 manat faiz borcu, 50 manat cərimə olmaqla, cəmi 5534 (beş min beş yüz otuz dörd) manat, 95 (doxsan beş) qəpik məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 75 (yetmiş beş) manat, 34 (otuz dörd) qəpik hissəsi tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
Nəticə:
30. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5047,69 manat əsas borc, 437,26 manat faiz borcu, 50 manat cərimə olmaqla, cəmi 5534 (beş min beş yüz otuz dörd) manat, 95 (doxsan beş) qəpik məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 75 (yetmiş beş) manat, 34 (otuz dörd) qəpik hissəsi tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva