Məhkəmə qərarları › İş №2(060)-5304/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5304/2023

22.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5304/2023 22.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin Cavabdeh qarşı “borcun tutulması tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyəti Cavabdeh qarşı “borcun tutulması tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən X11 İddiaçı ASC-dən illik 17 faizlə 36 ay müddətinə 15900 manat məbləğində kredit götürmüşdür. Ədliyyə Nazirliyi Sumqayıt şəhəri 3 saylı Notariat ofisi tərəfindən verilmiş 978 №-li, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X9 vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın 1/2 hissəsinə mülkiyyət hüququ vardır. 2023-cü ilin iyunun 24-dək X9 banka 29 aprel 2022-ci il tarixli kredit müqaviləsi üzrə 14504,16 manat əsas, 2019,37 manat faiz borcu, 2209,07 manat cərimə borcu olmaqla, ümumilikdə 18732,6 manat borcu vardır. X9 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 2209,07 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 552,27 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. Göstərilənlərə əsasən Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 14504,16 manat əsas, 2019,37 manat faiz, 552,27 manat cərimə borcu olmaqla, ümumilikdə 17075,80 manat məbləğində borcun və 141,23 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. İddiaçı ASC tərəfindən məhkəməyə ərizə ilə müraciət edilərək, işə onların nümayəndələrinin iştirakı olmadan baxılması və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

4. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

6. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

7. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

8. Məhkəmə, cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

9. İş materiallarında olan İddiaçı ASC ilə X11 arasında bağlanmış 29 aprel 2022-ci il tarixli nağd kredit verilməsinə dair bank xidmətlərinin göstərilməsi üzrə Standart Şərtlərə dair razılaşmaya əsasən bank tərəfindən X10 36 ay müddətinə, illik 17 faiz dərəcəsi ilə, 15900 manat məbləğində kredit verilmişdir.

10. İşin materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, X9 xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-yə 14504,16 manat əsas borc, 2019,37 manat faiz, 2209,07 manat cərimə borcu olmaqla, cəmi 18732,6 manat borcu vardır.

11. İş materiallarında Sumqayıt şəhər 3 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən verilmiş 25 mart 2023-cü il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»nin surətindən surətindən görünür ki, xx.xx.2022-ci ildə vəfat etmiş X9 vərəsələri- Cavabdeh 3/10 hissədə, X7 1/10 hissədə, X4 1/10 hissə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak, “X13 Azərbaycan” QSC-nin tərəfindən xx.xx.2022-ci il tarixli, 02034 nömrəli məktubuna əsasən, X9 cari AZN hesablarının xx.xx.2022-ci il tarixinə qalıqları 13173,73 manatın 1/2 hissəsindən ibarətdir.

12. İş materiallarında olan Sumqayıt şəhər 3 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş mülkiyyət hüququ haqqında xx.xx.2023-cü il tarixli şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X9 sağ qalmış arvadı Cavabdeh–onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ vardır. Cavabdeh mülkiyyət hüququ haqqında şəhadətnamə verilən ümumi birgə əmlak “X13 Azərbaycan” QSC-nin tərəfindən xx.xx.2022-ci il tarixli, 02034 nömrəli məktubuna əsasən, X9 cari AZN hesablarının xx.xx.2022-ci il tarixinə qalıqları 13173,73 manatdan ibarətdir. O cümlədən ölmüş ərin ümumi əmlakdan payı “X13 Azərbaycan” QSC-nin tərəfindən xx.xx.2022-ci il tarixli, 02034 nömrəli məktubuna əsasən, X9 cari AZN hesablarının xx.xx.2022-ci il tarixinə qalıqları 13173,73 manatın 1/2 hissəsindən ibarətdir.

13. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıqdan görünür ki, cavabdehə kredit müqaviləsi üzrə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

14. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ASC ilə X11 arasında bağlanmış 29 aprel 2022-ci il tarixli nağd kredit verilməsinə dair bank xidmətlərinin göstərilməsi üzrə Standart Şərtlərə dair razılaşmaya əsasən bank tərəfindən X10 15900 manat məbləğində kredit verilmiş, X11 xx.xx.2022-ci il tarixdə vəfat etmiş, mərhum X9 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri olan Cavabdeh, X5 və X1 üzrə vərəsəlik hüququ haqqında haqqında şəhadətnamə verilmiş, kreditor mülki qanunvericiliyin göstərişlərinə istinad edərək borclunun hüquqi varisi Cavabdeh borclunun miras passivinə görə mülki məsuliyyət daşıdığını iddia edir və borcun ödənilməsini tələb edir.

15. Təqdim edilmiş sənədlərdən göründüyü kimi iş üzrə Cavabdeh borclu X3 üzrə vərəsəsidir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

17. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

18. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

19. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

21. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar.

22. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

23. Eyni Məcəllənin 1255-maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

24. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər.

25. Məhkəmə işin faktiki hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 739, 1306-ci maddəsinin tələblərinə əsasən qiymət verərək hesab edir ki, iddiaçının iddia tələbi qismən əsaslıdır. Cavabdeh borclunun (miras qoyanın) kredit müqaviləsindən irəli gələn öhdəlikləri üzrə onun qanun üzrə vərəsəsi kimi məsuliyyət daşıyır.

26. Mülki qanunvericiliyin göstərişinə görə mirası qəbul etmiş vərəsə miras payı həcmində miras qoyanın kreditorları qarşısında məsuliyyət daşıyır.

27. Araşdırılan mübahisədən göründüyü kimi vərəsə tərəfindən qəbul edilən miras kütləsi – vəfat etmiş borclunun bank hesabındakı 13173,73 manat pulunun 3/10 hissəsidir ki, həmin məbləğ də 3952,11 manat təşkil edir. Bu hal da borc məbləğinin vərəsəyə keçmiş miras pay həcmindən artıq olduğunu göstərir.

28. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 3952,11 (üç min doqquz yüz əlli iki manat, on bir qəpik) manat məbləğində pul alınaraq "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinə ödənilməli, ödənilmiş 141,23 (bir yüz qırx bir manat, iyirmi üç) manat məbləğində dövlət rüsumunun 50 (əlli) manatı cavabdehdən tutularaq iddiaçıya verilməli, qalan 91,23 (doxsan bir manat, əlli üç qəpik) manatı isə iddiaçıya aid edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

31. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməkləə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

32. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir

Nəticə hissəsi:

36. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh 3952,11 (üç min doqquz yüz əlli iki manat, on bir qəpik) manat məbləğində pul alınaraq "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinə ödənilsin. Məhkəmə xərcləri iş üzrə tərəflər arasında bölüşdürülsün və ödənilmiş 141,23 (bir yüz qırx bir manat, iyirmi üç) manat məbləğində dövlət rüsumunun 50 (əlli) manatı cavabdehdən tutularaq iddiaçıya verilsin, qalan 91,23 (doxsan bir manat, əlli üç qəpik) manatı isə iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar