Məhkəmə qərarları › İş №2(060)-5312/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5312/2021

08.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5312/2021 08.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə 08 iyul 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18.03.2019-cu tarixli müqaviləyə əsasən Samsung LED markalı televizor üçün 1253 manat ödənilməmiş hissə, 372 manat dəbbə pulu borcu, 18.04.2019-cu il tarixli müqaviləyə əsasən Samsung markalı paltaryuyan və LG markalı soyuducu üçün 2037 manat ödənilməmiş hissə, 592 manat dəbbə pulu borcu, ümumilikdə 4254 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq “ABC TELECOM" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 18.03.2019-cu il və 18.04.2019-cu il tarixli müqavilələrə əsasən, Samsung LED markalı televizor, Samsung markalı paltaryuyan və LG markalı soyuducu almış və nəticədə 4254 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 18.03.2019-cu tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1860 manat (12 ay x 155 manat + 0 manat ilkin ödəniş) Samsung LED markalı televizor üçün ümumilikdə, 1625 manat olmaqla ondan, 1253 manat ödənilməmiş hissə, 372 manat dəbbə pulu borcu; 18.04.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2538 manat (18 ay x 141 manat + 0 manat ilkin ödəniş) olan Samsung markalı paltaryuyan və LG markalı soyuducu üçün ümumilikdə, 2629 manat olmaqla ondan, 2037 manat ödənilməmiş hissə, 592 manat dəbbə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1108 manat təşkil etmişdir. Ona görə də iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, həqiqətən də "xxxx" MMC-dən 18.03.2019-cu il və 18.04.2019-cu il tarixli müqavilələrə əsasən, Samsung LED markalı televizor, Samsung markalı paltaryuyan və LG markalı soyuducu almışdır. Əvvəllər ödəniş etsə də, sonradan ödənişlərini dayandırmışdır. İddiaçı tərəfindən ona həddən artıq cərimə borcu hesablanmışdır. Tək qadındır. Maddi imkanı aşağıdır. Kafedə qabyuyan işləyir. Bu səbəbdən cavabdeh məhkəmədən cərimə borcunun azaldılmasını xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə iddiaçının nümayəndəsi məhkəmə baxış iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 18.03.2019-cu tarixli 00569373 saylı, 18.04.2019-cu il tarixli 00619762 saylı alqı-satqı müqavilələrindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən Samsung LED markalı televizor, Samsung markalı paltaryuyan və LG markalı soyuducu almışdır. İş materiallarında olan 19 may 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-yə hər üç müqavilə üzrə ümumilikdə 4254 manat məbləğində borcu vardır. İşdə olan 11.10.2019-cu il tarixli bildirişdən görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh yazılı bildiriş ünvanlanmışdır. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 18.03.2019cu tarixli 00569373 saylı, 18.04.2019-cu il tarixli 00619762 nömrəli alqı-satqı müqavilələri bağlanmış, iddiaçı tərəf müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, cavabdeh hər iki müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqavilələri üzrə yaranmış 3290 (1253+2037) manat borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış 964 (372+592) manat məbləğində dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Bu səbəbdən iddia həmin hissədə qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu qismində 30 (10+20) manat pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia qismən (təxminən 80% həcmində) təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 30 manat dövlət rusumunun 24 manatı cavabdehdən tutulmalı, 6 manatı isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 18.03.2019-cu tarixli müqaviləyə əsasən Samsung LED markalı televizor üçün 1253 (bir min iki yüz əlli üç) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu borcu, 18.04.2019-cu il tarixli müqaviləyə əsasən Samsung markalı paltaryuyan və LG markalı soyuducu üçün 2037 (iki min otuz yeddi) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat dəbbə pulu borcu, ümumilikdə 3320 (üç min üç yüz iyirmi) manat borc və 24 (iyirmi dörd) manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar