Məhkəmə qərarları › İş №2(060)-5314/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5314/2021

18.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5314/2021 18.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 05.11.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********72111 olan Xiaomi Mi A3 markalı telefon üçün 343 manat ödənilməmiş hissə, 102 manat dəbbə, 26.11.2019-cu il tarixli müqaviləyə əsasən Samsung Galaxy A70 markalı telefon üçün 870 manat ödənilməmiş hissə, 243 manat dəbbə və 20.01.2020-ci il tarixli müqaviləyə əsasən X3 10 markalı telefon üçün 1962 manat ödənilməmiş hissə, 604 manat dəbbə ümumilikdə 4124 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 05.11.2019-cu il, 26.11.2019-cu il və 20.01.2020-ci il tarixli müqavilələrə əsasən, Cavabdeh "xxxx" MMC-dən əşyalar almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 588 manat olan (12 ay x 49 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********72111 olan Xiaomi Mi A3 markalı telefon, alqı-satqı qiyməti 1160 manat olan (18 ay x 58 manat + 116 manat ilkin ödəniş) Samsung Galaxy A70 markalı telefon və alqı-satqı qiyməti 2205 manat olan (12 ay x 168 manat + 189 manat ilkin ödəniş) X3 10 markalı telefon üçün cəmi 778 manat ödəniş etmişdir. Odur ki, iddiaçı məhkəmədən iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 05.11.2019-cu il, 26.11.2019-cu il və 20.01.2020-ci il tarixli müqavilələrdən görünür ki, Cavabdeh dəyəri 588 manat olan İMEİ kodu **********72111 olan Xiaomi Mi A3 markalı telefon, dəyəri 1160 manat olan Samsung Galaxy A70 markalı telefon və dəyəri 2205 manat olan X3 10 markalı telefon almışdır. - Əşyaların təhvil-təslim aktlarından görünür ki, İMEİ kodu **********72111 olan Xiaomi Mi A3 markalı telefon, Samsung Galaxy A70 markalı telefon və X3 10 markalı telefon Cavabdeh təhvil verilmişdir. - "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 12 ay müddətinə, ilkin ödənişsiz, aylıq ödəniş 49 manat olmaqla, 588 manat dəyərində İMEİ kodu **********72111 olan Xiaomi Mi A3 markalı telefon almışdır; 18 ay müddətinə, 116 manat ilkin ödənişlə, aylıq ödəniş 58 manat olmaqla, 1160 manat dəyərində Samsung Galaxy A70 markalı telefon almışdır; 12 ay müddətinə, 189 manat ilkin ödənişlə, aylıq ödəniş 168 manat olmaqla, 2205 manat dəyərində X3 10 markalı telefon almışdır; - "xxxx" MMC-nin cavabdehə ünvanlanan xəbərdarlıq məktubun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh "xxxx" MMC ilə bağlanmış 05.11.2019-cu il, 26.11.2019-cu il və 20.01.2020-ci il tarixli müqavilələrə əsasən əşyalar almış, onların 3953 manat olan ümumi dəyərindən 778 manat ödəniş etmiş və nəticədə 3175 manat borc yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi,alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək. sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 05.11.2019-cu il, 26.11.2019-cu il və 20.01.2020-ci il tarixli əşyaların alqı satqısına dair müqavilələr mahiyyət etibarilə nisyə alqı-satqı müqaviləsidir. Borclu götürdüyü əşyalara görə hər ay pul ödəməyinə dair öhdəlik götürmüş, lakin həmin öhdəlik cavabdeh tərəfindən lazımınca icra edilməmiş, malların 3953 manat olan ümumi dəyərindən 778 manat ödəniş etmiş və nəticədə 3175 manat borcu yaranmışdır. Ona görə də iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. İddia tələbindən göründüyü kimi cavabdehdən eyni zamanda 05.11.2019-cu il tarixli müqaviləyə əsasən hesablanmış 102 manat, 26.11.2019-cu il tarixli müqaviləyə əsasən 243 manat və 20.01.2020-ci il il tarixli müqaviləyə əsasən 604 manat məbləğində dəbbə pulunun tutulması tələb olunur. Məhkəmə, işin hallarını nəzərə alaraq hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksək miqdarda müəyyən edilmişdir və tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə iddianın cərimə borcu hissəsinə münasibətdə qeyd edir ki, cavabdehdən 05.11.2019-cu il tarixli müqaviləyə əsasən 20 manat, 26.11.2019-cu il tarixli müqaviləyə əsasən 50 manat və 20.01.2020-ci il il tarixli müqaviləyə əsasən 100 manat məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 170 manat məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Odur ki, iddia bu hissədə qismən təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan və tutulmalı məbləğ 500 manatdan yuxarı olduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, cavabdehdən ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-230-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İMEİ kodu **********72111 olan Xiaomi Mi A3 markalı telefon üçün 343 manat ödənilməmiş hissə, Samsung Galaxy A70 markalı telefon üçün 870 manat ödənilməmiş hissə və X3 10 markalı telefon üçün 1962 manat ödənilməmiş hissə olmaqla, ümumilikdə 3,175 manat borc, cəmi 170 manat dəbbə pulu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3375 manat pul tutularaq iddiaçı "xxxx" MMC-ə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar