Məhkəmə qərarları › İş №2(060)-5326/2021

Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(060)-5326/2021

29.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5326/2021 29.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, imzalanmış iltizama əsasən cavabdehdən yaranmış 1460 (min dörd yüz altmış) manat kirayə borcunun, ümumilikdə 170 (bir yüz yetmiş) manat kommunal xərclərinin, məhkəməyə müraciət üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, 2019-cu ilin may ayından ona məxsus ünvan 1 ünvanında yerləşən mənzili Cavabdeh aylıq 200 (iki yüz) manat ödəməklə kirayəyə vermişdir. 2020-ci il 11 mart tarixindən 11 noyabr tarixinə qədər 8 ay ərzində 140 (yüz qırx) manat kirayə haqqı ödəmiş, 1100 (min yüz) manat borcu qalmışdır. Ödəməli olan kommunal xərclər isə qaz pulu- 42,8 manat (qırx iki manat səksən qəpik), su pulu-36 (otuz altı) manat, işıq pulu- 71 (yetmiş bir) manat, məişət tullantıları xərci- 18 (on səkkiz) manat, lift pulu- 4 (dörd) manat, ümumilikdə 170 (yüz yetmiş) manat təşkil edir. Əslində qalan kirayə borcu 1460 (min dörd yüz altmış) manatdır. Ancaq o, cavabdehə güzəştə gedərək, kirayə haqqı 140 manatdan hesablamışdır. Cavabdeh özü də borc məbləğini yazılı şəkildə qeyd etmişdir ki, 2020-ci ilin dekabr ayı, 2021-ci ilin yanvar ayı, 2021-ci ilin fevral ayında ödəmədiyi təqdirdə ona etdiyi güzəşt ləğv olunacaq və kirayə borcu 1460 (min dörd yüz altmış) manat olacaqdır. Borclu şəxs kimi öz imzasını da çəkmişdir. X4 da şahid kimi yazılı sənədi imzalamışdır. Qeyd olunan müddətdən- 2021-ci ilin fevral ayından 3 ay keçməsinə baxmayaraq, caavbdeh hələ də borcunu ödəməmişdir və ona xeyli miqdarda maddi ziyan vurmuşdur. Məsələ ilə bağlı 06.01.2021-ci ildə Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə ərizə ilə müraciət etmişdir. Sumqayıt ŞPİ-nin 3-cü PB-nin 24.05.2021 -ci il tarixli cavab məktubunda qeyd olunur ki, bu məsələ məhkəmənin səlahiyyətindədir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq, imzalanmış iltizama əsasən cavabdehdən yaranmış 1460 (min dörd yüz altmış) manat kirayə borcunun, ümumilikdə 170 (bir yüz yetmiş) manat kommunal xərclərinin, məhkəməyə müraciət üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. İddiaçı məhkəməyə yazılı ərizə ilə müraciət edərək, işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İşə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238-ci maddəsinə əsasən, işə qiyabi icraat qaydasında baxılmalıdır. Məhkəmədə şahid X5 bildirdi ki, o, ev alqı-satqısı ilə məşğul olur. İddiaçının mənzili onun vasitəsi ilə kirayə verilmişdir. Onda olan məlumata görə iddiaçı ilə cavabdeh arasında kirayə müqaviləsi bağlanmışdır. Cavabdeh kirayəşin kimi birinci ayı ödəniş etsə də, sonradan üç dörd ay ödəniş edə bilməmişdir. Cavabdeh mənzildə tək qalırdı və usta işləyirdi. Hazırda iddiaçının mənzilində kimin qalması barədə məlumatı yoxdur. Məhkəmə İddiaçı və şahid X2 izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan Daxili İşlər Nazirliyi Sumqayıt ŞƏhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin 24.05.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı şikayət ərizəsinə baxılmış və tələbin məhkəmə baxışının predmeti olduğundan iddia ərizəsi ilə şikayət etdiyi şəxsin yaşayış yeri üzrə müvafiq məhkəməyə müraciət etmək hüququnun olmasını bildirmişdirlər. İş materiallarında olan Cavabdeh əlyazmasından görünür ki, 2019-cu ilin may ayından İddiaçı məxsus 4-cü mikrorayon, ev 1/70, mənzil 22-ni aylıq 200 manat olmaqla, kirayə götürmüşdür. 2020-ci ilin 11 mart 11 noyabr tarixinə kimi 8 ay ərzində yalnız 140 manat kirayə haqqı ödəmişdir. Yerdə qalan məbləğin razılıq əsasında 1100 (min yüz) manat ödəməlidir. Əgər o, bu məbləği qeyd edeceyi tarixdə verməsə, ona olunan güzəşt ləğv olunacaq və o, 1460 (min dörd yüz altmış) manat verməli olacaqdır. Həmçinin ödəməli olan kommunal xidmətlər; qaz pulu 42,8 manat, su pulu 36 manat, işıq pulu 71 manat, məişət tullantılarına görə 18 manat, lift pulu 4 manat onun tərəfindən ödənilməlidir. İş materiallarında olan “Qeydiyyat Vəsiqəsi”nin surətindən görünür ki, ünvan 1 şəxsi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmışdır. İş materiallarında olan abuna saldolarından görünür ki, İddiaçı məxsus Sumqayıt şəhəri, 4-cü mikrorayon, B: 1/70, mənzil 22-yə "xxxx" ASC tərəfindən 70,83 manat, "xxxx" ASC tərəfindən 35,50 manat, “Azəriqaz” İB-tərəfindən 42,80 manat borc hesablanmışdır. İş materiallarında olan AZE seriyalı, № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Sumqayıt şəhəri, məhəllə 5, ev 16/13, mənzil 21-də qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı, № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 1-də qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinə görə, hər kəsin mənzil toxunulmazlıq hüququ vardır. “İnsan Hüquqlarının və X3 Haqqında” Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 683.2-ci maddəsinə əsasən əgər kirayə müqaviləsi bağlandıqdan sonra yaşayış otağı kirayəçisinin həmin otağın bir hissəsini istifadə üçün hər hansı üçüncü şəxsə verməyə əsaslı marağı vardırsa, bunun üçün kirayəyə verəndən icazə almaq hüququna malikdir, bu şərtlə ki, obyektiv baxıldıqda üçüncü şəxs icazədən imtina üçün mühüm əsaslar verməsin, yaşayış otağı həddindən artıq yüklənməsin və ya kirayəyə verənin bu cür ikinci əldən kirayəyə adətən yol verdiyi ehtimal edilsin. Əgər kirayəyə verən bu cür ikinci əldən kirayəyə yalnız kirayə haqqının ağlabatan dərəcədə artırılması şərti ilə yol verirsə, icazə verməsini kirayəçinin belə artımla razılaşması ilə şərtləndirə bilər. Kirayəçinin ziyanına olaraq bundan kənaraçıxmalar barəsində razılaşmanın qüvvəsi yoxdur. Həmin Məcəllənin 686-cı maddəsinə əsasən əgər tərəflərdən biri öhdəliklərini öz təqsiri üzündən o dərəcədə pozursa ki, otaqların kirayəsi müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsi digər tərəf üçün yolverilməz olur, onda hüquq münasibətləri xəbərdarlıq müddəti gözlənilmədən ləğv edilə bilər. Tərəflərin bu maddənin göstərişlərinə zidd olan razılaşmasının qüvvəsi yoxdur. Həmin Məcəllənin 689.2-ci maddəsinə əsasən əgər kirayə müqaviləsində müddət müəyyənləşdirilməyibsə, kirayə hüquq münasibətlərinin istənilən iştirakçısı bu Məcəllənin 690-cı maddəsinin göstərişlərinə uyğun olaraq müqavilənin ləğvinə dair bildiriş verə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbayçan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh edilənləri nəzərə alaraq məhkəmə, Cavabdeh 1460 (min dörd yüz altmış) manat kirayə borcunun, ümumilikdə 170 (bir yüz yetmiş) manat kommunal xərclərinin, məhkəməyə müraciət üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238-240 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1460 (min dörd yüz altmış) manat kirayə borcunun, ümumilikdə 170 (bir yüz yetmiş) manat kommunal xərclərinin, məhkəməyə müraciət üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilsin. Cavabdeh qətnamənin surətini aldıqdan sonra, 10 (on) gün müddətinə həmin qətnamənin ləğvi üçün Sumqayıt Şəhər Məhkəməsinə ərizə verə bilər. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar