Məhkəmə qərarları › İş №2(060)-5357/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-5357/2022

01.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5357/2022 01.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Hüseynov Elmir Xoşbəxt oğlu, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair sadələşdirilmiş qaydada verilmiş ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, məhkəmə, müəyyən etdi: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İşin hallarından göründüyü kimi iddia məhkəməyə müraciət edilənədək ölmüş şəxsə qarşı qaldırılmışdır. Bununla iddiaçı tərəfindən qanunveriliyin göstərişləri pozulmuşdur. Bu baxımdan məhkəmə hesab edir ki, işə hazırkı halda məhkəmədə baxıla bilməz. İddiaçıya izah olunmalıdır ki, miras qoyanın hüquqi varislərinə qarşı tələblə məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 284-4-cü maddəsinə əsasən məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından bu Məcəllənin 153.2-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmişdirsə; verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə; verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa imtina edir. Mülki iş materiallarından görünür ki, ərizəyə 30 manat dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilmişdir. Azərbaycan Respublikası MPM-nin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasinin Qanununun 5.1.1-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş «Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması» Qaydalarının 2.1.1-ci bəndinə əsasən qanunla müəyyən edilmiş miqdardan artıq dövlət rüsumu ödənildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Həmin Qanunun 5.3-cü maddəsinə əsasən düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumu dövlət rüsumunun ödəyicisinin ərizəsinə əsasən 20 gün müddətində ona qaytarılır. 5.4. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması üçün 5 il ərzində iddia verilə bilər. 5.5. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə hesab edir ki, ərizə məhkəməyə verilərkən MPM-nin 284-4-cü maddəsinin tələbi pozulduğundan, kiçik iddialara dair sadələşdirilmiş qaydada verilmiş ərizənin qəbulundan imtina edilməlidir. Həmçinin həmin iddiaya görə xx.xx.2022-ci il tarixdə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. "xxxx" KB ASC-nin xx.xx.2022-ci il tarixdə “X1 vasitəsi ilə ********* nömrəli qəbzlə (transaksiya **********64) ödəmiş olduğu 30 manat məbləğində dövlət rüsumu "xxxx" KB ASC-yə geri qaytarılsın. Qərardadın icrası, dövlət rüsumunun qaytarılmasına dair hissədə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sumqayıt şəhəri üzrə Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar