Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-536/2022 08.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək ona dəymiş 950 manat məbləğində ziyanın cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının qonşusudur. Sumqayıt şəhəri 9-cu mikrorayon ev 9D, mənzil 22-də yaşayan Cavabdeh hamamının su qovşağından yaranmış nasazlıqdan iddiaçının mənzilinə su axmışdır. Nəticədə iddiaçının mənzilinin hamamının tavanı yararsız hala düşüb, mətbəxin bir divarı nəmlənib. Bununla da mənzilin divar kağızı yararsız hala düşmüşdür. Hətta Sumqayıt şəhər 9 saylı MİS tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli aktından görünür ki, cavabdeh dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq heç bir nəticə verməmişdir. Bu hadisə dəfələrlə təkrarlanmışdır. Bu səbəbdən məhkəməyə iddia ərizəsi ilə müraciət etmək məcburiyyətindədir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və iş üzrə icraat ekspert rəyi məhkəməyə daxil olanadək dayandırılmışdır. xx.xx.2022-ci il tarixində iş üzrə ekspert rəyi məhkəməyə daxil olmuş və iş üzrə icraat təzələnmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1970-ci ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh xx.xx.1979-cu ildə ünvan 2 ünvanında qeydiyyatdadır. 9 saylı Mənzil Kommunal Sahəsinin xx.xx.2021-ci il tarixli, 1174 saylı arayışına əsasən cavabdeh Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 9D, mənzil 22 ünvanında yaşayır. 9 saylı Mənzil Kommunal Sahəsinin xx.xx.2021-ci il tarixli, 1175 saylı arayışına əsasən iddiaçı ünvan 1 ünvanında yaşayır. 9 saylı Mənzil Kommunal Sahəsinin sahə ustası X1, MKTİB-in aparıcı mühəndisi Mehdi İsgəndərli və Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 9D mənzil 24-də yaşayan Habil Yusubov tərəfindən tərtib edilərək imzalanmış və həmin MKS-in möhürü ilə təsdiq edilmiş aktda göstərilmişdir ki, iddiaçının yaşadığı mənzilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, cavabdehin hamamından su qovşağından yaranmış nasazlıqdan mənzil 20-yə su axıdılmışdır. Nəticədə mənzilin hamamının tavanı yararsız hala düşmüşdür. İddiaçı cavabdehə dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq heç bir nəticə verməmişdir. İş materiallarına iddiaçıya məxsus mənzilə aid olan fotoşəkillər əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/1860 saylı ekspert rəyində göstərilmişdir ki, iddiaçıya məxsus 20 saylı mənzilin binanın 2-ci mərtəbəsində cavabdehə məxsus 22 saylı mənzilin isə binanın 3-cü mərtəbəsində yerləşdiyini, 20 saylı mənzilin dəhliz və mətbəx tikilisində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu, həmçinin mülki iş materiallarının məlumatlarını nəzərə alaraq Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən 9D nömrəli evi mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 22 saylı mənzildən su axıdıldığı və nəticədə 20 saylı mənzilin dəhliz və mətbəx tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən 9D nömrəli evin 20 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçüün yerinə yetirələcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 705 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2.). Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır (21.3.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (1096.1.). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.2). Sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Göründüyü kimi hazırkı halda iddia tələbinin təmin edilməsi üçün iddiaçıya iddia ərizəsində göstərilən məbləğdə maddi ziyanın cavabdehin təqsirli hərəkətləri nəticəsində vurulduğu sübut edilməlidir. Göründüyü kimi iddiaçının mənzilinə suaxma nəticəsində maddi ziyan dəymişdir. İddiaçı onun mənzilinə suyun ondan yuxarı mərtəbədə yerləşən 22 saylı mənzildən axıdıldığını bildirir. Cavabdeh 22 saylı mənzildə qeydiyyatda olmaqla orada yaşayır. Qeyd edilən halın müəyyən edilməsi üçün məhkəmə tərəfindən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekspert rəyində isə iddiaçının yaşadığı mənzilə 20 saylı mənzildən su axıdıldığı və mənzilə 705 manat məbləğində maddi ziyan dəydiyi müəyyən edilmişdir. MPM-ə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər (97.1.). Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir (101.7.). Məhkəmə hesab edir ki, iddiaçıya məxsus olan mənzilə həmin binanın 22 saylı mənzilindən su axıdılması nəticəsində ziyan dəyməsi ekspert rəyi ilə təsdiq edildiyindən və cavabdeh tərəfindən həmin halı inkar edən hər hansı sübut təqdim edilmədiyindən iddia 705 manat məbləğində dəymiş maddi ziyanın ödənilməsi hissəsində təmin edilməli və iddiaçıya dəymiş 705 manat məbləğində maddi ziyanın əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində göstərilmişdir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (119.1.). İddia qismən təmin edildiyi üçün iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatı cavabdehə aid edilməlidir. Həmçinin ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul da cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Vurulmuş maddi ziyanın əvəzi olaraq 705 (yeddi yüz beş) manat pul və 15 (on beş) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-536/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-536/2022
08.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver