Məhkəmə qərarları › İş №2(060)-537/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-537/2025

11.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-537/2025 11.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia qaldıraraq cavabdeh ilə iddiaçı arasında bağlanmış 13 fevral 2024-cü il tarixli, TPP-1065-3753-24 saylı kredit müqaviləsinə əsasən cavabdehdən 100 manat əsas kredit borcu, 156 manat faiz, 18 manat komissiya və 101 manat cərimə borcu olmaqla, cəmi 375 manat, həmçinin 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə cavabdeh X1 arasında bağlanmış 13 fevral 2024-cü il tarixli, TPP1065-3753-24 saylı kredit müqaviləsinə əsasən cavabdehə 06 ay müddətinə, 100 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini iddiaçı qarşısında icra etməyən cavabdehin iddiaçıya xx.xx.2024-cü il tarixinə 100 manat əsas kredit borcu, 156 manat faiz, 18 manat komissiya və 101 manat cərimə borcu olmaqla, cəmi 375 manat borcu qalmaqdadır. Cavabdehə dəfələrlə müraciət edilməsinə baxmayaraq,cavabdeh müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir.

Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, 100 manat məbləğində borc götürmüşdür. Maddi imkanı olmadığı üçün ödəniş edə bilmir.

Tədqiq olunan sübutlar:

5. İddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, TPP-1065-3753-24 saylı kredit müqaviləsindən görünür ki, kreditverən borcalanın istifadəsinə 5 ay güzəşt müddəti olmaqla 100 manat məbləğində krediti təqdim etməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və onu müəyyən olunmuş müddətdə və qaydada bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən ödəniş cədvəlinə əsasən kreditverənə qaytarmağı öhdəsinə götürmüşdür.

6. xx.xx.2024-cü il tarixli ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə ödənişlərin icra edilməsi müddəti xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müəyyən edilmişdir.

7. 19.07.2024-cü il tarixli bildirişdən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən cavabdehə 3 iş günü ərzində gecikdirilmiş borc borcu ödəməsi təklif olunmuş, əks halda müqavilə öhdəliklərinə lazımı qaydada əməl edilmədiyi üçün tələbkar hüquqlarından istifadə edərək müqavilənin şərtlərinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə uyğun olaraq yaranmış borc məbləğinin tam qaytarılması və girov predmetinə yönəldilməsi üçün iddia tələbi ilə məhkəməyə müraciət olunacağına dair xəbərdarlıq olunmuşdur.

8. İddiaçı "xxxx" ASC tərəfindən tərtib edilmiş 13 avqust 2024-cü il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, Cavabdeh 100 manat əsas borc, 156 manat faiz borcu, 101 manat cərimə olmaqla, cəmi 375 manat borcu vardır.

Tətbiq edilən hüquq:

9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. -743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. -743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarı:

- Borcalana bildiriş verilməsi və ya məhkəmə qərarının (o cümlədən birbaşa borcalana qarşı iddia tələbi irəli sürülmədən müvafiq tarixə yaranmış borcun ipoteka predmetinin hərracdan satılması hesabına tutulması barədə məhkəmə aktının) qəbul edilməsi ilə tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv edilmiş hesab edilərsə, bu halda həmin tarixdən sonrakı dövr üçün bank kredit müqaviləsi üzrə faiz və dəbbə pulunu borcalandan tələb etmək hüququnu itirməklə borcludan yalnız öhdəliyin icrasının gecikdirilməsi nəticəsində yaranmış zərəri (Mülki Məcəllənin 443-cü maddəsi) və (və ya) pul öhdəliyinin icra edilməməsindən irəli gələn məsuliyyət üzrə digər vəsaiti tələb edə bilər.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

11. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.

12. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

13. İş materialarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, kreditverən borcalanın istifadəsinə 5 ay güzəşt müddəti olmaqla 100 manat məbləğində krediti təqdim etməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və onu müəyyən olunmuş müddətdə və qaydada bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən ödəniş cədvəlinə əsasən kreditverənə qaytarmağı öhdəsinə götürmüşdür.

14. Cavabdeh tərəfindən müqavilə üzrə borcun ödənilməsi tam təmin edilmədiyindən iddiaçı tərəfindən ona bildiriş göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

15. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. İddiaçı qeyd olunan müqavilə üzrə üzərinə düşən vəzifəni yerinə yetirərək pul vəsaitini cavabdehin hesabına köçürmüş və onlar ödənişlərin müddəti və məbləği barədə razılığa gəlmişlər. Lakin Cavabdeh müqavilədən irəli gələn kreditin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi yaranmışdır.

16. İddiaçı tərəfindən tələb edilən komissiya haqqına münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 3.8-ci bəndinə əsasən borcalan kreditin təhlili və sənədləşdirilməsinə görə kreditverənə 18 manat məbləğində birdəfəlik komissiya haqqı ödəyəcəkdir. Borcalan qeyd edilən komissiya haqqının ödənişini əsas borcun tam şəkildə ödənildiyi gün həyata keçirəcəkdir. Qeyd olunan müqavilə şərtindən göründüyü kimi tərəflər arasında əsas borcun tam ödənildiyi gün 18 (on səkkiz) manat komissiya haqqının ödənilməsi də razılaşdırılmışdır. Lakin cavabdeh tərəfindən əsas borcla yanaşı, həmin məbləğdə borc verənə ödənilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia komissiya haqqının tutulması hissəsində əsaslıdır.

17. Məhkəmə iclasında iştirak edən cavabdeh borc məbləğini qəbul etdiyini, maddi imkanı olmadığı üçün borcu ödəyə bilmədiyini bildirmişdir.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

19. İddiaçı tərəfindən tələb edilən 101 manat cərimə borcuna münasibətdə məhkəmə işin hallarını, o cümlədən tərəflərin həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, 101 manat təşkil edən cərimə məbləğinin 2 (iki) manatadək azaldılmasını məqsədəmüvafiq hesab edir.

20. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsas borcun və faiz borcunun ödənilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir.

21. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 100 manat əsas borc, 156 manat faiz, 18 manat komissiya, 2 manat cərimə borcu olmaqla, cəmi 276 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul vəsaiti tutularaq "xxxx" ASC-yə ödənilməlidir.

Nəticə:

22. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh 100 manat əsas borc, 156 manat faiz, 18 manat komissiya, 2 manat cərimə borcu olmaqla, cəmi 276 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul vəsaiti tutularaq "xxxx" ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar